Torpaq sürüşməsinin “altında” qalanlar: AAYDA və BŞİH günahlandırılır

Cəmiyyət

26.11.2019 - 20:00

“Agentlik yol təsərrüfatı işini həyata keçirəndə bizimlə məsləhətləşməyib, onlara icazə verən Bakı Şəhər İcra Hakimiyyəti də baş verə biləcəklərə göz yumub”

 

Bakının Bibiheybət qəsəbəsində baş verən torpaq sürüşməsinin vurduğu zərərin nəticələri aradan qaldırılır. Belə ki, Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar, Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılmışdı.

 

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı AYNA-ya deyib ki, sürüşmə hadisəsindən sonra dünən Bibiheybət və Şıxovun su təhcizatı tam bərpa edilib: “20-ci sahəyə isə qrafikə uyğun su verilir. İndi şəhərdən Badamdara gələn istiqamətdə işlər gedir. Ərazidə su təchizatı, qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra tam bərpa olunacaq”.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Gülçin Mehdiyeva isə AYNA-nın “Ərazidə növbəti sürüşmə riskləri varmı” sualını belə cavablandırıb: “Nazirliyin rəhbər şəxsləri və mütəxəssisləri sürüşmə baş verdiyi əraziyə baxış keçiriblər. Rəy açıqlanan kimi ictimaiyyətə xəbər veriləcək”.

Bəs növbəti sürüşmə hadisəsindən necə sığortalanmaq olar? Axı həmin ərazi hər an belə təhlükə ilə qarşı-qarşıyadır.

 

Sualımıza aydınlıq gətirən Ekologiya və Təbii sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralav deyib ki, həmin istiqamətdə yamacda daimi aktivlik var: “Güclü yağışlar səbəbindən torpaq ağırlaşır, təzyiq güclənir və sürüşmə baş verir. Amma bu sürüşməni qabaqcadan proqnozlaşdıran xüsusi cihazlar var. Görünür, bu cihazlar quraşdırılmayıb”.

 

Mütəxəssis Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini (AAYDA) baş verən hadisədə təqsirləndirib: “O qurum yol təsərrüfatı işini həyata keçirəndə bizimlə məsləhətləşmə aparmalı idi, həmin ərazidə yol xüsusi texnologiya ilə çəkilməli idi ki, sürüşmə riskindən kənarda qalsın. Demək ki, bu məsələdə səriştə göstərməyiblər və Agentliyə izn verən Bakı Şəhər İcra Hakimiyyəti də baş verə biləcəklərə göz yumub”.

 

Məlumat üçün deyək ki, məlum sürüşmə hadisəsindən sonra həmin yolda yük maşınlarının gediş-gəlişi dayandırılıb. Bu barədə AYNA-ya açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ BDYPİ) İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun sözlərinə görə, sürüşmə ilə əlaqədar şəhərə daxil olan yük maşınları Bakı Kənar Dairəvi Yol ilə şəhər mərkəzinə istiqamətləndirilir. Müvəqqəti nəqliyyatın süni sıxlığı gözlənilir”.

 

“Ərazidə yaşayan sakinlərin və Dövlət Neft Şirkəti işçilərinin gediş-gəlişi üçün nəqliyyatın hərəkəti tənzimlənir. Onlar Bayıl qəsəbəsi və ya 20-ci Sahədən keçməklə hərəkət edə biləcəklər. Bir daha xatırladıram ki, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, “Sədərək dairəsi” kimi tanınan ərazidən nəqliyyat yolu kimi istifadə edən sürücülər təmkinli olmalıdırlar. Vəziyyət nəzarətdədir, orada gecə-gündüz iş gedir, strateji əhəmiyyətli yolun tezliklə yenidən istifadəyə verilməsini istəyirik”, - Əsədov vurğulayıb.

Müəllif: Raminə Eyvazqızı