Zelenski parlamentdə də üstünlüyü ələ aldı

Dünya

26.07.2019 - 12:21

Ukraynada növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlanıb

 

Ukrayna Ali Radasına növbədənkənar seçkilərin nəticələri açıqlanıb. AYNA Ukrayna mətbuatına istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) elan etdiyi yekun nəticələrə görə, Prezident Vladimir Zelenskinin Xalqın Xidmətçisi Partiyası seçicilərin 43,16 faizinin (6 milyon 307 min 97 nəfər) səsini qazanıb.

 

Müxalifətdə olan Həyat Uğrunda Partiya 13,05 faiz (1 milyon 908 min 87), Batkivşina 8,18 faiz (1 milyon 196 min 258), Avropa Həmrəyliyi Partiyası 8,1 faiz (1 milyon 184 min 475) və Səs Partiyası 5,82 faiz (851 min 669) səs qazanıb.

 

Seçkilərdə iştirak edən digər partiyalar isə 5 faizlik baryeri keçə bilməyib.

 

Qeyd edək ki, Ukrayna parlamentinə növbədənkənar seçkilər iyulun 21-də keçirilib. Seçkilərdə 21 partiya və siyasi təşkilat iştirak edib. Seçki proporsional və majoritar sistemlər üzrə keçirilib.

 

Ukrayna parlamenti 450 deputatdan ibarətdir. Bundan sonra Ali Radada 5 partiya təmsil olunacaq.

Müəllif: Ayna.az