“İrəvan təkliflər paketimizi qəbul etməsə, Bakı başqa vasitələrə əl atacaq”

Aktual

30.11.2022 - 18:30

 

Fərid Şəfiyev: “Avropa İttifaqının vasitəçiliyinin üzərindən xətt çəkmək hələ tezdir”

Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində yaradılmış danışıqlar formatının ləğvi gündəmdədir. Səbəb isə rəsmi İrəvanın üçtərəfli görüş formatında dəyişiklik etmək cəhdi ilə bağlıdır. Ötən həftə Bakıda keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Aİ Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistan Baş naziri Nikol Paşinyan və özünün iştirakı ilə keçirilməli olan görüş ləğv edilib. 

"Növbəti görüş dekabrın 7-də Brüsseldə keçirilməli idi. Çünki son görüşdə biz noyabr ayında görüşməyə qərar verdik. Lakin sonra - oktyabrın sonunda Prezident Putin Soçidə görüş təyin etdi. Ancaq Hikmət Hacıyev mənə məlumat verdi ki, Prezident Şarl Mişelin ofisindən onunla əlaqə saxlayıblar, bildiriblər ki, Paşinyan görüşə bir şərtlə razılıq verib ki, Prezident Makron da orada iştirak etsin. Təbii, bu da o deməkdir ki, Praqadan sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək", - deyə Azərbaycan lideri vurğulayıb. 

Ölkə başçısı deyib ki, Praqa görüşü oktyabrın 6-da olub və bir həftədən az müddət sonra Fransa Prezidenti Emmanuel Makron öz müsahibəsində Azərbaycana “hücum” edib: "Etmədiyimiz işlərdə bizi günahlandırdı. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu… Bunun ardınca Fransanın Frankofoniya Sammitində bizə qarşı hücum cəhdi oldu. Bütün bunları nəzərə alsaq, aydın olur ki, belə bir şəraitdə Fransa Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz". 

"Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk Qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub. Deməli, bu, o deməkdir ki, dekabrın 7-də Brüssel görüşü baş tutmayacaq və baxaq görək, hansı alternativimiz olacaq, vasitəçi kim olacaq, platforma harada olacaq", - deyə Əliyev qeyd edib. 

Brüssel formatının taleyinin necə olacağı, yeni danışıqlar platformasının mümkünlüyü ilə bağlı AYNA-nın suallarını Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri, politoloq Fərid Şəfiyev cavablandırıb.

- Prezident dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşün ləğv olduğunu açıqladı. Bununla demək olarmı ki, Brüssel formatı gündəmdən çıxdı?

- Demək olmaz ki, gündəmdən çıxdı. Görüşün niyə ləğv olduğunu Prezident açıqladı, səbəbi göstərdi. Məsələ burasındadır ki, Avropa İttifaqının təşəbbüsü ilə keçən ilin dekabr ayında bir danışıqlar formatı yaradıldı. Orada razılıq əldə edildi ki, bu, üçtərəfli format olacaq. Bu formatda da Brüsseldə üç görüş keçirilib. Sadəcə Praqada görüş formatı fərqli oldu, Fransa Prezidenti xahiş edib ki, görüşdə o da iştirak etsin. Azərbaycan da buna simvolik olaraq icazə verib. İndi Ermənistan tərəfi yenidən Fransa Prezidentinin iştirakını istəyir. Dördtərəfli format yoxdur. Bu, Ermənistan tərəfinin uydurmasıdır. Digər yandan, rəsmi İrəvan istəyir ki, Fransa tərəfini də danışıqlarda iştirakçı, vasitəçi kimi cəlb etsin. Məqsədləri aydındır. Fransanı danışıqlara vasitəçi etməklə nələrsə əldə etməyə çalışırlar. Amma rəsmi Bakı buna "yox" dedi. 

- Bundan sonra danışıqlar formatı necə olacaq?

- Danışıqlarda iki format var: Brüsseldə aparılan üçtərəfli danışıqlar və Moskvada aparılan üçtərəfli danışıqlar. Yəni ki, vasitəçi kimi iki qüvvə mövcuddur, Avropa İttifaqı və Rusiya. Rusiyanın sonuncu təklifləri bizi qane etmir. Bəlkə, bundan sonra Moskvanın yanaşması dəyişəcək, "Qarabağın statusu" məsələsi təkliflərdən çıxarılacaq, bunu demək çətindir. Avropa İttifaqının təkliflərinin, ümumiyyətlə, vasitəçiliyinin üzərindən indi xətt çəkmək məncə, tezdir. Tovia Klaar Bakıya gəldi, sonra açıqlama verdi ki, Azərbaycan Brüssel formatını dəstəkləyir, Avropa İttifaqının vasitəçiliyində maraqlıdır. Ola bilsin ki, Brüssel İrəvanla danışıqlar aparacaq, Fransanın formata qoşulmasının qarşısını alacaq və üçtərəfli format bərpa olunacaq. 

Eyni zamanda, ABŞ görür ki, Brüssel formatı sual altına düşüb, ona görə də, bəlkə, çalışır ki, Vaşinqtonun vasitəçiliyi ilə danışıqlar olsun, görüş keçirilsin. Xatırladım ki, xarici işlər nazirləri səviyyəsində Vaşinqtonun vasitəçiliyi ilə görüşlər keçirilib. Eyni zamanda, Prezidentin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında da ABŞ-da təmaslar olub. Ola bilsin, ABŞ düşünür ki, Brüssel formatı uğurlu olmasa, Vaşinqton vasitəçiliyə başlasın. 

Bilirsiniz, söhbət təkcə formatdan da getmir, əsas söhbət İrəvanın Azərbaycan tərəfindən irəli sürülmüş 5 maddədən ibarət sülh paketindən gedir. Bakı təkliflərini irəli sürüb. İrəvan bununla razılaşacaqsa, o zaman nəticə əldə ediləcək. Olmayacaqsa, o zaman yəqin ki, Azərbaycan başqa vasitələrə əl atacaq. 

- Yeri gəlmişkən, bu günlərdə ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə xüsu nümayəndəsi Filip Riker Bakıya səfər etdi, Prezident İlham Əliyevlə danışıqlar apardı. Bundan sonra açıqlama verdi ki, ABŞ regionda sülhün yaranmasında maraqlıdır. Eyni zamanda, Bakı-İrəvan-Tiflis formatından danışdı. Belə yeni bir formatda danışıqlar mümkündürmü?

- ABŞ-ın regionla bağlı bir sıra maraqları var. Onlardan ən əsası odur ki, Cənubi Qafqazda təhlükəsizlik bərpa olunsun. Və Amerika regionu Rusiyanın təsiri altından çıxarmaq istəyir. Vaşinqton başa düşür ki, münaqişələr regionu təsir altında saxlamaq baxımından Rusiya üçün alətdir. Ona görə də bu aləti sıradan çıxarmaq istəyir. Bəzən deyirlər ki, ABŞ Ermənistanı dəstəkləyir, yaxud da Azərbaycanı dəstəkləyir. Belə deyil, ABŞ-ın regionla bağlı maraqları mövcuddur ki, bu maraqları dəstəkləyir. Eyni zamanda, ABŞ üçün Azərbaycan əhəmiyyətlidir, çünki regionda güc Azərbaycandır. Hərbi, siyasi, iqtisadi potensial da Azərbaycandadır.

Bakı-İrəvan-Tiflis platformasına gəlincə, təbii ki, ABŞ bu formatda maraqlıdır. Yenə deyirəm, ABŞ görür ki, Brüssel formatı sual altına düşə bilər. Bu halda, Bakı-İrəvan-Tiflis platforması Vaşinqton üçün məqbuldur. Nəzərə almaq lazımdır ki, bu formatı da Bakı təklif etmişdi. Bu, ABŞ-ın maraqlarına uyğun gəlir ki, dəstəkləyir. ABŞ-ın marağında üç istiqamət var: Azərbaycanla Ermənistan arasında sülh prosesi, Türkiyə ilə Ermənistan arasında normallaşma, bir də Azərbaycan-Ermənistan-Gürcüstan platforması. Yeri gəlmişkən, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması da Vaşinqtonun marağındadır. Hətta illər əvvəl belə təşəbbüs olmuşdu, Sürix protokollarına vasitəçilik etmişdi və s. Təbii, Bakı-İrəvan-Tiflis platforması perspektivlidir. Amma Azərbaycanla Ermənistan arasında sülh sazişi olmadan bu platformanın inkişafı sual altındadır. 

- ABŞ rəsmiləri, həmçinin, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin də sülhə töhfə verə biləcəyini qabardırlar. Bir növ, "xalq diplomatiyası"na çağırış edirlər...

- Tək ABŞ yox, Avropa da bu istəqamətdə nələrsə etməyə çalışır. Amma açığını deyim ki, mən "xalq diplomatiyası"nın effektiv olacağını düşünmürəm. Əvvəl hökumətlər sülhlə bağlı razılığa gəlməlidir. 30 il ərzində müxtəlif şəhərlərdə Ermənistan və Azərbaycandan olan müəyyən təşkilatlar, vətəndaş cəmiyyəti nümayəndələri, ziyalılar görüşüblər, müzakirələr aparıblar. Onların heç bir effekti olmayıb. Ona görə ki, erməni cəmiyyəti hələ sivil səviyyəyə çatmayıb. İkincisi, "xalq diplomatiyası" effektiv olan münaqişələrə baxsaq, görərik ki, onların hökumətləri əvvəlcə müəyyən razılığa gəlib, sonra vətəndaş cəmiyyətləri görüşüb, dil tapıblar. 

Ekspertlərə gəlincə, açığını deyim ki, biz çalışmışıq, cəhd etmişik. Söhbət bizim Mərkəzdən gedir. Üç dəfə ermənilərlə görüşmək, müzakirə aparmaq üçün müraciət etmişik. Üç platformada - Moskvada, Cenevrədə və Tiflisdə görüş təklif etmişik. Təəssüflər olsun ki, ermənilər bundan imtina ediblər. Hətta bəzi görüşlər ermənilər tərəfindən axırıncı gün ləğv edilib. Biz xoş niyyətimizi göstəririk, amma ermənilər razı deyillərsə, özləri bilərlər. Axırda uduzan ermənilər olacaq.

Müəllif: Anar Bayramoğlu