Heç bir şagirdinin universitetə daxil olmadığı deyilən məktəbin direktoru: "Yalandır"

Cəmiyyət

10.06.2022 - 14:13

"İndi bu uşaqlar ailə məktəbə qəbul olmayacaq demək nə dərəcədə doğrudur?”

Sosial şəbəkələrdə Bakının 152 saylı tam orta məktəbinin heç bir şagirdinin ali məktəblərə qəbul olmadığı haqqında məlumatlar yayılıb. Məktəbdən isə bu xəbərin həqiqətə uyğun olmadığı bildirilir. 

Adıçəkilən məktəbin direktoru Zəkay Şayev AYNA-ya açıqlamasında bildirib ki, yayılmış məlumat doğru deyil: "Ali təhsil müəssisələrinə qəbul imtahanının bütün qruplar üzrə nəticələri hələ elan olunmayıb. Eyni zamanda, yay qəbul imtahanları da hələ keçirilməyib. Bu halda necə demək olar ki, bizim məktəbdən universitetə qəbul olan şagird yoxdur?! Yayılmış məlumat yanlışdır”.

“Keçən il bizim 6 məzunumuz olub ki, onların 3-ü ali məktəbə qəbul olub. İkisi Azərbaycan Dövlət İqtisad Universietində, biri isə Moskvada təhsilini davam etdirir. Bir nəfər də kollecdə təhsil alır. Bu il 5 nəfər məzunumuz var. Bu məzunlardan da biri buraxılış imtahanında 300 baldan 217 bal, digər abituriyent 152 bal, daha biri isə 148 bal toplayıb. İndi bu uşaqlar ailə məktəbə qəbul olmayacaq demək nə dərəcədə doğrudur?”, - deyə direktor söyləyib.

Müəllif: Banu Çiçək