Kəlbəcərin dağları Gəncədən daha yaxşı görsənir...

Mədəniyyət

18.10.2020 - 22:44

Balaları gülə-gülə yatırdıb, ağlayıram, yatmıram ki gecələr

 

Mərhum Sücaət Kəlbəcərli və Bəhmən Vətənoğlu Kəlbəcər işğal olunanda, dost-tanışlarının israrlarına rəğmən heç bir bölgəyə, hətta paytaxt Bakıya belə, köçməmiş, Gəncədə yaşamağı seçmişdilər. Səbəb də onu göstərmişdilər ki, Kəlbəcərin dağları Gəncədən daha yaxşı görsənir. Bu, elə bir vətən eşqi, elə bir vətən yanğısı idi ki, bu yanğını və bu eşqi heç nə söndürə bilməmişdi. Buna görə də Sücaət şeirlərinin birində yazırdı:

 

Yurd-yuvamız viran olub, talanıb,

Bulaqların nəğməsi də bulanıb.

Addım-addım o dağları dolanıb,

Yoxlayıram, yatmıram ki, gecələr.

 

Taleyimiz dərdimizi qudurdub,

Vətən dərdi Sücaəti oturdub.

Balaları gülə-gülə yatırdıb,

Ağlayıram, yatmıram ki gecələr.

 

Sücaətin yoxladığı dağlar Kəlbəcərin Gəncədən görünən dağları idi. Əli çatmasa da, ünü yetməsə də, Kəpəzdən boylanıb özünü ovutmağa, addım-addım dolandığı dağların qayğısına qalmağa çalışırdı - amma uzaqdan, toxunmadan və qoxusunu hiss etmədən. Sücaətin Vətən həsrətindən dustaqlığa gedən yolu da məhz içindəki sevgidən qaynaqlanmışdı. Belə ki, bir uşağı Kəlbəcərdə maşın vurub öldürür. Sücaət nə olduğunu soruşur. Vəzifəli bir nəfər isə uşağın ünvanına söyüş söyür və yolda nə gəzdiyini deyir. Bundan qəzəblənən Sücaət onu vurur və həbs edilir.

Dərddən pərvazlanan şair... » www.GUNAZ.az

Mərhum şair şeirlərinin birində keçdiyi bu məşəqqətli yolu belə izah edir:

 

Taleyi şil-şikəst, fikri sağ oldum,

Sevinci bir zərrə, dərdi dağ oldum.

Gah xəstə, gah əsir, gah dustaq oldum,

Qoymadım quruya gözü anamın!

 

Sücaət, etdilər talan ömrümü,

Kor olsun daşlara çalan ömrümü.

Talanan talanıb, qalan ömrümü,

Ömrünün üstünə yazın anamın!

 

Şeirlərində Vətən həsrətini, məmləkət sevgisini əks etdirən şair, əslində əsərlərində yurd-yuvasından didərgin düşməyin əzab-əziyyətini təcəssüm etdirirdi. O, Vətəni bu cür müqayisəsiz və nümunəvi sevirdi.

 

Qohumları, dost-tanışları qaçqınlıq illərində şeirlərini kitab halında nəşr etdirmək istəyəndə, “Zəhmət çəkməyin, şeirlərimin dildən-dilə düşməsi, canlı kitab olması mənim üçün ən böyük mükafatdır. Kitab çap etməklə şair olmaz” demişdi El şairi.

 

Çünki Sücaət haqqında ən gözəl söz, ən gözəl təqdimat elə onun misraları, dillər əzbəri olan şerləri idi:

 

Güldüm, gülüşümü qəm qucaqladı,

Ağladım, gözümün yaşı da yandı.

Gözlər mənə elə-belə baxır ta,

Həsrət oda yandırır da, yaxır da.

 

Sücaət ömrünün sonuna qədər Kəlbəcərsiz, qaçqın-köçkün kimi Gəncədə yaşadı, əgər buna yaşamaq demək olardısa… Əzab-əziyyət içində yanıb qovrula-qovrula, inləyə-inləyə, Kəlbəcərə ağı deyə-deyə yaşadı. Yaşaya bilmədi, yandı Kəlbəcər həsrətindən:

 

Yanmışamsa, külüm hanı?

Obam hanı, elim hanı?

Qardaş, belə zülüm hanı?

Sən ağlama, mən ağlayım.

 

Yaxud,

 

Taladılar, alovlara çatdılar,

Gözüm kimi saxladığım illəri!

Xoşbəxtlikdən bulaq kimi durulub,

Tərtər kimi çağladığım illəri!

Kəlbəcər ən son videolardan - YouTube

Bu dünyada zalım düşmənin caynağında gözləri yol çəkən Kəlbəcər var. Kəlbəcəri və Kəlbəcərin timsalında torpaqlarımızı itirəndən sonra başıaşağı yaşamağa da öyrəşmişdik. Lakin vaxt gəldi, vədə yetişdi və artıq Kəlbəcər həsrətinə son qoymağın, Kəlbəcərə qovuşmağın bir addımlığının sevinci ilə yaşayır kəlbəcərlilər və bütün Azərbaycan. Başdan-ayağa dərd, başdan-başa intizar və Vətən həsrəti ilə zəngin olan, alışıb-yanan Sücaət bu günləri görmədi. Kim bilir, Kəlbəcər həsrətindən məhv olan olan şair bu gün Kəlbəcərə qovuşmağn bu qədər yaxın, bu qədər əlçatan olduğunu görüb-eşitsəydi neylərdi, nə hisslər keçirərdi? Görəsən yenə

 

Günəş gəzib yorulanda,

Sazın simi qırılanda,

Göydə qartal vurulanda,

Məni yada sal, a dağlar.

 

Qayaları ələ döndər,

Cığırları telə döndər,

Sücaəti külə döndər,

Bir “Kərəmi” çal, a dağlar.

 

deyərdi, yoxsa Kəlbəcərə qovuşmağın bir addımlığından yazardı?

 

Amma artıq məzarında rahat yat, Kəlbəcərin Kəlbəcərsiz şairi! Ruhunun şad olmasına az qalıb!

 

Mənim ürəyimdi, mənim canımdı,

Düşmən süngüsünə keçən Kəlbəcər.

İndi ondan-bundan qiymət gözləyir,

Aqili nadandan seçən Kəlbəcər.

 

Tər-tər, qəmli-qəmli axar sızıldar,

Dağlar gözlərini sıxar sızıldar.

Dağılmış evlərə baxar sızıldar,

Əsir düşüb, zəhər içən Kəlbəcər.

 

Sücaət, neyləyək baxt belə baxtdı,

Darıxma, hər şeyi həll edən vaxtdı.

Bir gün gülə-gülə qayıdacaqdı,

Ağlaya-ağlaya köçən Kəlbəcər!

Müəllif: Mərahim Nəsib