Ermənistan onu axtarır: qaranlıq otaqda qara pişik axtarışı

Siyasət

01.02.2024 - 17:30

Ermənilər nəyin xəyalını qururlar və ya “üçüncü qüvvə” haradır?

İzləyicilərin yüksək olduğu Ermənistanın “Telegram” kanallarında son vaxtlar cəmiyyətin siyasi əhval-ruhiyyəsini müəyyən etmək üçün onlayn sorğular aparılır. “EADaily” xəbər verir ki, belə bir araşdırma bir neçə gün əvvəl “Verelq TG” kanalında baş tutub. Nəticə isə çox maraqlıdır: cəmiyyətin əksər hissəsi ölkədə alternativin - üçüncü qüvvənin formalaşmasına ehtiyac görür.

Bu onlayn sorğuda 26 min insan iştirak edib. Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyanın düşərgəsi 4% səs toplayıb, bunlar Erməni Milli Konqresinin (AMK) sadiq tərəfdarlarıdır. İkinci Prezident Robert Köçəryana və onun rəhbərlik etdiyi “Hayastan” blokuna gəlincə, parlamentdə təmsil olunsa da, bu müxalifət qüvvəsi onlayn səsvermədə ciddi səs toplaya bilməyib.

Üçüncü Prezident Serj Sarqsyanın (son vaxtlar Respublika Partiyası ilə fəallıq göstərir) da reytinqində ciddi artım qeydə almayıb.

Sorğu zamanı hakim “Mülki Müqavilə” 5% toplayıb və bu, həm də cəmiyyətin əksəriyyətinin hakim komandanın daxili və xarici siyasətindən narazılığını, Qarabağın itirilməsini, korrupsiyaya qarşı mübarizə imitasiyasını əks etdirir.

Sorğu iştirakçılarının təxminən 24%-i qərarsızdır. Görünür, bunlar özlərini “keçmiş-indiki” qarşıdurmasında görməyənlərdir və daha çox yeni simalara, yeni siyasi qüvvələrə üstünlük verməyə meylli olacaqlar.

Bu və son vaxtlar aparılmış bir sıra digər sorğular Ermənistan cəmiyyətinin əksəriyyətinin gözləntilərini və istəklərini ortaya qoyur - artıq heç bir şübhə yoxdur ki, əhalinin təxminən 83%-i nə keçmiş hökumət nümayəndələrinə, nə də indiki siyasi komandaya inanır. “Verelq” ekspertlərinin fikrincə, cəmiyyət yeni simaları, ideyaları və proqramları ilə arenada yeni, üçüncü qüvvə görmək istəyir. Yalnız belə bir qüvvə formalaşsa, cəmiyyətin müxtəlif təbəqələrinin konsolidasiyasından, Ermənistanın üzləşdiyi çətinliklərin öhdəsindən gəlməkdən danışmaq olar.

Bu, şübhəsiz ki, maraqlı tapıntıdır. Ancaq sual olunur: bu “alternativ qüvvələr” haradadırlar? Onlar haradan gəlib həm Paşinyana, həm də “Qarabağ klanı”na qarşı çıxan ən populyar siyasi partiyaya çevrilməlidirlər? Bütün bunlar bir növ fantaziyaya bənzəmirmi?

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Türkiyəli politoloq, Ankara-Moskva ekspert-analitik şəbəkəsinin aparıcı mütəxəssisi Engin Özər:

“Əvvəla qeyd etmək lazımdır ki, insanların çox narazı olduğu qohumbazlıq və korrupsiya var. Həqiqətən də, ikinci və üçüncü prezidentlərin dövründə onlara yaxın şəxslər həm biznes, həm də qaçaqmalçılıq üzərində hakimiyyəti ələ keçirdilər. Odur ki, bu gün də istifadə etdikləri populist və millətçi şüarlara baxmayaraq, bu qüvvələr özləri üçün kifayət qədər xalq dəstəyini təmin edə bilmirlər. Əslində buna görə də Paşinyan bir anda hakimiyyətə gələ bildi.

Bu siyasətçi Baş nazir olandan sonra Qarabağ klanının təmsilçilərindən yaxa qurtararaq hakimiyyət dairələrində ciddi təmizləmələr apardı. Əslində indi Ermənistana klanları təmsil etməyən adi bürokratlar nəzarət edir. Etiraf etmək lazımdır ki, Paşinyan korrupsiyanın səviyyəsini xeyli azaltmağa nail olub və xarici siyasətdə indi Rusiya ilə Avropa İttifaqı arasında balans yaratmağa çalışır.

Bununla belə, erməni xalqının fikrincə, Paşinyan “Artsaxı itirdi”. Bu, onun əsas çatışmazlığıdır. Baş nazir indi nə edə bilər ki, əvvəlki populyarlığını bərpa etsin? Bu, yəqin ki, Ermənistan iqtisadiyyatını yüksəltmək üçün hansısa iqtisadi və ya infrastruktur layihəsi olacaq.

Burada bir neçə variant var. O, ilk növbədə Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Bu, Ermənistana “Bir kəmər, bir yol” qlobal layihəsinə çıxış əldə etməyə kömək edə bilər.

Amma hazırda mövcud reallığa baxanda erməni xalqının gələcəyə ümidi yoxdur. Kim həmin üçüncü qüvvə ola bilər ki, həqiqətən də Azərbaycanla sülh müqaviləsi bağlaya, bununla bağlı bütün problemləri həll edə, eyni zamanda Rusiya ilə münasibətlərdə hər hansı bir təhlükənin qarşısını almaq üçün normal balansı yarada bilər?

Əgər Ermənistanda əvvəlki klanların heç birini təmsil etməyən və ya onlarla əlaqəsi olmayan daha mühafizəkar, lakin millətçi olmayan qüvvələr meydana çıxsa və eyni zamanda korrupsiyaya qarşı mübarizə kursunu davam etdirsələr, o zaman xeyli sayda tərəfdar əldə edə biləcəklər. Buna inana bilərsiniz”.

Rusiya Elmlər Akademisyasının Postsovet Araşdırmaları Mərkəzinin baş elmi işçisi, tarix elmləri namizədi Stanislav Pritçin:

“Əgər son 3 ildə Ermənistanda alternativ üçüncü qüvvə yaranmayıbsa, bu, o deməkdir ki, bunun üçün hələ heç bir ilkin şərt yoxdur. Əvvəlki hakimiyyətdən və ya indiki hakimiyyətdən asılı olmayaraq blok yaratmağa, alternativ gündəm təklif etməyə və onu fəal şəkildə təbliğ etməyə hazır olan siyasətçi yoxdur.

Burada biz hələ də başa düşməliyik ki, reytinqlərdə Nikol Paşinyana və onun partiyasına çox aşağı səviyyədə dəstək göstərilməsinə baxmayaraq, bu adam hələ də yaxşı oratordur, öz əsas elektoratını tanıyır və seçkilər zamanı onu necə yönləndirməyi bilir. Uduzulmuş müharibədən sonra hakimiyyətdə qalmaq – dünyada belə presedentlər azdır.

Parlament seçkilərində qalib gəlib postunu qoruyub saxlamaq Paşinyanın siyasətçi kimi kifayət qədər istedadlı olmasının göstəricisidir. Menecer kimi onun qarşısında suallar var, amma özünə dayaq tapmaq qabiliyyəti baxımından seçilir və belə şəraitdə təbii ki, üçüncü qüvvənin meydana çıxması xeyli çətindir.

Burada auditoriya ilə ünsiyyət qurmağı, danışmağı, mesajları çatdırmağı bacarmaq lazımdır. Hələlik biz Ermənistanda belə yeni qüvvələr görmürük. Ola bilsin ki, erməni mütəxəssislər artıq bununla bağlı özlərinə kimisə müəyyənləşdiriblər, amma məncə, heç kim yoxdur”.

Müəllif: Rauf Orucov