HƏMAS israilli girovların yeni videosunu yayıb

Dünya

28.04.2024 - 15:14

Hər iki şəxs İsrail hakimiyyətini və ictimaiyyətini əsirlərin azad edilməsi ilə bağlı razılığa gəlməyə çağırır

Fələstinin radikal HƏMAS hərəkatı ötən ilin oktyabrında girov götürdüyü iki israillinin görüntülərini əks etdirən yeni video yayımlayıb. Bu barədə AYNA AFP-yə istinadən bildirir.

Üç dəqiqəlik videoda 64 yaşlı Keyt Sigel və 46 yaşlı Omri Miran yer alıb. Görüntülərə əsasən, hər ikisi silahlıların təzyiqi altında danışıb. Kontekst videonun bu yaxınlarda çəkildiyini deməyə əsas verir. Miran 202 gündür əsirlikdə olduğunu, Siegel isə Pasxa bayramını xatırladıb. Hər iki şəxs İsrail hakimiyyətini və ictimaiyyətini əsirlərin azad edilməsi ilə bağlı razılığa gəlməyə çağırır.

Video HƏMAS terrorçularının müraciəti ilə bitir.

“Nasist liderləriniz əsir götürülmüş oğullarınızın taleyi və onların hissləri ilə maraqlanmır. Çox gec olmadan edilməli olanı edin”, - deyə hərəkat üzvləri qeyd edirlər.

Qeyd edək ki, bundan əvvəl HƏMAS polşalı girov Hirş Qoldberqin videogörüntülərini yayıb.

"Üç gündə ikinci belə video hökumətə atəşkəs razılaşmasını təsdiqləmək və girovların azad edilməsi üçün artan təzyiqlər fonunda baş verir”, - “The Times of Israel” nəşri videonu şərh edib.

İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü, briqada generalı Daniel Hagari bildirib ki, ordu ötən ilin oktyabr ayında oğurlanan bütün girovları azad edənə qədər HƏMAS-ı təqib etməyə davam ediləcəyini bildirib. O çəkilmiş videonu “psixoloji terror aktı” adlandırıb.

“The Times of Israel” qeyd edir ki, bu cür videoların getdikcə daha çox yayımlanması İsrailin Qəzza zolağında HƏMAS-ın sonuncu əsas qalası olan Rəfah üzərinə hücuma hazırlıqların intensivləşməsi fonunda baş verir.

Müəllif: Ayna.az