İctimai yerdə saxlanılan koronavirus xəstəsi barəsində cinayət işi açılıb

Xəbərlər

19.03.2021 - 13:07

Yaşayış yerini tərk edən digər xəstələr haqqında araşdırma aparılır

 

Martın 18-də polis əməkdaşları tərəfindən paytaxt ərazisində altı nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

 

Bildirilib ki, həmin şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, onların yaşayış yerlərini tərk etdikləri müəyyən olunub. 

 

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

 

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən Hacıqabul şəhər sakini H.İsayev barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

 

Digər vətəndaşlar barəsində araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az