““Barselona"nı məğlub etməməyimiz fəlakət deyil”
“Real Madrid” futbol klubunun prezidenti Florentino Perez vəzifəsindən getmək niyyətində olmadığını açıqlayıb və klubun direktorlar şurası üçün erkən seçkilər elan edib.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Peres açıqlamasında "sizə bildirirəm ki, istefa vermək niyyətim yoxdur. Bu direktorlar şurasının yenidən seçiləcəyi seçkiləri elan edirəm. Elə bir vəziyyət yaranıb ki, insanlar "Florentino Perez haradadır?" deyə soruşduqları üçün mənə qarşı kampaniya başlayıb. Deyirlər ki, məndə ölümcül xərçəng xəstəliyi var, yorğunam” söyləyib.
“Jurnalistlər niyə ən yüksək səviyyəli kluba hücum edirlər? Bizdə hər şey var. Biz ən yüksək gəlirə, ən bahalı heyətə malik klubuq. Dünən "Barselona"nı məğlub etməməyimiz fəlakət deyil. Bu, mənə qarşı hazırlanmış bir kampaniyadır", Peres əlavə edib.
Qeyd edək ki, “Real Madrid” 2025/26 mövsümündə heç bir titul qazana bilməyib. Əzəli rəqibi “Barselona” isə İspaniya çempionu titulunu erkən qazanıb. “Real Madrid” Çempionlar Liqasında dörddəbir finalda və Kral Kubokunun 1/8 finalında məğlub olub.
Daha əvvəl mediada Joze Mourinyonun Alvaro Arbeloanın yerinə komandanın yeni baş məşqçisi olacağı bildirilirdi.
Perez 2000-ci ildən 2006-cı ilə qədər "Real Madrid"in prezidenti vəzifəsində çalışıb və 2009-cu ildə yenidən bu vəzifəyə qayıdıb. Klubun prezident seçkiləri 2029-cu ilə planlaşdırılırdı.