“Artıq kənar hərbi yardımlar da Ermənistanı xilas edə bilməz”

Aktual

09.11.2020 - 14:39

BMTM yetkinlisi: “Hər kəs gördü ki, erməniləri qoruyan və onlardan istifadə edən qüvvələr son nəticədə onları qoruya bilmədilər”

 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE xəbər agentliyinə videokonfrans formatında müsahibə verib. Azərbaycanın anti-terror əməliyyatları fonunda baş tutan müsahibəni sözügedən agentliklə yanaşı, İspaniyanın digər nüfuzlu mətbuat orqanları da “Azərbaycan Prezidenti: “Ermənistan gedərsə, biz müharibəni dərhal dayandıracağıq”, “Əliyev indi Ermənistan rəhbərliyi ilə danışıqlar masasına əyləşməyin mənasını görmür” sərlövhələri ilə dərc edib.

 

Müsahibədə Azərbaycan Prezidenti 2018-ci ildən hakimiyyətdə olan Nikol Paşinyanla dəfələrlə görüşdüyünü, lakin bütün görüşlərin, demək olar ki, faydasız olduğunu diqqətə çatdırıb.

 

Müsahibədə ən maraqlı məqamlardan biri də ölkə başçısının Ermənistana göstərilən hərbi dəstəyə münasibət bildirməsi olub: “Türkiyənin bizə hərbi dəstək göstərdiyini həmişə deməyə davam edənlər, nəyə görə vasitəçi Minsk Qrupunun həmsədri olan Rusiyanın Ermənistana hərbi dəstək göstərdiyini demirlər? Bizim əlimizdə sübutlar var, bu 40 gün ərzində Ermənistanın hansı məbləğdə silahla təchiz edildiyi ilə bağlı məlumatı Rusiya rəsmilərinə təqdim etmişik. Niyə heç kim bu barədə danışmır? Gəlin, bunun haqqında danışaq, gəlin, ədalətli olaq”.

 

Onu da qeyd edək ki, dövlət başçısı bundan əvvəlki müsahibələrində də Ermənistana göstərilən hərbi dəstəyi və bu dəstəyin münaqişənin həllinə mane olmasını dəfələrlə vurğulayıb. Aydındır ki, Ermənistanın əldə etdiyi silah-sursatın maddi dəyəri büdcəsindən kifayət qədər çoxdur. Ölkə başçısının da dediyi kimi, bu durum Ermənistana hərbi dəstək verilməsinin sübutudur.

 

AYNA-nın mövzuya dair suallarını Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Fuad Çıraqov cavablandırıb.

Fuad Çıraqov nüfuzlu jurnalda Ermənistanı “məhv etdi” - modern.az

- Fuad bəy, Azərbaycan və Ermənistanı danışıqlara dəvət edən ölkələr Ermənistana hərbi dəstək göstərməyə davam edir. Bunu ölkə başçısı da müsahibələrində dəfələrlə vurğulayıb. Ermənistana bu hərbi dəstək münaqişənin miqyasına nə dərəcədə təsir edir?

 

- Ermənistana hərbi dəstək verilməsəydi, ümumiyyətlə Ermənistan Azərbaycan torpaqlarını heç vaxt işğal edə bilməzdi. İşğal etsə belə, əlində saxlaya bilməzdi. Əlində saxlasaydı da, bu qədər müqavimət göstərə bilməzdi və Ermənistan çoxdan sülh yolu ilə problemin öz həllini tapmasına razı olardı. Məhz, sözügedən dəstək bütün bunların əksinin olmasına şərait yaradıb.

 

- Bir tərəfdən Azərbaycan və Ermənistanı sülh danışıqlarına dəvət edir, digər tərəfdən Ermənistanı silahlandırırlar...

 

- Məlumdur ki, Ermənistana kənar ölkələr tərəfindən hər zaman dəstək göstərilib. Amma bu dəstək qeyri-səmimilik, vasitəçilk prinsiplərinə və əxlaqına sığmayan davranışlardır. Çünki vasitəçi tərəf neytral və tərəfsiz olmalıdır. Amma təəssüflər olsun ki, vasitəçilər heç vaxt neytral mövqe nümayiş etdirməyiblər. Əslində, biz həmişə tənqid edirdik ki, burada neytrallıq da lazım deyil, çünki bu məsələdə göstərilən neytrallığın özü də ədalətli yanaşma deyil. Çünki işğalçı ilə işğala məruz qalan ölkə arasında bərabərlik və neytrallıq ola bilməz. İşğalçı beynəlxalq hüququn prinsiplərini pozan cinayətkar tərəfdir, digəri isə təcavüzə məruz qalaraq zərər çəkən ölkədir. Burada hansı neytrallıq ola bilər?! Lakin vasitəçilər, hətta bu neytrallığı da qoruyub saxlmayıb və əleyhimizə bitərəflik nümayiş etdiriblər.

 

- Kasıb, böyük resursları olmayan ölkəyə bu dəstəyin göstərilməsində məqsəd nədir?

 

- Ermənistan geopolitik maraqlar, siyasi qrupların maraqları üçün bir vasitədir. Bu dövlət layihəsi də süni şəkildə təşkil edilib. Məlumdur ki, bu coğrafiyada, bu regionda heç vaxt erməni dövləti, siyasi qurumu olmayıb. Ermənilər sadəcə etnik azlıq kimi müxtəlif ərazilərdə yaşayıb, işləyib, ömürlərini sürüblər. Yəni, bir dövlət kimi formalaşmayıblar. Sonradan onlara dövlət yaradan, dəstək verənlər olub ki, bunların da kim olduğu məlumdur. Məqsəd də siyasi oyunlarda onlardan istifadə etmək olub. Amma onlar öz-özlərindən eyforiyaya qapılıb və özlərini dövlət qura biləcək gücdə hesab ediblər. Lakin gördük ki, onları qoruyan və istifadə edən qüvvələr son nəticədə onları nə saxlaya, nə də qoruya bildilər.

 

- İlham Əliyev də son müsahibəsində Ermənistana göstərilən hərbi dəstəyin Minsk Qrupunun həmsədr üzvü Rusiya tərəfindən göstərildiyini bir daha vurğuladı. Bunu Rusiyaya növbəti mesaj kimi dəyərləndirmək olarmı?

 

- Əslində bu, ismarıcdan daha çox ölkə başçısının açıq və səmimi mövqeyidir. Düzdür, müəyyən səbəblərə görə əvvəllər bu məsələlər açıq şəkildə səsləndirilməsə də, bütün ictimayyət, ekspetlər bunu bilirdi. Azərbaycan tərəfi də Rusiyaya açıq şəkildə mesaj göndərdi ki, bu müddət ərzində Azərbaycan Rusiyanın maraqlarına ziddiyyət təşkil edən heç bir addım atmayıb, heç bir koalisiyaya qoşulmayıb, bu kimi planlara daxil olmayıb və Azərbaycandan Rusiyaya heç bir ziyan gəlmir. Amma əvəzində Rusiya yenə də bu siyasətini davam etdirir. Təbii ki, bu mövqe mütləq ortaya qoyulmalı idi. Çünki artıq hər şey aydınlaşıb. Elə cənab Prezidentin də dediyi kimi, “indi həqiqət anıdır”. Yəni, həm dövlətimiz, həm xalqımız, həm də Prezidentimizin özü üçün həqiqət məqamıdır.

 

- Rusiya açıq-aşkar proseslərə müdaxilə etmədiyini bildirsə də, Ermənistana hərbi yardım göstərməyə davam edir. Hətta, bugünlərdə Rusiyadan Ermənistana növbəti dəfə humanitar yardım adı ilə silah aparıldığı ilə bağlı məlumatlar yayıldı…

 

- Onsuz da Ermənistana hərbi yardım göndərilməsi yeni bir məsələ deyil. Hətta, biz bu yardımların Tovuz döyüşlərindən sonra daha da intensivləşdiyini gördük. Bu hərbi yardımlar da maksimum mərmilər ola bilər ki, o da bir gündə israf olunan təchizatdır. Onsuz da Azərbaycan Ordusu bu yardımları ya məhv edir, ya da hərbi qənimət kimi ələ keçirir. Ona görə də bu yardımların Ermənistana heç bir köməyi ola bilməz. İstər xarici, istərsə də yerli ekspertlər də bunu deyə bilər ki, münaqişəyə birbaşa üçüncü tərəflərin müdaxiləsi olmasa, Ermənistanı artıq heç bir hərbi yardım xilas edə bilməz.

Müəllif: Mərahim Nəsib