Tkeşelaşvili Ukraynada xəstəxanaya yerləşdirilib
Gürcüstanın keçmiş xarici işlər naziri Eka Tkeşelaşvili Ukraynada qəzaya düşüb. AYNA xəbər verir ki, bu barədə “Strana.ua” nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, qəzaya düşən sabiq nazir Ukraynada xəstəxanaya yerləşdirilib. Ona sol qolunun sınığı, beyin silkələnməsi və döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.
Məlumata görə, hadisə bazar günü, oktyabrın 8-də baş verib. Jurnalistlərə “Eka Tkeşelaşvili “Audi A8” markalı avtomobili idarə edirdi və “Hyundai” markalı avtomobil ona çırpıldı”, - deyən hüquq-mühafizə orqanları işçiləri “Hyundai” sürücüsünün həyatı üçün təhlükə yaratmayan xəsarətlər aldığını qeyd ediblər.
Xatırladaq ki, Tkeşelaşvili hazırda Avropa İttifaqının Korrupsiyaya Qarşı Mübarizə Təşəbbüsünün rəhbəri vəzifəsini tutur.