“Ermənistan Konstitusiyasının absurdları praqmatik addımlara mane olmamalıdır”

Siyasət

29.09.2021 - 13:33

Deputat: “Paşinyanın Azərbaycan və Türkiyə ilə bağlı siyasəti son dərəcə ziddiyyətlidir”

“Ermənistan Konstitusiyasının mətnində Türkiyəyə qarşı ərazi iddialarına istinadlar var. Ondan imtina etməlidirlər. İlk növbədə yeni Konstitusiya hazırlamalı və qəbul etməlidirlər. Ermənistan qədər zəif və tamamilə məhv edilmiş bir ölkə necə Türkiyə qədər güclü bir ölkəyə ərazi iddiaları irəli sürə bilər? Bu, bir növ ruhi xəstəlik kimidir. Ona görə də bundan əl çəkməlidirlər”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində səsləndirib. Bildirib ki, İrəvan Azərbaycana qarşı olan iddialarından da əl çəkməlidir.

“Azərbaycanla münasibətləri normallaşdırmalıdırlar. Əminəm ki, Türkiyə tərəfi hər zaman bölgədə sülhün və genişmiqyaslı əməkdaşlığın tərəfdarıdır. Bu gün də belədir. Türkiyədən çox müsbət siqnallar gəlir. Amma onların Ermənistanda düzgün qiymətləndirilməsi lazımdır... Qoy, Ermənistan yeni yaranmış reallığı düzgün qəbul etsin, bu reallığa uyğun addımlar atsın. Bu halda regionda genişmiqyaslı əməkdaşlıq mümkündür”, - deyə dövlət başçısı vurğulayıb.

Yeri gəlmişkən, bu, müharibədən sonra hələ də diqqət edilməmiş bir mövzudur. Doğrudan da, ölkə Konstitusiyasında bir qonşuya qarşı ərazi iddiaları varsa, Paşinyan bu istiqamətdə ən mütərəqqi niyyəti olsa belə, Türkiyə ilə necə diplomatik əlaqələr qurmağa başlaya bilər? Axı, Konstitusiya əsas qanundur və Baş nazir onu poza bilməz.

Ona görə də Konstitusiyanı dəyişməyin vaxtıdır. Yəni Türkiyə Respublikasına ərazi iddiaları ilə bağlı müddəanı geri götürmək üçün müvafiq referenduma başlanılmalıdır.

Sual olunur: Ermənistan cəmiyyəti buna hazırdırmı? Ehtiyatla, cavabın “bəli” olduğunu güman edə bilərik. Axı, erməni cəmiyyəti bu yaxınlarda Nikol Paşinyanı yenidən Baş nazir seçdi. Bu mövzu ətrafında çox hay-küy qaldırılacaq və bu, təəccüblü olmamalıdır, çünki ölkədəki medianın təsirli bir hissəsi keçmiş hakim komandanın üzvləri trəfindən maliyyələşir və onlara məxsusdur. Ancaq sonda qərarı yenə də səs hüququ olan insanlar verəcəklər.

Mövzunu AYNA-ya şərh edəb Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ermənistan cəmiyyəti ilə bağlı qiymətləndirmələr aparmaqda çətinlik çəkdiyini deyib: “Məncə, həmin cəmiyyət alçaldıcı məğlubiyyət şokunu və ordusunun üstünlüyünə və demokratik nizamına inamlı inancının süqutunu hələ də aradan qaldırmayıb. Ən enerjili, təhsilli ermənilər ölkəni kütləvi şəkildə tərk edirlər”.

“Paşinyanın Azərbaycan və Türkiyə ilə bağlı siyasəti son dərəcə ziddiyyətlidir. Çox güman ki, yaxın gələcəkdə belə qalacaq və Bakı, Ankara, Moskva, Brüssel və Vaşinqtonun təzyiqi altında rasional addımlar atılacaq. Paşinyan və ətrafında dövlət düşüncəsi hələ də izlənilmir və rasional xarici siyasət gündəmi formalaşdırmaq qabiliyyəti görünmür. Axı, onlar erməni cəmiyyətini qonşu ölkələrlə sülh və əməkdaşlıq əlaqələrinin qurulmasının zəruri olduğuna və bunun üçün tarixi fobiyalardan və gerçəkləşə bilməyən iddialardan əl çəkməli olduğuna inandırmalıdırlar”, - deyə deputat söyləyib.

Ermənistan Konstitusiyasının dəyişdirilməsinə və ondan qonşularına qarşı ərazi iddialarının çıxarılmasına gəlincə, Musabəyov qeyd edib ki, Prezident Əliyev haqlı olaraq bunu Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşmasının zəruri komponenti kimi göstərir: “Lakin Ermənistan Konstitusiyasının absurdları konkret problemlərin həlli üçün praqmatik addımların qarşısını almamalıdır. Axı, 75 il keçməsinə baxmayaraq, Rusiya ilə Yaponiya arasında sülh müqaviləsi bağlanmayıb və Yaponiya Konstitusiyasında Kuril adalarının mülkiyyətinə dair maddələr var. Bu, iki ölkənin diplomatik əlaqələrinə, iqtisadi və mədəni əlaqələrinə mane olmur. Bu səbəbdən, hüquqi maneələrə işarə etməklə yanaşı, Türkiyə ilə Azərbaycan nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və s. mövzusunda praktiki həll yollarına hazırdır. Hesab edirəm ki, addım-addım irəliləmək və münasibətlərə müsbət dinamika vermək vacibdir”.

Müəllif: Rauf Orucov