Qarşılaşmada hesab artıq matçın 1-ci dəqiqəsində açılıb
"Dijon" futbol komandası Fransa kubokunun 1/4 final matçında "Pari Sen-Jermen”i (PSJ) qəbul edib.
AYNA-nın məlumatına görə, görüş Dijonda "Qaston Jerar" stadionunda baş tutub və qonaqların böyük hesablı qələbəsi ilə qurtarıb.
Qarşılaşmada hesab artıq matçın 1-ci dəqiqəsində açılıb – “Dijon"un müdafiəçisi Vesley Lautoa avtoqol müəllifi olub. Bundan 12 dəqiqə sonra meydan sahiblərinin hücumçusu Munir Şuiar hesabı bərabərləşdirib – 1:1. Birinci hissənin sonunda - 44-cü dəqiqədə “parislilər”in hücumçusu Kilian Mbappe PSJ-ni yenidən hesabda irəli çıxarıb.
Altı dəqiqə sonra müdafiəçi Tyaqo Silva qonaqların növbəti qoluna imza atıb.
Matçın 55-ci dəqiqəsində yarımmüdafiəçi Pablo Sarabiya Paris komandasının azarkeşlərini növbəti dəfə sevindirib. Qarşılaşmanın 86-cı dəqiqəsində "Dijon" müdafiəçisi Senu Kulibali ikinci avtoqola imza atıb. Oyuna əlavə edilmiş vaxtda Sarabiya dubl edib.
Beləliklə, PSJ Fransa kubokunun 1/2 finalına çıxıb, “Dijon" isə yarışdakı çıxışını başa vurub