Sən demə, qadınlara sürtdükləri papaq imiş"/>

"Qaloş piri"nin "sirri" açıldı - <font color=red> Sən demə, qadınlara sürtdükləri papaq imiş</font>

Cəmiyyət

10.06.2019 - 17:00

Ötən gün sosial şəbəkələrdə "Qaloş piri" adilə yayılan video ölkədə ciddi rezonans doğurub. Videoda pirə gələn insanların şəfa tapmaq, niyyətlərinin qəbul olunması üçün büstə əl sürtdüyü, pir yiyəsinin isə onların üzərinə hansısa əşyanı sürtdüyü görünür. Pir yiyəsi ona yaxınlaşan insanların ağzına nəsə qoyur. Sosial  şəbəkə istifadəçilərinin əksəriyyəti insanların başına sürtülən əşyanın qaloş olduğunu yazıb. Sosial şəbəkələrdə “Qaloş piri”ndə pul yığılması da kəskin tənqid edilib.

https://www.facebook.com/kamalya.aqazade/videos/2971907052835956/?t=3

Sputnik Azərbaycan-ın bölgə müxbiri məsələni araşdırmaq üçün videonun çəkildiyi Goranboy rayonunun Qurbanzadə kəndində olub.

 

Məlum olub ki, insanlar videonun çəkildiyi məkana, 47 il əvvəl iyunun 8-də vəfat etmiş Mir İbiş adlı şəxsin növbəti anım mərasimində iştirak etmək üçün yığışıblar. Seyidin nəvəsi Mirismayıl Məmmədov bu ocağın 100 ildən çoxdur mövcud olduğunu, insanların həmişə inanaraq bu ocağa ziyarətə gəldiklərini bildirib. O, sözügedən videonun isə babasının il mərasimindən çəkildiyini deyib.

 “Babam Miribiş ağa 1972-ci ildə iyun ayının 8-də vəfat edib. 47 ildir biz onun anım gününü qeyd edərək ehsan süfrəsi açırıq. Bu məclisə heç kim xüsusi olaraq dəvət olunmur. Azərbaycanın bütün bölgələrindən inanan, tanıyan insanlar gələrək həmin günü seyidin ocağında keçirmək istəyir. Məsələn, bu il ayrı-ayrı yerlərdən 2 mindən artıq insan bu mərasimdə iştirak etmək üçün gəlmişdi" – deyə o iddia edib.

O, bu mərasimin təşkil edilməsinin xərclərini seyidin nəvələri tərəfindən çəkildiyini, bir hissəsinin isə ziyarətə gələn insanların gətirdiyini bildirib: “Orada yazırlar ki, biz bundan qazanc məqsədilə istifadə edirik. Amma heç oradan yığılan pullar 500 adamın ehsanını görmür. 1500 adamın ehsan pulunu biz özümüz ödəmişik".

M.Məmmədov insanların başına qaloş çəkilməsini isə şər və böhtan adlandırıb: “Orada çəkilən videoda görünən və sosial şəbəkə istifadəçilərinin qaloş zənn etdiyi əşya babamın papağıdır. Təxminən, 80-90 ilin papağıdır. 2 min insan o papağa əl sürtsə, papaq, tamamilə, sıradan çıxar. Buna görə onu sellofan torbaya bükmüşdük”.

Seyidin nəvəsi deyib ki, ümumiyyətlə gələn insanlar ağanın istifadə etdiyi əşyaları görməyi, onlara toxunmağı tələb edirlər. Çoxları bu əşyaların kəraməti haqda eşitdiklərindən, onların seyidin nəvəsi tərəfindən üstlərinə sürtülməsini istəyirlər.

Mirismayıl Məmmədov videoda görünən büstün də babasına aid olduğunu bildirib: “Biz xüsusi olaraq hazırlamamışıq, bir nəfər hazırlatdırıb, bizə hədiyyə edib”.

O, mərasim zamanı bəzi insanların ağzına nəsə qoyulmasına da aydınlıq gətirib: “Ziyarətə gələnlərin bəziləri özləri ilə konfet, şirniyyat gətirilər. Biz də bu şirniyyatları büstün yanında stolun üzərinə qoyuruq. İnsanlar büstə yaxınlaşanda da, onlara şirniyyat, konfet veririk”.

Maraqlısı odur ki, Mirismayıl Məmmədov babasının 90 ildən qalma papağının insanlara şəfa verdiyinə, onların arzularını həyata keçirdiyinə özü də inanır, bizi də inandırmağa çalışırdı. Bu zaman o, bundan qazanc əldə etmədiklərini iddia edir, bəzən insanların belə mərasimlərdə pul verdiklərini bildirir.

Goranboy rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi də Mehman İbrahimov da bu məlumatları təsdiq edərək, insanların başına çəkilən əşyanın Seyid Miribiş ağanın papağı olduğunu deyib: “O görüntülər seyidin ölümünün ildönümündə çəkilib. Videoda büstün yanında papağı insanların başına sürtən isə nəvəsi Seyid Xəlildir”.

Müəllif: İbrahim Nəbioğlu