Ermənilərə qızıl sinidə hədiyyə edilmiş şəhər...

Tarix

29.11.2020 - 22:44

Şuşa şəhərinin tarixi – İkinci  yazı

 

1797-ci ildə Qarabağa etdiyi ikinci yürüşündə Ağaməhəmməd Şah Qacar nəhayət ki, qalanı aldı. “Qarabağnamələr”ə istinadən bildirilir ki, həmin vaxt İbrahimxəlil xan Şuşadan ayrılaraq, Balakənə getmişdi. Lakin Qacar 2 gün orada salamat qala bildi. Öz iki sərdarı tərəfindən qətlə yetirildi və başsız qalan ordusu cənuba doğru yola çıxdı. İbrahimxəlil xan yenidən xanlığının başına keçdi.

 

Şuşa əhalisi

 

Şuşanın XIX əsr tarixini öyrənərkən, hadisələrdən əvvəl yaşayış məntəqələrini və əhalisini araşdırmaq mütləqdir. Çünki hadisələr o qədər mürəkkəb və dəyişkəndir ki, bu, oxucuda fikir ayrılıqlarına və əlavə sullara səbəb olur.

 

Hələ Qarabağ xanlığı ilə Rusiya imperatorluğu arasında 1805-ci ildə “Kürəkçay” müqaviləsi bağlanmamışdı, lakin çar məmurları burada əhalinin tərkibi və yaşayış məntəqələri haqqında qeydlər aparmışdılar. Həmin qeydlərdə yazılanlar xanlığın “Müfəssəl dəftər”indəki faktlarla eynidir.

 

XIX əsrin əvvələrində Şuşada əhalinin 100%-i müsəlman türklər idi. Burada Təbrizli, Culfalı, Saatlı, Köçərli, Merdinli, Hacı Yusifli, Xoca Mərcanlı və bir sıra məhəllələr mövcud idi. Adıçəkilən ərazilərdən Təbrizli və Culfalı məhəllələrində yaşayanlar Qarabağın mərkəzinə həmin şəhərlərdən türk əhalinin köç etməsi ilə bağlı idi. Şuşada, hətta, xanlığın digər mahallarından köçüb gələn müxtəlif tayfalar da yaşayırdı.

Xanlığın “müfəssəl dəftər”indən də aydın olur ki, XIX əsrin əvvələrində Şuşada 2 min ailə yaşayırdı. Bunu tarixçilər, hər ailəyə 5 nəfərdən hesablayaraq, 10 min insanın yaşadığını qeyd edirlər.

 

Birinci Rusiya-İran müharibəsinin (1804-1812) başlanması, müharibənin gedişatı dövründə, 1805-ci ildə Qarabağ xanlığının Rusiya İmperiyasının tərkibinə ilhaq edilməsindən sonra xanlıqda bir sıra el ağsaqqallarının narazılığı, müharibə dövründə yaranan iqtisadi çətinliklər əhalinin buradan köçməinə də səbəb olmuşdu. Tarixçi Mir Mehdi Xəzani də “Qarabağnamələr”də məlumat verir ki, İbrahimxəlil xanın oğlu Əbülfət bəylə birlikdə 4-5 min insan xanlığı tərk etmişdi. Onun 3 mini Şuşa şəhərindən idi.

 

Həmin vaxt Şuşada olan rus generalı P.S.Kotylyarevski də imperatora məruzəsində bildirirdi ki, 1805-ci ildən 7 il ərzində xanlıqdan 4845 müsəlman türk Pənahabad şəhərini tərk edib. Xanlıqda türk əhalinin azalmasına daha bir səbəb, 1822-ci ildə xanlığın ləğv edilməsi prosesi başlayanda xanlıq vəzifəsini icra edən Mehdiqulu xan Cavanşirin İrana özü ilə xeyli azərbaycanlı ailəni də aparması idi.

 

Beləliklə, 10 min nəfər əhalisi olan Şuşada, XIX əsrin 20-ci illərində 2-3 min insan qalmışdı. Həmin əhali də son dərəcə sıxıntılı və çarəsiz yaşayırdı. Lakin Qarabağın xristian əhalisi ruslar tərəfindən xüsusi diqqət və qayğı ilə əhatələnmişdi. Onların bir qismi məliklik ərazilərindən xanlığın mərkəzinə - Şuşa şəhərindəki boşalmış evlərə, mülklərə köçürülürdü.

 

Hətta, general Yermolov Mehdiqulu xandan tələb etmişdi ki, Qarabağda və Şuşada olan bütün xristian əhalinin siyahısını hazırlatsın: “Çünki imperator həzrətlərinin xristian əhaliyə hörməti, qayğısı və diqqəti var. Onların güzəranının xoş keçməsi imperatoru məmnun edəcək”.

 

Sonrakı dövrlərdə İran və Osmanlıdan erməni ailələr Şuşaya köçürülsə də, bu də etnik tərkibi dəyişə bilmədi. 1823-cü ildə Şuşada 1124 müsəlman, 437 xristian ailə yaşayırdı. Bunların cüzi hissəsi İrandan köçürülən ermənilər, qalanları isə xristian albanlar idi. XIX əsrin 30-cu illərində 1698 ailənin 986-sı müsəlman türklər idi.

 

Ümumiyyətlə, Şuşada yaşayan müsəlman əhalinin tərkibi də rəngarəng idi. 1930-cu ilə aid olan çar məmurlarının qeydlərində Şuşada sosial zümrə sayılan aid 56 bəy, 64 müsəlman ruhani, 21 xristian ruhani, 200 tacir, 266 nəfər sənətkar yaşayırdı. 1897-ci ildə Rusiya imperiyası Ümumrusiya siyahıyaalınması həyata keçirdi. O sənədlərdə Şuşa şəhərində 2272 zadəgan, 270 nəfər din xadimi, 416 nəfər tacir, 2738 sənətkar , 97 dövlət məmuru, 334 hərbçi və digərləri qeydə alınmışdı.

 

Şuşada əhalinin sayının kəskin artmasına səbəb Rusiya imperatorluğunun İran və Osmanlıdan ermənilərin kütləvi köçürməsi ilə bağlı idi. Belə ki,  rəsmi sənədlərdə göstərilir ki, 1828-ci ildə bağlanan “Türkmənçay” müqaviləsindən sonra, mərhələlərlə İrandan 40 min, Osmanlıdan isə 84 min erməni Cənubi Qafqaza köçürülmüşdü. Onlar, əsasən İrəvan xanlığının ərazisinə yerləşdirilmişdilər.

Lakin XIX əsrin 40-50-ci illərində Qarabağa, xüsusən də Qarabağın mərkəzi olan Şuşa şəhərinə də ermənilər kütləvi köçürüldülər. Şuşaya daha çox erməni ailələri XIX əsrin 90-cı illərinin sonunda köçürüldü ki, bu da siyahıyaalmalar zamanı çar məmurlarına mərkəzə ötürmək üçün ermənilərlə bağlı böyük rəqəmlər yaratmağa daha da şərait yaratdı.

 

1895-1896 -cı illərdə Osmanlı imperiyasında yaşayan ermənilər sultanın idarəçiliyinə qarşı qiyam qaldırmışdılar ki, sonra həmin qiyamçılar, guya təqibə məruz qaldıqlarından, dəstə-dəstə İrəvana doğru yola çıxdılar. İrəvanda onlarla əvvəl gətirilən ermənilər arasında çaxnaşma düşdüyündən, həmin 75 min erməninin bir hissəsi Qarabağda yerləşdirildi. Şuşa şəhərində də ermənilərin kütləvi artımı məhz bu hadisədən sonra olmuşdu.

 

Beləliklə, köçürülən ermənilərin sayəsində XIX əsrin sonlarında ümumilikdə Qarabağda ermənilərin sayı 4.5 dəfə artdı. Hətta, bəylərdən, qolçomaqlardan torpaqları, mülkləri alınaraq erməni kəndləri yaradırdılar. Bu da yetərli olmayınca Marağ, Canyataq, Aşağı Çaylı, Yuxarı Çaylı ərazilərində də erməni kəndləri salındı. Artıq 1900-cü ildə Şuşada 25.881 nəfər yaşayırdı. 1917-ci ildə isə 43.870 nəfər...

 

İnzibati ərazi bölgüsü

 

Şuşa şəhəri 1840-cı ildə qəza elan edildi və Xəzər vilayətinin tərkibinə qatıldı. 1846-cı ildə Cənubi Qafqazda keçirilən inzibati ərazi quruluşu bölgüsünə əsasən, Şuşa şəhəri Şamaxı quberniyasının tərkibinə, 1868-ci ildə isə Yelizavetpol (Gəncə) quberniyasının tərkibinə qatıldı. Hər dəfə dəyişiklik edildikdə, kəndlərin də bölgüsündə dəyişiklik olurdu.

 

Şuşada qırğın

 

Çar Rusiyasının köməkliyi ilə Şuşada say çoxluğunu ələ alan ermənilər, ruslarla bərabər dövlət idarələrində də vəzifələrə yiyələnirdilər. XIX əsrin ortalarından bəy və qolçomaqların da bir sıra imtiyazları əllərindən alındığına görə, onlar da müsəlman əhaliyə dəstək ola bilmirdilər.

 

Ermənilər isə təşkilatlanır və Qarabağın mərkəzindən müsəlman türkləri sıxışdırıb çıxarmağı planlayırdılar. Erməni qriqorian kilsəsi isə bunu soyqırım, qorxutmaq və şiddət yolu ilə etməyi əmr etdi. 1905-ci ilin 16 avqust tarixində, silahlanmış, gözü dönmüş  erməni quldurları qəflətən Şuşanın kəndlərinə - türklər yaşayan evlərə hücum etdilər. Köçərli və Xəlfəli məhəllələrində 20 ev yandırıldı, qadınlar uşaqlar öldürüldü. Dükanlar yağmalandı. Düşmənin dayanmayacağını görən azərbaycanlılar da onlara qarşı hücuma keçdilər və hər iki tərəf arasında qanlı küçə döyüşləri başlandı. Qubernatorun xahişi ilə tərəflər 19 avqustda döyüşləri dayandırdılar.

1905-ci il erməni vəhşilikləri 1905.az

1906-cı ildə isə rusların da köməyi ilə, ermənilər Köçərli məhəlləsində daha bir soyqırım törətdilər. Bu dəfə onlara Şuşada yerləşən rus qarnizonunun generalı Qalaşçanov əmr vermişdi. 10 min erməni könüllüsü Qarabağın müxtəlif nahiyyələrindən hazır şəkildə Şuşaya yeridilmişdi. Bu haqda yazan M.S.Ordubadi qeyd edir: “5 gün ərzində erməni kəndlərinin qonşuları olan bütün müsəlman kəndləri yandırılaraq məhv edildi. Qan su yerinə axırdı”.

 

“Difai”

 

Ermənilərin törətdikləri qırğınlar getdikcə geniş vüsət alırdı. Artıq Qarabağın digər ərazilərində də evlərə qəfil basqın edərək, insanları öldürürdülər. Həmin hadisələri yaxından izləmiş şuşalı Mir Möhsün Nəvvab öz əsərində qətliamları sadalayıb ki, bu gün biz o əsəri mənbə kimi istifadə edə bilirik.

 

Bu qırğınların qarşısını almaq üçün 1906-cı ildə Azərbaycanda “Difai” (müdafiə) təşkilatı yaradıldı. Onun Qarabağ şöbəsi Kərim Bəy Mehmandarova həvalə edildi və mərkəzi Şuşada açıldı. Qısa müddət ərzində bu təşkilatın Şuşa bölməsinə 400 qarabağlı könüllü yazıldı. Növbəti onillikdə bu təşkilat həm Qarabağda, həm də Şuşada erməni terrorunun qarşısını alamaqda mühüm rol oynadı. 

 

(Ardı var)

Müəllif: Şəhla Cabbarlı