Erməni diasporu Ukrayna müharibəsini Qarabağa “daşıyır” – Ənənəvi təxribat

Siyasət

15.03.2022 - 22:45

“Türkiyə və Ukraynanın təhriki ilə Azərbaycan hakimiyyəti hazırdır ki...”

Rusiyanın Ukraynaya hərbi təcavüzü ilə bağlı son hadisələr fonunda, Ermənistanın Baş naziri Nikol Paşinyan martın 9-da Parisə gedərək, Fransa Prezidenti Emmanuel Makronla görüşüb. O, həmçinin Avropa Şurasının rəhbəri Şarl Mişel ilə danışıqlar apararaq anti-Rusiya addımları nümayiş etdirir.

Eyni zamanda, Ermənistan mətbuatı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın NATO-nun Brüsseldəki mənzil-qərargahına martın 17-nə planlaşdırılan səfərini açıqlayıb. Mirzoyanın Brüssel danışıqlarının gündəliyi məlum deyil.

Ermənistan rəhbərliyinin Qərblə flört etməsi Paşinyanın aprelin 9-na planlaşdırılan Moskva səfəri ərəfəsində baş verir. Azərbaycan Prezidenti İlham Əliyevin fevral ayında Moskvaya səfəri zamanı Ermənistan silahlı qüvvələrinin qalıqlarının hələ də Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında olması ilə bağlı narazılığını nəzərə alaraq, ehtimal etmək olar ki, Paşinyanla Rusiya lideri Vladimir Putin arasında görüşdə bu mövzu da qaldırılacaq.

İrəvan bunu bilir və vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Bununla bağlı Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasından Azərbaycan ordusunun mövqelərinin atəşə tutulması kəskin artıb. Beləliklə, Ermənistan Rusiya üçün növbəti gərginlik zonası yaratmağa və Rusiyanın Qarabağdakı sülhməramlı missiyasını Qərb qarşısında nüfuzdan salmağa çalışır.

Bir neçə gün əvvəl baş vermiş qəza nəticəsində Ermənistandan Xankəndiyə çəkilən qaz xətti zədələnib. Qarabağ separatçıları iddia edirlər ki, Azərbaycan əsgərləri mövqelərinin yaxınlığında yerləşən qaz kəmərinin təmirinə mane olurlar. Son zamanlar separatçılar tərəfindən mərmilərin atılması fonunda qaz kəmərində baş verən qəza və təmir işləri aparmaq niyyəti müəyyən şübhələr yaradır.

Üstəlik, Qarabağ separatçıları əvvəllər də Azərbaycan ordusunun mövqelərinə yaxın yerlərdə apardıqları hərbi mühəndislik işlərini hansısa kənd təssərrüfatı işləri ilə ört-basdır etməyə çalışıblar.

Bunun fonunda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan bəyan edib ki, “yaxın vaxtlarda Ermənistan və Artsax sərhədlərində hərbi əməliyyatlar gözlənilir”.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının postunun Azərbaycan ordusunun hədəfində olduğu iddia edilir. “Yerində xidmət edən Rusiya sülhməramlılarının postunu hədəfləyən Azərbaycan Rusiya kontingentini oradan sıxışdırıb çıxarmaq, ermənilərin son olaraq Artsaxdan çıxarılmasına nail olmaq məqsədi güdür”.

Akopyanın bütün cəgəngiyyatında əsas fikir sülhməramlı postun guya atəşə tutulmasıdır. Yəni Ermənistan Rusiya sülhməramlılarını təxribata cəlb etməyə, Azərbaycanı işğalçı kimi təqdim etməyə çalışır.

Bu işin informasiya təsirini artırmaq üçün Rusiyanın erməni diasporu da bu aksiyalarda iştirak edir. Belə ki, Rusiya-Ermənistan Təşkilatlarının Koordinasiya Şurası Rusiya Federasiyasının rəhbərliyinə, Rusiya Müdafiə Nazirliyinə və Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanlığına açıq müraciət edib. Azərbaycanın qaz kəmərini zədələməkdə ittiham edildiyi bu müraciətdə Qarabağ ermənilərinin evlərini isitmək üçün qazdan istifadə edə bilmədiklərinə görə humanitar fəlakətlə təhdid edildiyi bildirilir.

“Görünür, Türkiyə və Ukrayna tərəflərinin təhriki ilə Azərbaycan hakimiyyəti Ukraynadakı hərbi münaqişədən istifadə edərək Rusiyanın qüvvələrinə “ikinci cəbhə” açmaq və diqqətini yayındırmaq üçün Qafqazda yeni gərginlik ocağı yaratmağa hazırdır. Belə çətin bir zamanda Rusiyadakı bəzi azərbaycanpərəst qüvvələr bilərəkdən yalan informasiya mesajları yayaraq, Ermənistanı kütləvi informasiya vasitələri vasitəsilə ləkələməyə cəhdlər edir”, - deyə sənəddə iddia olunur.

Eyni zamanda, erməni diasporu Azərbaycanı 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanata uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmaqda ittiham edir: “Biz Rusiya Federasiyasının rəhbərliyini 9 noyabr 2020-ci il tarixli Bəyanatdan, habelə Dağlıq Qarabağda humanitar fəlakətin qarşısını almaq üçün Rusiya Federasiyası Prezidentinin Rusiya sülhməramlı qüvvələrinin hüquq və vəzifələrini müəyyən edən müvafiq fərmanlarından irəli gələn bütün zəruri tədbirləri görməyə çağırırıq”.

Göründüyü kimi, erməni diasporu Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək üçün öz arsenalındakı bütün vasitələrdən istifadə edir, Bakını anti-Rusiya siyasəti həyata keçirməkdə ittiham edir. Baxmayaraq ki, ümumilikdə Ermənistan Üçtərəfli Bəyanatın bəndlərini yerinə yetirməkdən imtina edir. Axı Azərbaycan ordusuna qarşı hərbi təxribatlar təşkil edən Ermənistan Silahlı Qüvvələrinin qalıqları hələ də Rusiya sülhməramlılarının məsuliyyət zonasından çıxarılmayıb.

Müəllif: Asif Aydınlı