Gələn ilin büdcəsi: prioritet Qarabağdır, amma... – Parlamentdə MÜZAKİRƏ

İqtisadiyyat

10.11.2021 - 15:05

Nazir: “Ölkə Prezidentinin tapşırığı ilə maaşların artırılması nəzərdə tutulub, bu, həm də sosial yığımları artıracaq”

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub.

İclasda iştirak edən maliyyə naziri Samir Şərifov gələn ilin büdcə layihəsi barədə məlumat verib. Nazir deyib ki, 2021-ci ildə olduğu kimi 2022-ci ildə işğaldan azad olunmuş ərazilərin bərpası əsas prioritet olaraq qalmaqdadır. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərin bərpası üçün gələn ilin dövlət büdcəsindən 2.2 milyard manat vəsait ayrılacaq.

“İşğaldan azad olunmuş ərazilərin tarixi simalarının qaytarılması, mədəni tarixi abidələrin bərpası, elektrik, su yol xətlərinin çəkilməsi ilə bağlı başlanılan işlər böyük sürətlə davam etməkdədir”, - deyə nazir əlavə edib.

Nazir sosial müdafiə xərclərinin azaldılmasının səbəbini açıqladı

Maliyyə naziri gələn il Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,4 faiz az – 3,566 milyard manat nəzərdə tutulmasına münasibət bildirib: “Bu vəsait ilk növbədə 2020-ci ilin icra göstəriciləri ilə müqayisədə 453 milyon manat və yaxud 14,6% çoxdur. Bu ilin təsdiq olumuş proqnozu ilə müqayisədə azalma isə büdcənin sosial müdafiə və sosial təminatla bağlı öhdəliklərin qarşılanması üçün ayrılan vəsaitlərin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin azaldılması hesabına deyil, növbəti ildə əməkhaqqının artımı hesabına məcburi dövlət sosial sığorta haqqı üzrə artımın olacağı ilə bağlıdır. Ölkə Prezidentinin tapşırığı ilə maaşların artırılması nəzərdə tutulub, bu, həm də sosial yığımları artıracaq və son nəticədə DSMF-nin gəlir və xərclərinin balanslaşdırılması üçün dövlət büdcəsindən nisbətən az vəsaitin ayrılmasına ehtiyac olacaq”.

S.Şərifov əlavə edib ki, gələn il Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 22 milyon manat və yaxud 27,5 faiz artırılaraq 80 milyon manatdan 102 milyon manata çatdırılacaq: “Artım tələbələrə verilməsi nəzərdə tutulan kreditlər üçün büdcədən ayrılacaq vəsait hesabına baş tutacaq”.

“Azərbaycan iqtisadiyyatı da bu proseslərdən tam qorunmayıb”

“Gələn ildən müavinət, pensiya və təqaüdlərin artması eyni zamanda, dünya miqyasında postpandemiya dövrünə təsadüf edən qiymət artımı ilə bağlıdır. Burada əsasən, dünya iqtisadiyyatında baş verən proseslərlə bağlı təqdim edilən layihədə əks olunub. Pandemiyadan sonra dünya iqtisadiyyatında bərpa prosesləri qeyri-bərabər baş verir. Bunun nəticəsində müəyyən logistika zənciri vaxtilə qırılıb. Onun bərpası gözləniləndən ləng getməkdədir. Bu da nəticə etibarilə bir sıra əmtəənin istehlakçılara təqdim edilməsində problemlər yaradıb. Bu isə qiymətlərin artımına gətirib çıxarıb. Heç şübhəsiz ki, Azərbaycan iqtisadiyyatı da bu proseslərdən tam qorunmayıb. Buna görə də Prezident İlham Əliyev müvafiq sərəncam verib. Bu təsirlərin yumşaldılması məqsədilə dövlət başçısı tərəfindən xüsusi tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib”, - deyə S.Şərifov qeyd edib.

Mikayıl Cabbarov: “Azərbaycan yeni inkişaf mərhələsinə daxil olur”

Müzakirədə iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, hazırda Azərbaycan 2022-2030-cu illəri əhatə edən yeni inkişaf mərhələsinə daxil olur. Nazir bildirib ki, karantin rejiminin əhəmiyyəti dərəcədə yumşaldılması və iqtisadi artımın yüksəlməsi şəraitində ÜDM-in artım dinamikasında müsbət meyillər güclənməkdədir: “Qarşımızda iqtisadi artımın daha dayanıqlı hala gətirilməsi, milli iqtisadiyyatın maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi kimi mühüm vəzifələr durur. Bunun üçün müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib”. M.Cabbarov söyləyib ki, Azərbaycanda bu il iqtisadi artımın 5 faizdən çox olması proqnozlaşdırılır. Onun sözlərinə görə, bu ilin 9 ayında qeyri-neft sektorunda əlavə dəyər artıb: “Son illər hökumət tərəfindən sənaye zonalarının inkişafı üçün siyasət həyata keçirilib. Bu günədək ölkədə 510-dan çox investisiya təşviqi sənədi verilib. Dövlət investisiyalarına gəldikdə, 2022-ci ilin ilkin büdcə layihəsində bu istiqamətə əsaslı vəsait qoyulub”.

Nazir 500 milyon manat məbləğində pensiya işlərinin ləğv edildiyini və yaşa görə pensiyanın artım məbləğini açıqladı

"Cari ilin 10 ayında təqribən 500 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib". Bu sözləri isə toplantıya qatılan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Babayev onu da əlavə edib ki, növbəti ildə yaşa görə əmək pensiyasının 358 manatdan 375 manata çatması gözlənilir: “Cari ilin 10 ayında isə biz orta pensiyanın məbləğini 331 manat qiymətləndiririk. Növbəti ildə isə bu məbləğin artaraq 345 manata çatmasını gözləyirik. Bu da birmənalı olaraq ölkədə həm minimal pensiyaların, həm də aztəminatlı ailələrin sosial rifahının dəstəklənməsi və orta pensiya məbləğinin artaraq əhalinin layiqli həyat səviyyəsinin təmin olunması üçün verilən növbəti dəstək tədbiri olacaq".

Hesablama Palatasının sədri: “Fiskal dayanıqlılıq təkcə neft sahəsini əhatə etməməlidir”

Komitənin iclasında iştirak edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, büdcə qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac var: “Büdcə zərfinə daxil olan sənədlərin bəzilərinin informativ xarakterdə olması makrofiskal kontekstdə təhlillərin həyata keçirilməsinə mane olur. Büdcə sistemi haqqında qanunun 12 və 15-ci maddələrinə dəyişiklik edilməsi ilə bağlı təkliflərimizi rəyə daxil etmişik”.

“Fiskal dayanıqlılıqla bağlı proqnozlar büdcə zərfinə daxil olan sənədlərdə tam şəkildə öz əksini tapmayıb. Fiskal dayanıqlılıq təkcə neft sahəsini əhatə etməməlidir”, - deyə Gülməmmədov vurğulayıb.

Palata sədri qeyd edib ki, növbəti ilin dövlət büdcəsinin gəlirləri əvvəlki illərdən çox proqnozlaşdırılıb: “Potensiala yenidən baxılmasının zəruriliyi Hesablama Palatasının rəyində qeyd edilib. Vergi Məcəlləsinə ediləcək dəyişikliklər və digər dəyişiklikləri nəzərə alaraq, vergi və gömrük daxilolmalarında risklərin olmayacağı qənaətindəyik. Hesablama Palatası tərəfindən aparılan təhlillərdə işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində göstərilən xərclər dəstəklənib. 2022-ci ilin dövlət büdcə xərclərini xarakterizə edən növbəti meyl əməyin ödənişi bölməsinin ən böyük göstərici olaraq proqnozlaşdırılmasıdır”.

“Dayanıqlılığa təsir edən əsas amillərdən biri borclanmadır”

“Təqdim olunan məlumatlara əsasən, cari ilin icra göstəricisi əvvəlki illərin icra göstəricilərindən fərqlənmir”, - deyən V.Gülməmmədov söyləyib ki, digər vacib amil başa çatmamış layihələrin həcmidir: “Belə layihələrin sayı təqribən 207-dir. İcrası yarımçıq qalan layihələrin həcminin onlara ayrılan vəsaitdən dəfələrlə çox olacağı qənaətindəyik. Bu istiqamətdə işlərin görülməsini tövsiyə edirik. Eyni zamanda rəyimizdə büdcə qanunvericiliyində yeni anlayışların da qeyd olunmasını təklif etmişik. İnvestisiya layihələrinin səmərəliliyini qiymətləndirmək üçün sənəd də təqdim edilməyib. Vahid büdcə təsnifatının büdcə planlaşması, büdcə uçotu və onların təhlilinə uyğun gəlməməsinə görə çətinliklər yaranır. Vahid büdcə təsnifatının təkmilləşdirilməsinə ehtiyac var. Ötən illərin təcrübəsinə əsaslanaraq dövlət büdcəsinin növbəti proqnozlaşdırılmış kəsrinin daha az məbləğdə olacağını düşünürük”.

“Dayanıqlılığa təsir edən əsas amillərdən biri borclanmadır. Bununla yanaşı, həm daxili, həm də xarici borclanmanın yuxarı həddinin müəyyən edilməsi ilə bağlı əsaslandırıcı sənədlərin də büdcə zərfinə daxil edilməsini təklif edirik. Yeni borc strategiyasının necə hazırlanacağı ilə bağlı məlumatların da büdcə zərfində yer almaması diqqət çəkir”, - deyə Hesablama Palatasının rəhbəri bildirib.

Müəllif: Anar Bayramoğlu