İndi o sahillərdə başqa rüzgarlar əsir...

Dünya

09.04.2020 - 10:45

Koronavirus bütün ölkələrin daxili nizamını pozub

 

Azərbaycanda koronavirusun yayılmasına qarşı xüsusi karantin rejimi elan olunub və bu çərçivədə bir sıra qadaöalar tətbiq edilib. Qadağa və məhdudiyyətlərin nələrdən ibarət olması vətəndaşlarımıza bəllidir.

 

Maraqlıdır, başqa ölkələrdə karantin rejimi necə tətbiq olunur? Həmçinin, evdə qalan insanlara dövlət nə cür yardım edir? AYNA mövzu üzrə xaricdə yaşayan bəzi soydaşlarımızla həmsöhbət olub.

 

ABŞ-da yaşayan Elgün Xanoğlanlı: “Burada ciddi karantin rejimi mövcuddur. Amma dövlət insanlara yardım edir. Belə ki, böyüklərə 1200 dollar, uşaqlara isə 500 dollar yardım verilir. Artıq banklar kreditlərin faiz ödənişlərini dayandırıb. Kirayədə qalan insanlar isə kirayəhaqqının yarısı ödəyəcəklər”.

 

Nigeriyada yaşayan Billurə Bernard: “Bütün ölkələrdə olduğu kimi Nigeriyada da vəziyyət eynidir. Amma virusun yayılması pik nöqtədə deyil. Dövlət tədbirlər görür: Məktəblər bağlıdır, şirkətlər işləmir. Yalnız qida istehsalı ilə məşğul olan şirkətlər işləyir. Bəzi insanlar evdən onlayn işləyirlər. Əhaliyə yardıma gəlincə, dövlət hələ heç bir yardım planı açıqlamayıb. Sadəcə imkanlı şəxslər özləri kasıb ailələrə yardım edirlər. Nigeriyada problem ondadır ki, yerli əhalinin sayı çoxdur. Nigeriyada da iqtisadiyyat çöküb”.

 

İspaniyada yaşayan Fərid Mustafayev: “Virusun bu qədər ciddi problem olmasına inanmıram. İspaniyada karantin uzun zamandır davam edir. Mənim fikrimcə, bu virus məsələsini çox şişirdiblər, bunun altında daha başqa məsələlər dayanır. Mən evdə oturmuram, amma böyük şəhərlərə də daxil olmuram. Evimdən bağıma 15-20 km yol var. Ora gedəndə görürəm ki, yollarda heç kim yoxdur. İnsanlar karantin rejiminə riayət edirlər. Maraqlısı odur ki, şəhərlərdə insan olmadığı halda şəhərlərdə hərbçilərin sayı çoxdur. Eyni zamanda, şəhərlərdə çox sayda tanklar var. Yeraltı maşın parklama yerlərində yüzlərlə əsgər saxlanılır. Onların isə nə maskaları var, nə əlcəkləri. Amma deməliyəm ki, ölkədə 9000-dən çox insan bu virusdan ölüb. Onların da 95 faizi təqaüdçülərdir. Sanki təqaüd verməmək üçün “təmizlik işləri” aparılır. Dövlətdən heç bir yardım yoxdur. Sadəcə sözdə deyilib ki, 3 ay ərzində əhalidən kommunal xərclər alınmayacaq. Növbəti aylara fakturalar əlavə olunacaq. Dövlət ödəmələrini banklar bizdən soruşmadan artıq hesabımızdan çıxır. Kiçik biznes iflasa uğrayıb”.

 

Rusiyada yaşayan Qənirə Cəlilova: “Rusiyada da vəziyyət yaxşı deyil. Karantin rejimi olsa da, dövlət müəssisələrində işləyənlər əməkhaqlarını tam alacaqlar. Özəl sektorda isə vəziyyət pisdir. Xüsusilə, kiçik biznes iflasa uğrayır. Hər kəs evdə oturur. Yalnız onlayn satış ilə məşğul olan insanlar yaxşı qazana bilirlər”.

 

Almaniyada yaşayan Gülşən Əhmədli: “Karantin rejimi olduğu üçün evdə oturmuşuq. Məktəb və bağçalar bağlıdır. Mən isə qısaldılmış iş rejimində işləyirəm. Təcili xəstələri müayinə edirəm. Almaniyada dövlət vətəndaşlarına yardım edəcək. Uşaqları olan vətəndaşlar maaşlarının 67 faizini alacaqlar. Uşağı olmayanlar isə əməkhaqlarının 60 faizini alacaqlar. Sosial sığortalar vətəndaşların əvəzinə dövlət tərəfindən ödənəcək. Hətta, aztəminatlı ailələr üçün əlavə uşaqpulu ayrılıb. Kirayədə qalan vətəndaşlar isə sentyabr ayının sonuna kimi kirayəhaqqı ödəmədikləri üçün evlərdən çıxarıla bilməzlər”.

 

Türkiyədə yaşayan Lalə Həsənova-Atakan: “Burada 20 yaşdan kiçik və 60 yaşdan yuxarı şəxslərin çölə çıxması qadağandır. 30 böyük şəhərə giriş-çıxışa qadağa qoyulub. Antalyada küçələrdə az insan görmək olar. Türkiyədə rəsmi karantin elan edilməsə də, insanlar lazım olmadıqca evdən çıxmırlar. Dövlətə, Səhiyyə Nazirliyinə sahibkarlar, iş adamları və məmurlar tərəfindən çox böyük məbləğlərdə ianələr edilir. Bu sahədə vətəndaşlar arasında birlik nümayiş olunur. Evdə tək yaşayan yaşlılara polislər tərəfindən alış-veriş xidməti göstərilir. Bundan başqa, yaşlılara evə xidmət üçün könüllülük prinsipi esasında müəllimlər də yardım göstərirlər. Dövlət yardım edəcəyi ailələri müəyyənləşdirib. İlkin olaraq, təxmini 2 milyon nəfərə 1000 Türkiyə lirəsi məbləğində sosial yardım ediləcək. Hələlik hansısa bir çətinliklə rastlaşmamışıq. Müəllim ailəsiyik, iş olmasa da, dövlət vaxtında maaşımızı ödəyir və ödəyəcək. Kommunal xidmətlər barədə də güzəştlər nəzərdə tutulub, yaxın zamanda açıqlanacaq”.

Müəllif: Təranə Xudabaxşiyeva