Böyük Britaniya gəmilərə hücumlar səbəbindən qara çay çatışmazlığı ilə üzləşir
Böyük Britaniya qara çay qıtlığı ilə üzləşib - Yəmən husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumları nəticəsində ölkə sakinləri ənənəvi qara çaysız qalıb. AYNA xəbər verir ki, bu barədə “The Times” qəzeti krallığın ticarət şəbəkələri və təşkilatlarındakı mənbələrə istinadən yazıb.
Yerli mağaza şəbəkələri müştərilərə çay qıtlığı barədə xəbərdarlıq edib; böyük pərakəndə “Sainsbury's” problemləri ilk bildirən oldu. Şirkət nümayəndələrinin qeyd etdiyi kimi, tədarükün kəsilməsi müvəqqəti xarakter daşıyacaq və istehlakçılara cüzi təsir göstərəcək. Bununla belə, ekspertlər qıtlığın inflyasiyaya, qiymət artımına və bir sıra malların mövcudluğunun azalmasına gətirib çıxaracağını deyirlər.
İxrac və Beynəlxalq Ticarət İnstitutunun məlumatına görə, Böyük Britaniyanın çay tədarükünün yarıdan çoxu Hindistan və Keniyadan gəlir. Hazırda ticarət gəmiləri “Ümid” burnu vasitəsilə Afrika qitəsini dolanaraq Süveyş kanalından yayınmağa məcbur olurlar. Bu səbəbdən logistik xərcləri də, çatdırılma müddətləri də artıb. İnstitutun baş direktoru Marko Forgionenin sözlərinə görə, fasilələr uzun aylar davam edəcək.
Bundan əvvəl məlum olub ki, yanvarda yəmənli husilərin hücumları fonunda Süveyş kanalında nəqliyyatın hərəkəti demək olar ki, iki dəfə azalıb. Su yolu idarəsinin rəhbəri Usama Rabianın sözlərinə görə, gəlirlər illik ifadədə 46 faiz azalıb.