Hücuma hazırlıq: “Yazda genişmiqyaslı və qanlı döyüşlərin şahidi olacağıq”

Aktual

13.02.2023 - 18:30

Şahin Cəfərli: “Ukrayna bir neçə həftəlik, ola bilsin, bir neçə ay müdafiə döyüşləri ilə Rusiyanın resurslarını tükədəcək, ondan sonra hazır və yeni qüvvələrlə əks-hücuma keçəcək”

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin bir ilinin tamamlanmasına sayılı günlər qalır. Döyüşlər şiddətini qorumaqla yanaşı, Rusiyanın böyük hücuma hazırlaşması ilə bağlı qeyri-rəsmi məlumatlar yayılmaqdadır. İddialara görə, müharibənin bir ilində Rusiya qondarma referendumlarla ilhaq etdiyi Ukrayna regionlarının tamamının işğalına nail olmaq niyyətindədir. Bunun üçün Rusiyanın var gücü ilə hücuma keçəcəyi istisna deyil.

Müharibənin gedişi və böyük hücumla bağlı AYNA-nın suallarını cavablandıran politoloq Şahin Cəfərli deyib ki, hücuma təkcə Rusiya yox, Ukrayna da hazırlaşır:

- İki tərəf də böyük hücuma hazırlıq içərisindədir. Bilirik ki, Rusiya səfərbərlikdən sonra böyük canlı qüvvə ehtiyatı yaratdı. Səfərbərliyə alınanların bir qismi dərhal cəbhəyə göndərildi, çünki ciddi piyada qüvvələri çatışmazlığı vardı, vəziyyət kritik idi. Bunun hesabına cəbhədə çatışmazlığı müəyyən qədər aradan qaldıra bildi. Amma səfərbərliyə cəlb olunanların təxminən 200 minə qədərinin təlimləri davam edir. Məlumatlara görə, artıq bu təlimlər başa çatmaq üzrədir. 200 minlik yeni ordu ilə Rusiya böyük hücuma hazırlaşır. Məqsəd cəbhədə strateji təşəbbüsü yenidən ələ almaqdır.

- Bu qədər canlı qüvvəni Rusiya necə silahlandıracaq?

- Bu barədə detallı məlumat yoxdur. Amma biz bilirik ki, həmin 200 minlik səfərbərin silahlanma səviyyəsi, gücü 2022-ci ilin fevralın 24-də Ukraynaya hücuma keçən qüvvələrin səviyyəsi qədər olmayacaq. Məntiqlə də o gücdə olmaları mümkün deyil. Çünki Ukraynaya ilk daxil olan hərbi hissələr Rusiyanın güclü döyüş qabiliyyətli, seçkin bölmələri idi. Rusiya hakimiyyəti bu qüvvələr vasitəsilə məqsədlərinə nail olacaqlarına inanırdı. Amma bu plan baş tutmadı. İndi hazırlanan 200 minlik qoşunun onlar qədər döyüş qabiliyyətinə malik olacağna şübhə edirəm. Eləcə də təchizat baxımından hazırlananların əvvəlkilər qədər təchiz ediləcəyinə inanmıram. Düzdür, Rusiyanın böyük hərbi texnika ehtiyyatı var, SSRİ dövründən qalmış minlərlə tank, top var. Lakin sayla deyil, bu texnika hansı vəziyyətdədir, ona baxmaq lazımdır. Bu silahların böyük əksəriyyəti köhnəlib, sıradan çıxıb, deformasiyaya uğrayıb. Bu silahların işlək vəziyyətə gətirilməsinin özü çox çətin prosesdir. Rusiyanın hərbi müəssisələri var, təmir imkanları mövcuddur. Lakin bu o demək deyil ki, Rusiya SSRİ-dən qalmış minlərlə texnikanı saz vəziyyətə gətirəcək, cəbhəyə göndərəcək. Rusiyanın belə bir imkanı yoxdur. Hətta olsa belə, o texnika davamlı deyil, köhnədir.

Hazırlanmış ordu təbii ki, hücumlara başlasa, hansısa lokal uğurlar əldə edə bilər. Məsələn, Donbassdan hücuma keçə, bir-iki şəhəri, iki-üç qəsəbəni, otuz kəndi işğal edə bilər. Əlbəttə, canlı qüvvənin hesabına. Amma düşünmürəm ki, cəbhəni böyük ölçüdə yara bilərlər.

- Hücumların nə zaman başlayacağını düşünürsünüz?

- Çox güman ki, hücumlar yaz aylarında baş verəcək. Hesab edirəm ki, yazda Ukraynada böyük döyüşlər baş verəcək. Biz qarşıda genişmiqyaslı və qanlı döyüşlərin şahidi olacağıq. Ukrayna da genişmiqyaslı hücuma hazırlaşır, bu, bəllidir. Maraqlı odur ki, hansı tərəf ilk zərbəni endirəcək.

- İlk hücumun hansı tərəfin edəcəyi ehtimalı var?

- Düşünürəm ki, Ukrayna Rusiyanın hücuma başlamasını gözləyəcək. Rusiyanın hansı istiqamətdən hücuma keçəcəyi də önəmli məsələdir. Bəzi iddialar var ki, Rusiya Belarus ərazisindən yenidən Kiyevə hücum planlaşdırır. Başqa bir iddia da ondan ibarətdir ki, Rusiyanın niyyəti Belarus ərazisindən hücuma keçmək, Ukrayna-Polşa sərhədini bağlamaqdır. Bununla Ukraynaya gələn yardımların qarşısını almaq istəyəcəklər. Açığı, mən buna inanmıram. Çünki bunun üçün böyük qüvvə tələb olunur. Hətta səfərbər olunmuş 200 minlik qoşun hücuma keçsə də, onların həmin hərbi vəzifələri həyata keçirəcəyinə ehtimal vermirəm. Bu baxımdan, Belarus istiqamətindən Kiyevə hücum olacağına şübhə ilə yanaşıram. Böyük ehtimalla hücumlar yenə də Donbass istiqamətindən olacaq. Eləcə də Zaporojye istiqamətindən hücum edə bilərlər.

- Ukrayna hansı addımları atacaq?

- Biz müşahidə edirik ki, Ukraynanın hərbi taktikası müdafiə olunmaqla Rusiyanın hücum potensialını tükətmək, onu zəiflətmək və əks-hücuma keçməkdir. Məntiqlə də bu, doğru taktikadır. Çünki düşmənin əlində hazır vəziyyətdə geniş hərbi potensial varsa və hücuma başlayırsansa, onların əks-zərbə imkanı olacaq. Bu baxımdan, hesab edirəm ki, Ukrayna komandanlığı Rusiyanın hücuma keçəcəyini gözləyəcək. Məncə, Ukrayna bir neçə həftəlik, ola bilsin, bir neçə ay müdafiə döyüşləri ilə Rusiyanın resurslarını tükədəcək, ondan sonra hazır və yeni qüvvələrlə əks-hücuma keçəcək. Bu halda Ukraynanın uğur əldə etməsi daha çoxdur.

Məlumatlara görə, Ukrayna komandanlığı hazırda üç ordu korpusunun formalaşdırılmasına başlayıb. Kiyevin planında budur ki, həmin üç ordu korpusu ilə işğalda olab bütün ərazilərini azad etsin. Üç ordu korpusu 120 min canlı qüvvəsi olan ordu qoşun deməkdir. İndi bu korpusları tamamilə NATO hərbi texnikası ilə təchiz etmək siyasəti aparılır. Təminat isə Qərbdən gəlməkdədir.

Müəllif: Anar Bayramoğlu