Polis qaydaları pozanları cəzalandıracaq
Mayın 25-dən etibarən Ermənistanda məcburi maska rejimi tətbiq ediləcək. AYNA məlumatına görə, bu barədə fövqəladə vəziyyət zamanı respublikanın komendantı vəzifəsini icra edən baş nazirin müavini Tiqran Avinyan parlamentin iclasında bildirib.
"Mayın 25-dən etibarən maskalar taxmaq yalnız qapalı deyil, həm də açıq ictimai yerlərdə məcburidir. Polis qaydaları pozanları cəzalandıracaq. Evdə hazırlanmış maskalardan da istifadə etməyə izn verilir. Bu, məhdudiyyətlərin azaldılması şəraitində səhiyyə sisteminin bütün xəstələri təmin edə bilməsi üçün edilir", Avinyan bəyan edib.
Qeyd edək ki, Ermənistanda koronavirusun yayılması ilə mübarizə üçün martın 16-dan iyunun 13-dək fövqəladə vəziyyət elan edilmişdi. Son məlumata görə, ölkədə 3860 yoluxma aşkar edilib, 1572 xəstə sağalıb, 49 adam isə ölüb. Mayın 4-dən etibarən respublikada sənaye, xidmət, ticarət və ictimai iaşə işləri qismən bərpa olunub və vətəndaşların sərbəst hərəkətinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.