Ermənilər ilk gülləni atdılar: Naxçıvan istiqamətində təxribatın üç məqsədi

Siyasət

03.04.2024 - 10:14

Analitik: “İrəvan və sərhəddə eskalasiya üzərindən bölgə ilə bağlı planlar quranlara “Ermənistana hücum edilir” görüntüsü yaratmaq lazımdır”

Aprelin 5-də Brüsseldə ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Məlumata görə, görüşdə “Ermənistanın təhlükəsizliyi məsələsi” müzakirə olunacaq. Bildirilir ki, görüşün yekununda hansısa sənədin imzalanacağı gözlənilir.

Sözügedən görüşdən əvvəl Ermənistan Azərbaycanla şərti sərhəddə gərginlik yaratmaq, təxribat törətmək niyyətini ortaya qoyur. Belə ki, martın 30-da erməni mediası informasiya yaydı ki, Ermənistan Naxçıvanla sərhəd istiqamətinə qoşun cəmləyir. Aprelin birində Azərbaycan Müdafiə Nazirliyi bu faktı təsdiqlədi. Nazirliyin yaydığı məlumat və görüntülərdən aydın olur ki, rəsmi İrəvan təxribata hazırlaşır.

“Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikasının cəmləşdirilməsi barədə 31 mart 2024-cü il tarixində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat yayılıb. Şərti sərhədboyu Ermənistanın qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması, fortifikasiya qurğularını inşa etməsi bölmələrimizin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınmışdır. Yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir. Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək”, - deyə Müdafiə Nazirliyinin yaydığı məlumatda vurğulanır.

Müdafiə Nazirliyinin aprelin 2-də yaydığı məlumatda isə bildirilir ki, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Brüsseldə üçtərəfli görüşə iki gün qalmış Ermənistanın hazırlaşdığı təxribata artıq başlaması çoxlu mətləblərdən xəbər verir. Analitik Asif Nərimanlı AYNA-ya Brüsseldəki görüş və Ermənistanın şərti sərhəddəki fəaliyyəti barədə danışıb. Siyasi icmalçı müsahibəsində deyib ki, Blinken, Leyen və Paşinyan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər:

- Vaşinqton görüşün “Bakı və İrəvan arasında sülh danışıqlarına aid” olduğunu, rəsmi İrəvan isə “üçüncü tərəfə qarşı olmadığını” desə də, Brüsseldə Ermənistanın “təhlükəsizliyinin gücləndirilməsi” adı altında hərbi paktın əldə edilməsinin planlaşdırıldığı haqda informasiyalar mövcuddur. Birincisi, Azərbaycan Xarici İşlər Nazirliyinin “Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir” açıqlaması rəsmi Bakıda bu haqda informasiyaların olduğunu göstərir. İkincisi, ötən ilin 5 oktyabrında Qranadada Paşinyanla görüşən fon der Leyen “Avropa İttifaqı və ABŞ-ın Ermənistana dəstək məqsədilə birgə planının hazırlandığı” açıqlamasını vermişdi, aprelin 5-də keçirilən görüş də bu planın rəsmiləşməsi məqsədi daşıyır. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bir neçə gün əvvəl bildirdi ki, “Brüsseldə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın aspektləri müzakirə ediləcək, tədbir həm də Ermənistanın müqavimətini gücləndirmək məqsədi daşıyır”.

- “Ermənistanın müqavimətinin gücləndirilməsi” deyəndə nəyi nəzərdə tuturlar?

- Ermənistanın “müqavimətinin gücləndirilməsi” tədbirlərinin Qərbin Rusiyanı bu ölkədən çıxarmaq və Cənubi Qafqazda Moskvaya qarşı yeni cəbhə açmaq planının tərkib hissəsi olduğu bəllidir. İrəvanın Aİ müşahidəçilərini bölgəyə gətirməsi, Fransa tərəfindən silahlandırılması kimi ayrı-ayrı komponentlər ABŞ-Aİ hərbi paktı ilə bütövləşə, Qərbin kollektiv dəstəyinə çevrilə bilər. Bu vəziyyət bütövlükdə regiona qeyri-stabillik vəd edir. Çünki Ermənistanın Qərbin kollektiv hərbi dəstəyini əldə edəcəyi təqdirdə iki istiqamətdə hərəkət edəcəyi ehtimalı böyükdür. Birincisi, Rusiyadan sürətlə xilas olmaqdır. Bu məqsədilə rus hərbçilərinin ölkədən çıxarılması istiqamətində addımlar atacaq, hansı ki, artıq sərhədçilərin çıxarılması gündəmdədir. Daha sonra Gümrüdəki 102-ci baza məsələsi gündəmə gələcək. Bu addım hələlik ritorik müstəvidə reaksiya verən Rusiyanın praktiki müstəvidə hərəkətə keçməsini şərtləndirə bilər. Bu da Ermənistanda və bu ölkə üzərindən bölgədə qlobal toqquşma təhlükəsini yaradır. Belə bir toqquşma riski həm də Azərbaycan-Ermənistan sülh danışıqları prosesini arxa plana keçirə bilər.

- Sülh danışıqlarının arxa plana keçməsi nə vəd edir?

- Qərbin kollektiv dəstəyini alan Ermənistanın Azərbaycana qarşı revanşizm siyasətinə yenidən qayıtması riski var. Ən azı rəsmi İrəvan Bakı ilə indiki kimi “dil tapmağa çalışan” mövqe sərgiləməyəcək. Əslində 44 günlük müharibədən sonra Ermənistan sülh sazişini bölgədə şərtlərin dəyişməsi ümidi ilə daim təxirə salırdı. Qarabağda erməni separatizminin ləğvinə qədər bu kartdan istifadə etməyə çalışdılar. Lakin Azərbaycan suverenliyini bərpa etməklə prosesdə güclü tərəfə çevrildi. Bakı indi də güclü tərəfdir, amma Aİ və ABŞ-ın İrəvana birgə dəstəyi bölgədəki tarazlığı əleyhimizə çevirə. Yaxud ən azı bu tarazlığı poza bilər. Aydındır ki, bu dəstəyi hiss edən Ermənistan həm kommunikasiyanın açılması, həm də sərhədin delimitasiyası məsələsində konstruktiv mövqedən yayınacaq və öz şərtlərini diktə etməyə çalışacaq. Bölgədəki maraqlarını bu ölkə üzərindən həyata keçirən Qərbin də Ermənistanı dəstəkləyəcəyi, Azərbaycanı “razı salmaq” məqsədilə təzyiqlər edəcəyi görünən perspektivdir. Bu baxımdan, 5 aprel görüşü həm region, həm də Azərbaycan üçün risklər vəd edir. Bu riskli perspektivin qarşısını regional ölkələrin – Rusiya, Türkiyə, İran - kollektiv mövqeyi-addımı ala bilər. Çünki Ermənistan üzərindən açılan cəbhə təkcə Azərbaycana yox, bu ölkələrin bölgədəki maraqlarına qarşıdır.

- Paralel olaraq Ermənistanın Naxçıvan istiqamətində sərhədə qoşun cəmləməsində məqsəd nədir?

- Erməni ordusunun hansı məqsədlə kazarmadan çıxdığı məlum olmasa da, hərəkətə keçdiyi dəqiqdir. Çünki 1 aprel-28 iyun tarixlərində Ermənistanda ehtiyatda olanlar da hərbi təlimlərə çağırılıb. Hesab etmək olar ki, canlı qüvvə və hərbi texnikanın hərəkətliliyi bu təlimlərlə bağlıdır. Lakin təlimlərdə müəyyən detallar xüsusilə diqqət çəkir. Birincisi, təlimə çağırılan hərbçilərin sayı 5 minə yaxındır və xüsusi üstünlük zabit heyətinə verilib. Mövcud vəziyyətdə 5 minə yaxın hərbçinin təlimə cəlb edilməsi şübhələrə yol açır. İkincisi, təlimə cəlb edilən hərbçilərin Azərbaycana qarşı təxribatlara cəlb edildiyi təcrübəsi var. Ötən ilin sentyabrında sərhəddə törədilən erməni təxribatından sonra ordumuzun cavab addımları nəticəsində məhv edilən hərbçilər arasında 25 günlük təlimə çağırılanların olması bunu təsdiq edir. Bu kontekstdə Ermənistanın təlim adı altında orduya 5 minə yaxın hərbçi cəlb etməsinin mümkün təxribata hazırlıq məqsədi daşıdığı istisna edilməməlidir.  Ermənistanın Azərbaycanla döyüşmək gücünün olmadığı bəllidir, lakin mövcud situasiyada sərhəddə təxribatlara əl ata biləcəkləri gözlənilən ssenarilərdəndir. Belə bir təxribatla sərhəddə gərginlik yaradacaq Ermənistan hakimiyyəti bundan 4 kəndin qaytarılmasını əsaslandırmaq üçün istifadə edə bilər. Paşinyan Tavuş səfərində “kəndləri qaytarmasaq, müharibə olacaq” demişdi və bunu daxili ictimai rəydə ispatlamaq üçün kiçikhəcmli hərbi macəraya gedə bilərlər. Lakin bu, baş verən proseslərdə kiçik elementlərdən biridir. Əsas hədəfin Qərbin Ermənistanın təhlükəsizliyinə cəlb edilməsi olduğu istisna deyil. Aprelin 5-də Brüsseldə keçiriləcək Ermənistan-Avropa İttifaqı-ABŞ formatındakı görüşün Qərb qüvvələrinin Cənubi Qafqaza girişi üçün qapıların geniş açılması məqsədi daşıdığı da məlumdur. Bu görüş ərəfəsində, yaxud görüşdən sonra Azərbaycanla sərhəddə baş verə biləcək eskalasiya Qərb qüvvələrinin Ermənistanın “təhlükəsizliyinə” cəlb edilməsi üçün əsaslı arqument ola bilər. Eyni zamanda, belə bir eskalasiya Rusiyanın Ermənistandakı mövqelərinin “vurulması” ssenarisində də lazımlıdır. Bu baxımdan, Ermənistanda ehtiyatda olan 5 min hərbçinin cəlb edildiyi hərbi təlimlər və Cənubi Qafqazda gözlənilən planlar fonunda Azərbaycanla sərhədə canlı qüvvə-hərbi texnikanın cəlb edilməsi xəbərləri mümkün təxribat hazırlığına dair gözləntiləri ön plana çıxarır.

- Artıq deyəsən təxribatın ilk siqnalı da oldu. Naxçıvan İstiqamətində Ermənistan ordusu atəşkəsi pozdu...

- Bəli, Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozması təxribatların başlanğıcı ola bilər. Son bir neçə gündə erməni qoşunlarının sərhədboyu ərazilərdə cəmlənməsi, hücum silahlarını yerləşdirməsi və mühəndislik işlərini sürətləndirməsi müşahidə edilirdi. Baş verənlər göstərir ki, erməni qoşunların hərəkətə keçməsi 1 aprel-28 iyun tarixində nəzərdə tutulan hərbi təlimlərlə bağlı deyil. Bunu Ermənistan Müdafiə Nazirliyinin “öz ərazimizdə mühəndislik işləri aparmaq, müdafiəni gücləndirmək suveren hüququmuzdur” açıqlaması da təsdiq edir. Dediyim kimi, aprelin 5-də Brüsseldə keçiriləcək Ermənistan-Avropa İttifaqı-ABŞ formatındakı görüş ərəfəsində Qərb qüvvələrinin bölgəyə cəlb edilməsini əsaslandırmaq üçün sərhəddə müəyyən eskalasiyanın yaradılması gözləniləndir. Bu kontekstdə diqqətçəkən məqamlardan biri Avropa İttifaqı və ABŞ-ın “Ermənistanın sərhədə qoşun toplamadığı” və “sərhəddə sabitliyin olduğu” haqda israrlı açıqlamalarıdır. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də rəsmi Bakının İrəvanın sərhədə qoşun cəmləməsi haqda bəyanatına istinadən “ritorika Ermənistan-Azərbaycan sərhədində gərginliyə və hərbi əməliyyatlara səbəb ola bilər” açqlamasını verdi. Bu yanaşmalar Ermənistanın təxribatı ilə baş verə biləcək mümkün eskalasiyada Azərbaycanı günahlandıracaqlarından xəbər verir.

Ermənistanın “hücuma məruz qaldığı” görüntüsünün üç məqsədi var: Rusiya “hücuma məruz qalan” Ermənistanı müdafiə edə bilmir,  Ermənistanın təhlükəsizliyi və müdafiəsi məqsədilə bölgəyə Qərb qüvvələrinin cəlb edilməsinə ehtiyac var, “hücum edən tərəf” kimi rəsmi Bakıya təzyiq etmək.

- Əslində təxribat gözləntisi Qazax istiqamətindən olsa da, ermənilər Naxçıvan istiqamətini seçdilər. Bunun səbəbi nədir?

- Bəli, təxribatın Qazax istiqamətində olması ehtimalı daha güclü idi. Paşinyan bundan həm də “kəndləri qaytarmasaq, müharibə olacaq” tezisinin təsdiqi üçün istifadə edə bilərdi. Lakin atəşkəsin Qazax yox, Naxçıvan istiqamətində pozulması Azərbaycan ordusunun irəliləməsi qorxusundan qaynaqlana bilər.

Birincisi, mümkün toqquşmada Azərbaycan ordunu sərhədə bitişik 4 kənd istiqamətində irəliyə çəkə bilər və buna görə Bakını ittiham edə bilməzlər. Çünki Paşinyan özü bu kəndlərin Azərbaycana məxsus olduğunu təsdiqləyib. İkincisi, Azərbaycan Ordusu 4 kənd istiqamətində irəliləyəcəyi təqdirdə, “Ermənistan ərazisinə hücum edir” iddiasını irəli sürə bilməyəcəklər. İrəvan və sərhəddə eskalasiya üzərindən bölgə ilə bağlı planlar quranlara “Ermənistana hücum edilir” görüntüsü yaratmaq lazımdır ki, atəşkəsin Naxçıvan istiqamətində pozulmasının da bundan qaynaqlandığını hesab etmək olar.

Müəllif: Anar Bayramoğlu