Politoloq: “Azərbaycan İrəvandan və dünyadan verilən “Qarabağda ermənilər acından ölür” bəyanatlarını ifşa etmiş oldu”
“Biz türk çörəyini yemək istəmirik”. Bu sözləri Qarabağın erməni sakinlərindən biri Azərbaycanın Qırmızı Aypara Cəmiyyəti (QAC) vasitəsilə Xankəndiyə göndərdiyi humanitar yükə etiraz olaraq bildirib. Məlumdur ki, avqustun 29-da QAC tərəfindən 40 ton un Xankəndiyə humanitar məqsədlərlə aparılıb. Lakin Ağdam-Xankəndi yolunun Əsgəran yaxınlığından keçən ərazisində yük TIR-ları Rusiya sülhməramlı kontingentinin hərbçiləri tərəfindən saxlanılıb. Eyni zamanda, postun o tərəfində undan imtina edən bir qrup erməni çadırlar qurub, yükün gedişinə əngəl törədəcəklərini bəyan ediblər. Onların ötən il Rusiyadan Qarabağa göndərilən, separatçı rejimin “dövlət naziri” olan, sonradan “istefa” verən Ruben Vardanyanın adamları olduğu barədə məlumatlar var.
Azərbaycanın humanitar məqsədli addımının doğru olduğunu bildirən ekspertlər separatçı ünsürlərin tələbi ilə ermənilərin humanitar yüklərdən imtinasını, buna əngəl törədilməsi “Qarabağda humanitar böhran yaşanır” iddialarını darmadağın etdi. Analitiklər baş verənlərin növbəti erməni təxribatı olduğu qənaətindədirlər.
Politoloq Xəyal Bəşirov AYNA-nın suallarını cavablandırarkən deyib ki, əslində İkinci Qarabağ müharibəsindən sonra ermənilərin müxtəlif təxribatlarını gözləyirdik:.
- Amma Qarabağda yaşayan ermənilərin həyatları üzərindən siyasi manipulyasiyaların edəcəklərini, bu vasitə ilə öz məqsədlərinə çatmaları üçün təxribatların olacağı az ehtimal idi. Lakin görürük ki, Ermənistan və separatçı tör-töküntülər hər vasitəyə əl atırlar. Baxın, müharibədən sonra Ermənistan və dünya erməniliyi özlərinin havadarları vasitəsilə Azərbaycanın qələbəsinə kölgə salan təxribatlar törətməyə davam edirlər. Həm şərti sərhədlərdə, həm Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki ərazilərdə, həm də beynılxalq aləmdə Azərbaycana qarşı məkrli oyunların şahidi oluruq. Ən sonda Qarabağdakı ermənilərdən alət kimi istifadə edərək “humanitar böhran” şousu düzənlədilər. Bu vəsilə ilə bir aydan çoxdur təxribatlar davam edir. Bu təxribatçılara Ağdam-Xankəndi yolu təklif olundu. Qarabağda həqiqətən humanitar böhran vardısa, o zaman yüklərin Ağdam-Xankəndi yolundan daşınmasına razı olardılar. İndi Azərbaycan Qızıl Aypara Cəmiyyəti humanitar yüklər aparıb. Niyə qəbul etmirlər? Demək ki, “humanitar böhran” nağıldır. Bu nağıldan indi də istifadə edirlər. Azərbaycan bu şounu atdığı addımlarla ifşa etmiş oldu.
- Ermənilərin Azərbaycanın göndərdiyi 40 ton undan imtinasını necə qiymətləndirirsiniz?
- Demək ki, Azərbaycan bir addımla İrəvandan və dünyadan verilən “Qarabağda ermənilər acından ölür” bəyanatlarını da ifşa etmiş oldu. Xankəndidə real “humanitar böhran” varsa, Ermənistan və havadarları “acından ölən ermənilər”in həyatları üçün narahatdırlarsa, Azərbaycanın göndərdiyi yükün qəbuluna göstəriş verməli idilər. Hətta buna görə Azərbaycana təşəkkür də etməlidirlər. Yaxud da, Ağdam-Xankəndi yolundan istifadədə maraqlı olduqlarını göstərməlidirlər. Demək ki, məsələ başqadır. Necə “humanitar böhran” yaşanır ki, Azərbaycanın humanitar yükünü qəbul etmirlər? Ac insan üçün fərqi nədir ki, ərzaq haradan gəlir? Bu suallara cavab verə bilmirlər. Çünki şou qurduqlarını, təxribat törətdiklərini özləri də başa düşürlər. Bu suallara cavab verməməkləri onların “humanitar böhran” nağıllarının növbəti ifşası sayılmalıdır.
Azərbaycan dünyaya nümayiş etdirir ki, Qarabağ Azərbaycanın daxili işidir və orada problem varsa, Azərbaycan özü bunu həll edəcək. Humanitar böhran varsa, bunun qarşısını da Azərbaycan alacaq, təhlükəsizliyə təminatı da Azərbaycan verir. Bu, nə Ermənistanın, nə də digər xarici dövlətlərin məsələsidir. Azərbaycan daxili məsələsini hansısa xarici dövlətlə müzakirə etmir, etməyəcək.
Xaricdən humanitar yardım göndərilirmi, lap yaxşı. Zəhmət çəksinlər Azərbaycanın təklif etdiyi Ağdam yolu ilə Xankəndiyə aparsınlar. Məsələ bu qədər sadədir.
- Humanitar yük demişkən, Fransanın Paris və Strasburq şəhərlərinin merləri də Qarabağa humanitar yük gətirdiklərini, Laçın yolundan yükləri keçirməyə cəhd göstərəcəklərini bildiriblər...
- Dediyim kimi, bu, Ermənistanın və havadarı Fransanın növbəti şousudur. Merlər bu çirkin kampaniyaya cəlb ediliblər. Necə ki, 20 TIR bir aydır sərhəddədir, fransız merlərin gətirdiyi yüklər də onların yanında dayanacaq. Bu şounu yaradanlar anlamalıdırlar ki, Azərbaycan mövqeyini bəyan edib və geri çəkilmə olmayacaq. Laçın yolundan o yüklərin keçirilməyəcəyini başa düşməlidirlər. Ümumiyyətlə, “Laçın yolu böhranı” adlı kampaniyaları da iflas edib. İnsanların sərbəst gedib-gəlməsi təmin olunur, heç bir maneə yaradılmır. Bunlar faktlardır. Bu faktları görməzdən gəlib yenə də “Laçın yolu məsələsi”, “Laçın yolunun açılması” kimi ifadələrlə kampaniya aparmaq onlara uğur gətirməyəcək.
- Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan lideri İlham Əliyevə telefon zəngini necə şərh edərdiniz?
- Həssas dönəmdə belə bir zəngin edilməsi ondan xəbər verir ki, Paris Bakının mövqeyindən çəkilməsini istəyir. Azərbaycana qarşı kampaniyanın arxasında duran, bunu təşkil edən Fransa və Fransa Prezidenti Makronun komandasıdır. Çünki başqa dövlətlər Azərbaycanın addımlarını alqışlayır, təqdir edir. Fransa isə əsassız olaraq Azərbaycanın addımlarını pisləyir. Düşünürəm ki, Makron Azərbaycan Prezidentinə narazılığını bildirib. Telefon danışığı ilə bağlı rəsmi açıqlanan məlumata əsaslanıb deyə bilərəm ki, Azərbaycan lideri Makronun hansısa ittihamına, iradına imkan vermədən bildirib ki, Laçın yolu, Ağdam-Xankəndi yolu, Qarabağda baş verənlər Azərbaycanın daxili məsələsidir. Telefon danışığında maraqlı bir detal var. Prezident deyib ki, Laçın sərhəd-keçid məntəqəsi yaxınlığına TIR-ların gətirilməsi, orada saxlanması təxribatçı addımdır, siyasi və diplomatik möhtəkirlikdir və bu, Azərbaycana qarşı hesablanmış hiyləgər planın tərkib hissəsidir. Bununla Prezident fransız həmkarına mesajını vermiş oldu.
- Bildirdiniz ki, nə Ermənistan, nə də havadarları Qarabağdakı ermənilərin halına yanırlar, məqsəd siyasidir. Söhbət hansı siyasi məqsəddən gedir və bu kampaniyalarda, bu şoularda niyyət nədir?
- Bu ssenariləri işləyən, planları quran qüvvələr beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı səfərbər etmək niyyəti güdürlər. Söhbət siyasi-diplomatik səfərbərlikdən gedir. Azərbaycana qarşı beynəlxalq təşkilatlarda qərar və qətnamələrin qəbulu məqsədilə addımlar atırlar. Niyyət odur ki, Azərbaycanın sülh təşəbbüslərinə kölgə salsınlar, Azərbaycanın Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin qarantı olmaq iddiasını kölgə altına salmaq istəyirlər. Fransa və Ermənistana havadarlıq edən digər dövlətlər əslində Cənubi Qafqazda sülhdə maraqlı deyillər. Onlar xaosun olmasını istəyirlər. Elə bir xaos ki, həmin xaotik vəziyyəti onlar idarə etsinlər, onların nəzarətindən kənar proseslərin baş verməsində maraqlı deyillər.