Gələcəyimiz karantin altında

Cəmiyyət

13.06.2020 - 13:50

Mövcud problem uşaqların psixologiyasına mənfi təsir göstərir

 

Uzun müddətli özünü təcridetmə, hətta böyüklər üçün də çətin bir sınaq oldu, onun uşaqlara təsirindən isə danışmaq belə, istəməzdik. Mütəxəssislər qeyd edirlər ki, məhz bu dövrdə yetkinlik yaşına çatmayanlar üçün psixoloji dəstəyə ehtiyac artmaqdadır.

 

“Etibarlı Gələcək” İctimai Birliyi (İB) ölkənin müxtəlif bölgələrindən olan məktəb psixoloqları üçün təlimlərə başlayıb. Bu barədə AYNA-ya İB-nin icraçı direktoru Kəmalə Aşumova məlumat verib.

 

Onun sözlərinə görə, karantinə və işçilərin qismən işdən uzaqlaşmalarına baxmayaraq, "Etibarlı Gələcək" və uşaqların “qaynar xətt”i işlərini davam etdirir. Aprelin ortalarından etibarən, COVID-19-un yayılması təhlükəsi ilə əlaqədar bütün təhlükəsizlik tədbirlərinə riayət etməklə normal iş həyatına keçiblər.

 

“Karantin zamanı “qaynar xətt”ə uşaqlar və böyüklər tərəfindən çox sayda zənglər daxil oldu və əməkdaşlarımız insanları problemlər içində qoya bilməzdilər. Dövlət qurumları, xüsusən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və polis idarələri bizə yardımçı oldu və yardım etməkdə davam edirlər. Uşaq “qaynar xətt”inin operatorları, sosial işçiləri və vəkilləri yetkinlik yaşına çatmayanların problemlərinin həllində fəal iştiraklarını davam etdirdilər”, - Aşumova deyib.

 

“Vəziyyətin təhlili karantindən sonra vəziyyətin bir müddət gərgin qalacağını göstərir və dəstək üçün UNİCEF, USAİD, Təhsil və Səhiyyə nazirlikləri ilə əlaqə quraraq yeni bir layihəyə başlamaq qərarına gəldik. Bu təşkilatlar bizə dəstək oldu, buna görə onlara minnətdarıq”, - o, əlavə edib.

 

Həmsöhbətimizin dediyinə görə, layihənin əsas məqsədi COVID-19 pandemiyası zamanı uşaqlarda və gənclərdə psixo-emosional problemlərin aşkarlanması və qarşısının alınması, məktəblərdə pandemiyadan sonra şagirdlərin psixi sağlamlıq problemləri, məktəb işçiləri və ailələrin mövcud problemləri həll etməyə kömək edə biləcək xidmətlərlə əməkdaşlığıdır: “Uşaqlar ən çox özünütəcriddən əziyyət çəkiblər. Onların nəinki təhsil hüququ, həm də sərbəst istirahət, ünsiyyət hüquqları pozulub. Hər valideyn, hətta evdə daim olmasa da, uşağı ilə danışır. Hazırda bir çox uşaqlar təklikdən, anlaşılmazlıqdan əziyyət çəkirlər. Uşaqlar tez-tez məişət zorakılığının şahidi və qurbanı olurlar. Karantin dövründə yeniyetmələr əvvəlkindən daha çox intihar əhval-ruhiyyəsi içərisindədirlər”.

 

Aşumovanın dediyinə görə, pandemiya və karantin tədbirləri səbəbindən bir çox uşaq çaşqınlığa uğrayır və hara müraciət edəcəyini bilmir: “Karantin ləğv edildikdən sonra vəziyyət dərhal yaxşılığa doğru dəyişməyəcək. Yığılan və sonrakı pandemiya problemlərini həll etmək üçün layihəyə başlamağı və məktəb psixoloqlarının işini yaxşılaşdırmağı, dəstəyə ehtiyacı olan uşaqların reabilitasiyasını dərinləşdirməyi qərara aldıq. Psixi Sağlamlıq Mərkəzi də layihəyə cəlb olundu. İndi Mərkəzin mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə Azərbaycanın hər yerindən 70-ə yaxın məktəb psixoloqu iştirak edir. Layihə iki hissədən ibarətdir: Birincisi, Psixi Sağlamlıq Mərkəzi ilə birlikdə, ikincisi "Etibarlı Gələcək" tərəfindən tam şəkildə həyata keçiriləcək”.

 

“Biz bölgələrlə işləyirik və uşaqların ən çox təsirləndiyi, eləcə də məktəb psixoloqlarının kənarda qaldığı yerləri bilirik. Onlara uşaqlarla necə işləmək lazım olduğunu, hansı diaqnostikaya ehtiyac yarandığını, ailələrlə necə işləməyi öyrətmək lazımdır. Bir dəfə uşaqla danışmaq yetərli deyil, ona uyğun bir yanaşma tapılmalıdır”, - o, qeyd edib.

 

Direktor diqqətə çatdırıb ki, layihədə uşaqların “qaynar xətt”i barədə məlumat verilən məktəb direktorları da iştirak ediblər: “İstərdim ki, məktəblər müvafiq halları “qaynar xətt”ə, reabilitasiya mərkəzlərinə göndərsinlər. Təhsil müəssisələrinin işçiləri bilməlidirlər ki, bunlar onlara kömək əli uzadacaq strukturlardır və onlarla birlikdə məktəblilərin problemlərini həll edəcəklər. Həm uşaqlar, həm də məktəbin özü bundan faydalanacaq, bu vəziyyətdə heç bir mənfi hal olmayacaq”.

 

Psixi Sağlamlıq Mərkəzinin (PSM) direktoru Fuad İsmayılov isə AYNA-ya açıqlamasında Mərkəzin 4 işçisinin təlimlərdə iştirak etdiyini söyləyib: “İki uşaq psixoloqu və psixiatr, eyni zamanda koordinator var. Təlimlərdə müzakirə olunan mövzuların dairəsi genişdir. İndi orta məktəblərdə məktəb psixoloqu vəzifəsi çox vaxt boş qalır və ya bu vəzifə hər hansı bir müəllim, məsələn, coğrafiya müəllimi tərəfindən idarə olunur. Bir çox məktəb psixoloqunun məktəblilər arasında psixi sağlamlıq problemlərini müəyyənləşdirmək və lazımi şəkildə cavab vermək üçün kifayət qədər təhsili yoxdur”.

 

“Pandemiya məktəblilərin bəzi problemlərini aşkarladı və yenilərinin isə ortaya çıxmasına səbəb oldu. Beləliklə, yeni dərs ilində şagirdlər uzun fasilədən sonra yenidən məktəbə uyğunlaşmaq məcburiyyətində qalacaqlar və uşaqların müəyyən faizi bu məsələdə psixoloji dəstəyə ehtiyac duyacaqlar. Müzakirə üçün digər vacib bir mövzu məktəblərdə təhqir, yəni şagirdlərdən birinin digərlərinə təcavüzdür. Bunu vaxtında müəyyənləşdirməyi bacarmalıyıq və belə hallarda nə edəcəyimizi bilməliyik. Təlimlərdə məktəb rəhbərliyi ilə məktəb psixoloqları arasında qarşılıqlı əlaqəni necə düzgün təşkil etmək də müzakirə olunur”, - İsmayılov vurğulayıb.

Müəllif: Elya Belskaya