İki sabiq, iki mövqe - biri əyri, biri düz: Ter-Petrosyan təslimə, Köçəryan revanşa çağırır

Siyasət

28.09.2022 - 18:11

Politoloq: "Əgər onlar qisasçılıq niyyətlərini davam etdirsələr, Ermənistan dövlətinin, erməni xalqının gələcəyi olmayacaq"

Ermənistanın sabiq Prezidenti Levon Ter-Petrosyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bir çox maraqlı məqamlara toxunub. Ter-Petrosyan bildirib ki, qarşıda Ermənistanı çətin və ağrılı qərarlar gözləyir. Sabiq Prezident Azərbaycan və Türkiyə ilə müqavilələrin imzalanmasının zəruri olduğunu vurğulayıb: "Hesab edirəm ki, Ermənistan və Dağlıq Qarabağın keçmiş başçıları problemin həlli naminə ən az ağrılı variant seçmək üçün indiki Baş nazir Nikol Paşinyanla dialoqa başlamalıdırlar".

Ter-Petrosyan müsahibəsində bir vaxtlar Qarabağ probleminin həllinin açarının Rusiyanın əlində olduğunu, indi isə Moskvanın özünün çətin vəziyyətə düşdüyünü və açarı itirdiyini bildirib.

Ter-Petrosyana Ermənistanın ikinci Prezidenti Robert Köçəryanın cavabı gecikməyib. Köçəryan Ter-Petrosyanın indiki hakimiyyət ətrafında birləşməyə çağırışını ironiya ilə qarşılayıb: "Birləşmə bir qayda olaraq, yüksək məqsədlərə çatmaq naminə baş verir. Qələbəyə nail olmaq üçün birləşirlər, təslim olmaq üçün yox. Təslim olmaq üçün, əksinə, parçalanma tələb olunur”.

Köçəryanın sözlərinə görə, indiki hakimiyyət ətrafında birləşməyə çağırış anlaşılmazdır: "Ümidsiz vəziyyətlər yoxdur, döyüşə hazır olanların üzünə qapı açılır. Ter-Petrosyanın qiymətləndirmələri ilə qətiyyən razı deyiləm və çətin şəraitdə təslim olmağın vacibliyinə inanmıram. Mən bu mövqeyi qəti şəkildə qəbul etmirəm".

İkinci prezident ölkədə hakimiyyətin dəyişdirilməsinin vacibliyini vurğulayıb: "Qarabağın gələcəyinin açarı orada yaşayan ermənilərin əlindədir, Rusiyanın yox. 1992-ci ildə də vəziyyət belə idi. O zaman bizim düşdüyümüz durum indikindən yaxşı deyildi".

"Belə görünür ki, Qarabağ ermənilərinin elitası Azərbaycan tərəfi ilə əməkdaşlıq edəcək və tədricən inteqrasiyaya razı olacaq. Mən bundan ciddi narahatam", - deyə Köçəryan vurğulayıb.

Eyni zamanda, Köçəryan Ermənistan cəmiyyətinin roluna önəm verib: "Əgər xalq döyüşməyə hazırdırsa, o zaman imkan olduğu halda, heç olmasa, bütün bunları dayandırmaq lazımdır. 1992-ci ildə də eyni söhbətlər olub. Qarabağ nizamlanması üzrə danışıqların formatı gələcəkdə Ermənistan üçün əhəmiyyətli dərəcədə dəyişə bilər. Formatın dəyişdirilməsini ölkədəki mövcud vəziyyət müəyyən edəcək. Hazırda Ermənistan Qarabağın statusu uğrunda mübarizə aparmır. Və əgər İrəvanın siyasi kursu olduğu kimi qalarsa, o zaman “Dağlıq Qarabağ” üzrə danışıqların formatı yaxın gələcəkdə transformasiya olunacaq".

Köçəryanın bu açıqlamaları onu göstərir ki, "Qarabağ klanı" kimi tanınan Ermənistan müxalifəti revanş hisslərindən bir addım da kənara çəkilməyib. Köçəryan-Sarkisyan qüvvələri daxildən gələn müəyyən konstruktiv təklifləri də heçə sayırlar. 

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Köçəryanın bəyanatları boş və mənasızdır. Analitik AYNA-ya şərhində qeyd edib ki, Ter-Petrosyan reallığı dərk edən siyasətçi kimi həqiqəti söyləyib: "Ermənistanın bir dövlət kimi mövcudluğu Azərbaycan və Türkiyə ilə qonşuluq əlaqələrini bərpasından keçir. Əgər onlar qisasçılıq niyyətlərini davam etdirsələr, Ermənistan dövlətinin, erməni xalqının gələcəyi olmayacaq". 

"Ermənilərin qarşısında iki yol var: Birinci yol mehriban qonşuluq, əməkdaşlıqdır. Bu zaman təhlükəsizlik də, inkişaf da olacaq. Digər yol isə qisasçılıqdır. Yəni Ermənistan hakimiyyəti xalqı yenidən səfərbər edib, ordu qurmağa başlayacaq. Bu halın davam etməsi erməniləri bir millət, dövlət kimi məhvə gətirib çıxaracaq”, - politoloq söyləyib.

Z.Əlizadə hesab edir ki, bu gün Ermənistanda cəmiyyətin özü də iki hissəyə bölünüb: "Böyük çoxluq - müharibədən sonra keçirilən seçkilərdə Paşinyanı seçən 75 faiz sülhün əldə olunmasını istəyir. Bilirsiniz, artıq onlar da beziblər. Yoxsulluq, səfalət... Dərk edirlər ki, nicatları qonşularla münasibətlərin yaxşı olmasından, qan-qadanın bitməsindən, Türkiyə ilə, Azərbaycanla ticarət eməkdən keçir. Yerdə qalır 25 faiz, hansı ki, Paşinyanı yox, keçmiş rəhbərləri, Köçəryanı, Sarkisyanı dəstəkləyir. Onlar öz mənafelərini düşünürlər. 25 faizi təşkil edən müəyyən bir hissə keçmiş xülyalardan ikiəlli yapışıblar. Çünki həmin o xülyalar onlara zamanında böyük yüksəliş, imtiyazlar, gətirmişdi. Ona görə də, həmin ermənilər heç cür keçmiş mövqelərindən əl çəkmək istəmirlər”.

"Paşinyanın Azərbaycan və Türkiyə ilə əlaqələr yaratmaqdan başqa çıxış yolu yoxdur. Ermənistan elə coğrafi və iqtisadi-siyasi vəziyyətdədir ki, onun inkişafı qonşularla normal münasibətlər yaratmaqdan asılıdır. Normal münasibətlər isə anormal xarici siyasətə son qoyulması ilə yaradıla bilər", - deyə Əlizadə bildirib. 

Politoloq deyib ki, bu günə qədər Ermənistanın yürütdüyü xarici siysət anormal siyasət olub: ""Böyük Ermənistan", "Qarabağın müstəqilliyi", "Azərbaycanlıların diz çökməsi" və digər belə xəstə təfəkkürlə hansı xalq yaşaya bilər? Hitler Almaniyası yaşayırdı, amma sonra vurub gözünü çıxardılar. Bundan sonra alman xalqı düzgün yol keçərək inkişaf etdi. Ermənistanda belə yolu keçməlidir. Ter-Petrosyanın dediyi kimi, indi belə situasiya yaranıb, başqa yolları qalmayıb. Buyursunlar, düzgün yolla getsinlər". 

Müəllif: Anar Bayramoğlu