Fransada aksiyalar davam edir: 62 polis xəsarət alıb

Dünya

29.11.2020 - 21:58

“Silahları endirin ki, biz də kameraları endirək!” şüarı ilə keçirilən aksiyalarda 133 mindən çox vətəndaş iştirak edir

 

Fransada “Qlobal təhlükəsizlik” barədə qanun layihəsinin əleyhinə keçirilən mitinq zamanı təhlükəsizlik qüvvələrinin 62 əməkdaşı xəsarət alıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, 23 polis Parisdə keçirilən etiraz aksiyasının gedişində, digərləri isə əyalətlərdə yaralanıblar. Aksiyalar zamanı 80-dən çox şəxs polis tərəfindən saxlanılıb.

 

Qeyd edək ki, noyabrın 28-də Fransanın 70 şəhərində polis əməkdaşlarının foto və videosunu çəkməyi qadağan edən “Qlobal təhlükəsizlik” haqqında qanun layihəsinə etiraz olaraq aksiyalar başlayıb. Nümayişlər jurnalistlərin həmkarlar ittifaqı, İnsan Hüquqlarının Müdafiəsi Liqası və digər ictimai birliklər tərəfindən başladılıb.

 

“Silahları endirin ki, biz də kameraları endirək!” şüarı ilə keçirilən aksiyalarda 133 mindən çox vətəndaş iştirak edir.

Müəllif: Ayna.az