O, qasırğa nəticəsində zərər görən bölgəyə 1 milyon dollar bağışlayacaq
NBA-nın əfsanəvi basketbolçularından olan Maykl Cordan növbəti dəfə dünya mediasının gündəminə gəlib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Cordan, “Dorian” qasırğası nəticəsində zərər görən Baham adalarına 1 milyon dollar bağışlayacağını bəyan edib.
Köməkçisi vasitəsilə açıqlama yayan Cordan, baş verən hadisələrə görə kədərləndiyini bildirib: “Baham insanları güclüdür. Ümid edirəm ki, etdiyim yardımlar onlara, az da olsa, kömək edəcək”.
Qeyd edək ki, “Dorian” qasırğası Baham adalarında 40, ABŞ-da 5, Puerto Rikoda isə 1 nəfərin ölümünə səbəb olub. Qasırğa nəticəsində yüzlərlə insan itkin düşüb və aparılan araşdırmalar nəticə verməyib.