HƏMAS lideri İsmayıl Haniyənin üç oğlu və nəcələri Qəzzada öldürülüb

Dünya

11.04.2024 - 11:58

İsmayıl Haniyə oğulanlarının və nəvələrinin ölüm xəbərini təsdiqləyib

Fələstin və Ərəb mediası İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ABŞ və Avropada terrorçu qrup kimi tanınan radikal HƏMAS qruplaşmasının lideri İsmayıl Haniyənin üç oğlu və bir neçə nəvəsinin həlak olduğunu bildirib. AYNA xarici mediaya istinadən bildirir ki, bunu İsrail ordusu və təhlükəsizlik xidmətləri də təsdiqləyib.

İsrail ordusunun yaydığı məlumatına görə, Əmir Haniyə HƏMAS-ın hərbi qanadının eskadrilya komandiri olub. Onun iki qardaşı Məhəmməd və Hazem Haniyə də qrupun komandirləri olublar.

İsmayıl Haniyə oğulanlarının və nəvələrinin ölüm xəbərini təsdiqləyib. Haniyə onları “şəhid” adlandırıb və əlavə edib ki, övladlarının qanı xalqın heç bir fərdinin qanından qiymətli deyil.

HƏMAS lideri “Əl-Cəzirə”yə deyib ki, övladlarının ölümü HƏMAS rəhbərliyini planlarından geri çəkilməyə, o cümlədən İsraillə barışıq danışıqları ilə bağlı mövqeyini dəyişməyə səbəb olmayacaq.

Qeyd edək ki, 62 yaşlı Haniyənin ümumilikdə 13 uşağı var. HƏMAS rəhbərinin özü Qəzza zolağında yaşamır, onun əsas yaşayış yeri Qətərdir.

Müəllif: Ayna.az