“Bir çox sahələrdə ölkələrin fəal əməkdaşlığı nəzərə alınmaqla, cari ikitərəfli gündəlik də nəzərə alınacaq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tezliklə rusiyalı həmkarı Vladimir Putinlə Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlar apara bilər. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” Türkiyə liderinin administrasiyasındakı mənbəyə istinadən yazıb.
Qeyd edilib ki, Ərdoğan noyabrın 13-dən etibarən Fələstin-İsrail münaqişəsi ilə bağlı dünya liderləri ilə “telefon diplomatiyası”na davam edəcək.
Administrasiya rəsmisi Ərdoğanla Putin arasında təmasların təşkilinin mümkün olduğunu bildirib.
“Çox güman ki, cənab Prezident Rusiya lideri ilə regiondakı vəziyyəti müzakirə edəcək. Təbii ki, bir çox sahələrdə ölkələrin fəal əməkdaşlığı nəzərə alınmaqla, cari ikitərəfli gündəlik də nəzərə alınacaq”, - mənbə mümkün söhbət mövzularından danışarkən vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Ərdoğan İsrailin Qəzza zolağına hücumlarını açıq qırğın və barbarlıq adlandırmışdı. Onun sözlərinə görə, İsrailin hərəkətləri çoxdan özünümüdafiə xarakteri daşımır.
Putin isə bildirib ki, Moskva Fələstin-İsrail münaqişəsinin həllində iştirak edə bilər. Rusiya liderinin sözlərinə görə, Rusiya qarşıdurmanın hər iki tərəfi ilə xüsusi əlaqələr qurub.