Samir Şərifov: “Xaricdə istehsal edilən peyvəndin ilk sifarişçisi olmağımız təmin olunub”
Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə pandemiya ilə mübarizə sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilib və keçirilməkdədir. AYNA xəbər verir ki, bu sözləri Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazirin sözlərinə görə, ölkədə çarpayı sayı artırılıb, yeni cihazlar, avadanlıqlar alınıb: “Yeni xəstəxanalar tikilib, xaricdən mütəxəssislər cəlb edilib, xaricdə istehsal edilən peyvəndin ilk sifarişçisi olmağımız təmin olunub. Xəstəliklə mübarizə üçün peyvəndləməyə gələn ilin əvvəlindən başlanacaq”.
Şərifov onu da qeyd edib ki, 2021-ci il və sonrakı 3 il üçün dövlət və icmal büdcələrinin layihələri ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, dövlətin iqtisadi inkişafı kimi layihələr əsas götürülməklə hazırlanıb.
“Növbəti il kontrisklik büdcə siyasəti davam etdiriləcək. Amma dövlət tərəfindən iqtisadiyyata əlavə pul təklifi iqtisadi fəallığı canlandırmaq, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına sürətli transfertinin həyata keçirilməsi üçün davam edəcək”, - deyə nazir əlavə edib.