Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib - <font color=red> VİDEO</font>

Xəbərlər

15.09.2019 - 16:13

Həkimlər Klinikalar SEO Xidməti

Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür

 

Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib.

 

AYNA xəbər verir ki, Türkiyə və Azərbaycan Respublikalarının dövlət bayraqları, eləcə də xalqımızın ümummilli lideri Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Nuru paşanın portretləri ilə bəzədilmiş avtomobil karvanı “N” nömrəli hərbi hissədən Qobustan rayonundakı Acıdərə Türk Şəhidliyinə yola düşüb.

 

Yolboyu Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar səsyazma avtomobili vasitəsilə Türkiyə və Azərbaycan xalqlarının zəfər marşları, dostluq və qardaşlıq mahnıları səsləndirilib.

 

Yerli sakinlər yürüş iştirakçılarını alqışlarla qarşılayıblar. Yürüş iştirakçıları Bakının azad edilməsinin 101-ci ildönümü münasibətilə 101 ədəd Azərbaycan Respublikasının və 101 ədəd Türkiyə Respublikasının dövlət bayraqlarını daşıyıblar.

 

Acıdərə Türk Şəhidliyi ziyarət olunub. Abidə qarşısına Müdafiə Nazirliyi və Türkiyənin Azərbaycan səfirliyi adından əklillər qoyulub. Şəhidlərin xatirəsi ehtiramla yad edilib. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri ifa olunub.

 

Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani anım mərasimini açaraq 15 sentyabrın XX əsr Azərbaycan tarixində şərəfli bir gün olduğunu bildirib.

 

Qeyd olunub ki, 101 il öncə Azərbaycan və türk əsgərləri Bakını azad edərək Azərbaycan tarixinə şanlı bir səhifə yazıblar. Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına birdəfəlik son qoyulub. Özünün son dərəcə ağır durumda olmasına, Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə Azərbaycana hərbi qüvvələr göndərib.

 

1918-ci il avqust-sentyabr aylarında Osmanlı Türkiyəsi öz tarixi missiyasını uğurla yerinə yetirərək Azərbaycan korpusunun döyüşçüləri ilə birlikdə Bakı və ətraf rayonları azad ediblər. Məhz bu zəfər yürüşü iki gün sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsinə zəmin yaradıb.

 

Anım mərasimində vurğulanıb ki, Azərbaycan müstəqillik illərində dinamik sürətlə inkişaf edərək güclü və qüdrətli ölkəyə çevrilib. Azərbaycan-Türkiyə qardaşlığı bu gün də ən yüksək səviyyədədir. Bu dostluq və qardaşlıq sarsılmazdır, əbədidir. Biz bu tərəqqi üçün, bu günki xoşbəxt, firavan həyat üçün geniş sinələrini Vətənimizə, xalqımıza tuşlanan güllələrə sipər edən qəhrəman şəhidlərimizə minnətdarıq.

 

Böyük Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır”, ulu öndər Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik. Bu, bizim dostluğumuzun, qardaşlığımızın mənasını, məzmununu təşkil edir” kəlamları ilə çıxışına başlayan Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral isə deyib: “Bizim dostluğumuz, qardaşlığımız çoxəsrlik tarixi ənənələrə arxalanır. Bizim dədələrimiz-babalarımız dar gündə bir-birilərinin harayına çatıblar. Bir səngərdə ümumi düşmənə qarşı birlikdə mücadilə aparıblar. Biz Çanaqqala savaşında şəhid olan azərbaycanlıları, Cümhuriyyət quruculuğu ərəfəsində Azərbaycanın göstərdiyi qardaş köməyini heç vaxt unutmuruq. Biz həmişə sizin yanınızdayıq. Beynəlxalq tədbirlərdə Azərbaycan nümayəndəsi yoxdursa, biz varıq, bizim nümayəndəmiz yoxdursa, siz varsınız. Biz bir millət, iki dövlətik”.

 

Səfir diqqətə çatdırıb ki, 15 sentyabrda Bakının qurtuluşu nəinki azərbaycanlılar, hətta Anadolu türkləri üçün də olduqca böyük hadisədir. Azərbaycanın müstəqilliyi Türkiyə tarixi üçün də önəmli dönüş nöqtəsidir. Bu günün həm Türkiyə, həm də Azərbaycan xalqları tərəfindən birgə, təntənəli şəkildə keçirilməsinin əsas məqsədi 101 il öncə baş verənləri xalqa anlatmaq, xüsusilə də gələcək nəsillərə hansı səbəbdən bir yerdə, qardaş olduğumuzu, tariximizdə nələrin baş verdiyini çatdırmaqdır. Biz bütün həqiqətləri xalqa çatdırmalıyıq. Onlar türkün tarixində utanılacaq heç bir şeyin olmadığını öyrənməlidirlər.

 

Səfir E.Özoral ötən il Bakının qurtuluşunun 100 illiyi münasibəti ilə keçirilən paradda Azərbaycan Respublikası prezidenti İlham Əliyev və Türkiyə Respublikası prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakını xatırlayaraq “Hər iki ölkə rəhbərinin hərbi paradda iştirakı, onların Türkiyə-Azərbaycan qardaşlığının bundan sonra da əbədi və sarsılmaz olacağına əminlikləri, düşmənlərimizə birgə mesajları tarixi məqamlardır. Bundan əlavə, unudulmaz, yaddaqalan hadisədir ki, 100 il əvvəl olduğu kimi türk əsgəri azərbaycanlı qardaşları ilə birgə yenidən Bakı təntənəsinə qoşuldu, türk əsgəri bu böyük zəfəri azərbaycanlı qardaşı ilə bir yerdə qeyd etdi. Bu, bir səfir olaraq mənim yaşaya biləcəyim ən böyük sevinc hissidir”, - deyib.

 

General-mayor Vasif Kazımov, Türkiyədən gəlmiş qazilər adından istefada olan general-leytenant Cumhur Evcil, Qobustan Rayon Ağsaqqallar Şurasının sədri Şıxbaba Bayramov və başqaları çıxış edərək şəhidlərə ehtiramlarını bildirib və Türkiyə-Azərbaycan xalqlarının sarsılmaz birliyindən iftixarla söhbət açıblar.

 

Qobustan Rayon şəhid Qalib Ələkbərov adına Çuxanlı kənd tam orta məktəbinin şagirdləri “Yol ver Türkün bayrağına!” adlı ədəbi kompozisiya ilə çıxış ediblər.

 

Sonra şəhid türk zabitinin məzarı ziyarət olunub, üstünə qərənfillər düzülüb, dualar oxunub.

 

Yürüş və anım mərasimində Türkiyədən gəlmiş qazilər, Türkiyə Silahlı Qüvvələrinin general və zabitləri, Azərbaycan Ordusunun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

 

Müəllif: Ayna.az