Toqquşma zamanı heç kim sağ qalmayıb: ölənlərin kimliyi barədə məlumat verilməyib
Finlandiyanın qərbindəki Eura aerodromunun yaxınlığında Tallinndən havaya qalxan iki helikopterin toqquşması 5 nəfərin ölümü ilə nəticələnib. AYNA.AZ xəbər verir ki, bu barədə Estoniyanın ERR milli dövlət televiziyasının portalı ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Bundan əvvəl Finlandiyanın “Yle” ictimai yayımı yerli xilasetmə xidmətinə istinadən məlumat verib ki, bu gün səhər saatlarında ölkənin qərbindəki Satakunta əyalətində iki helikopter toqquşub.
Finlandiya polisi daha sonra iki yüngül “Robinson R44 Raven” helikopterinin göyərtəsində beş nəfərin olduğunu təsdiqləyib - ikisi birində, üçü digərində.
Estoniya Xarici İşlər Nazirliyinin konsulluq yardımı departamentinin direktoru Marqus Särglepp bildirib ki, ilkin məlumata görə, toqquşma zamanı heç kim sağ qalmayıb. O ölənlərin kimliyi barədə məlumat verməyib.
Estoniya KİV-lərinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, söhbət Estoniyadan olan bir neçə sahibkardan gedir.
Finlandiya Müdafiə Nazirliyi də bundan əvvəl ölkənin hava məkanında baş verən toqquşmanın Finlandiyanın hərbi obyektləri və ya hərbi texnikası ilə heç bir əlaqəsi olmadığını vurğulayıb.