Nazir müavini: “Koronavirusla bağlı müsbət dinamika müşahidə olunur”

Aktual

07.09.2020 - 16:33

Rahim Əliyev: “Buna həm vətəndaşların qaydalara məsuliyyətli yanaşması, həm də ölkə rəhbərliyinin sayəsində nail olunub”

 

“Son həftələr koronavirusla bağlı müsbət dinamika müşahidə olunur. Buna həm vətəndaşların qaydalara məsuliyyətli yanaşması, həm də ölkə rəhbərliyinin pandemiya ilə mübarizədə apardığı uğurlu mübarizə sayəsində nail olunub”. AYNA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.

 

R.Əliyev xatırladıb ki, iyulun 1-də Avropa İttifaqı Ümumdünya Səhiyyə Təşkilatının vasitəçiliyi ilə “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” layihəsi çərçivəsində koronavirusa qarşı mübarizədə Azərbaycana ilk yardımı təqdim edib: “Baxmayaraq ki, həmin vaxt yollar bağlı, əlaqə və təmaslar çox məhdud idi. Azərbaycandakı tibb işçilərinə COVID-19 pandemiyası ilə effektiv və təhlükəsiz mübarizə aparmaqda kömək etmək məqsədilə respirator maska, qoruyucu eynək, şəffaf maska və qoruyucu kombinezonlar ölkəyə gətirilmişdi. Hazırda ikinci yardım təqdim olunub”.

 

“Göstərdikləri yardıma görə Səhiyyə Nazirliyi adından Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatına minnətdarlığımı bildirirəm”, - deyə Əliyev qeyd edib.

Müəllif: Ayna.az