“Əliyevin bəyanatı Putinə tərs şillə idi”

Siyasət

01.11.2022 - 17:50

Ərəstun Oruclu: “Soçi görüşü Rusiyanın məğlubiyyəti ilə başa çatdı”

Oktyabrın son günü Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Üçtərəfli görüşdən əvvəl Rusiya Prezidenti Ermənistan, sonra isə Azərbaycan lideri ilə təkbətək görüşüb. Təkbətək görüşdə Paşinyan bir neçə məsələnin gündəmə gətirilməsini Putindən xahiş etmişdi. Hansılar ki, o məsələlər Azərbaycanın əleyhinə idi. Əliyev isə Putinlə təkbətək görüşdə Paşinyanın istəklərini demək olar ki, neytrallaşdıra bildi.

“Qarabağ münaqişəsi bitib, tarixdə qalıb, bu barədə müzakirə aparmağa ehtiyac yoxdur. İndi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından danışmaq lazımdır”, deməklə Azərbaycan lideri sanki Ermənistan liderinin üçtərəfli görüşdə müzakirəyə çıxarmaq istədiyi məsələlərin önünü kəsmiş oldu.

Üçtərəfli görüşdən sonra mətbuata danışan Rusiya Prezidenti görüşün çox faydalı olduğunu, bəzi prinsipial məsələlər barədə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yarandığını söyləyib: “Bu gün biz birgə Bəyanatı razılaşdırdıq. Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq. Bununla belə, mən ümumi rəylə razıyam ki, görüş faydalı oldu və bu, bütövlükdə vəziyyətin nizamlanması istiqamətində sonrakı addımlar üçün şərait yaradır. Rusiya öz tərəfindən, qəti və hərtərəfli nizamlamaya nail olmaq üçün nə mümkündürsə, edəcək”.

Liderlərə təşəkkür edən Putin bildirib ki, razılaşdıqları kimi, “əlaqə saxlayacaqlar, bu dialoqu və uzun müddət davam edən bu münaqişəyə nöqtə qoymaq üçün zəruri həllərin axtarışını davam etdirəcəklər”.

Liderlərin üçtərəfli görüşünün yekunları üzrə dərc olunan Birgə Bəyanatda isə qeyd edilib: “Biz Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının Baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin 2022-ci il oktyabrın 31-də Soçidə görüşdük və 9 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il üzrə üçtərəfli bəyanatların icrasını müzakirə etdik. Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi naminə bütün bu sazişlərə ciddi əməl etməyə bir daha sadiqlik nümayiş etdirilib. Biz humanitar məsələlər də daxil olmaqla, qalan vəzifələrin təcili həllinə yönəlmiş əlavə səylər göstərməyə razılaşdıq".

Bəyanatda Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə əsas töhfəsi qeyd edilir, onun regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində vacibliyi vurğulanır: "Biz güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq yalnız suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edərək həllinə razılaşdıq".

Bununla yanaşı, bəyanatda regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyi deyilir.

Tərəflər arasında mövcud imkanlar əsasında qarşılıqlı məqbul həll yollarının axtarışının davam etdirilməsi razılaşdırılıb. Rusiya Federasiyası buna hər cür kömək göstərəcəyini bəyan edib.

Liderlər Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, ekspertlər və dini liderlər arasında dialoqun davam etdirilməsi üçün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müsbət atmosferin yaradılmasının, habelə iki ölkə xalqları arasında etimadı gücləndirmək üçün üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyini qeyd ediblər.

Həmçinin Azərbaycan və Ermənistan liderləri Rusiyanın bu ölkələr arasında münasibətlərin normallaşmasına, Cənub Qafqazda sabitliyin və rifahın təmin edilməsinə bundan sonra da hər cür töhfə verməyə hazır olduğunu alqışlayıblar.

Azərbaycanda Soçi görüşü ilə bağlı analitiklər fərqli fikirdədirlər. Hakimiyyətə yaxınlığı ilə seçilən ekspertlər bildirirlər ki, bu, rəsmi Bakının növbəti diplomatik qələbəsidir. Çünki Birgə Bəyanatda bir dəfə də olsun “Qarabağ” sözü işlədilməyib, Ermənistanın əleyhimizə olan tezisləri gündəmə gətirilməyib. Bəzi analitiklər isə hesab edirlər ki, bu görüş Rusiyanın maraqlarına uyğun idi və əvvəldən gözlənildiyi kimi, hansısa nəticəyə gəlinmədi. Sadəcə Rusiya Cənubi Qafqazla bağlı proseslərin onun nəzarətində olduğunu nümayiş etdirdi və Qərb vasitəçiliyi ilə danışıqların sülhlə nəticələnəcəyinə imkan verməyəcəyini bəyan etmiş oldu.

Soçi görüşü ilə bağlı AYNA-nın suallarını cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Amerikada yaşayan politoloq Ərəstun Oruclu maraqlı məqamlara toxunub. Qeyd edib ki, Soçi görüşündən əvvəl Rusiya Azərbaycana ciddi təzyiq etməyə çalışırdı:

- Putinin “Valday”dakı çıxışı birbaşa Azərbaycanın ünvanına təhdid idi. Qarabağ məsələsi həqiqətən də Azərbaycan üçün bitib və Qarabağ üzərində Azərbaycanın suverenliyi de-fakto tanınır. Bunu bütün dünya, həmçinin Paşinyan da qəbul edir, Putinin dediyi kimi, Qərb də qəbul edir. Belə anlaşılır ki, Putin də bunu başa düşür. Amma Rusiya Prezidenti Qarabağ üzərindən manipulyasiya etmək istədi, Paşinyanın əleyhinə olan ermənilərə mesaj vermək istədi ki, Qarabağı onlara qaytara bilər. Dolayısı ilə erməni müxalifətinə çağırış etdi ki, Paşinyana Qərbə doğru getməyə imkan verməsin. Bu mesajın arxasınca Xankəndidə böyük bir mitinq də təşkil etdilər. Zərrə qədər şübhə etmirəm ki, bu aksiyanı Rusiyanın hərbçiləri və xüsusi xidmət orqanları təşkil etmişdi. Paşinyan isə anladı ki, bu proses təkcə Azərbaycana yox, həm də onun özünün hakimiyyətinə qarşıdır. Bununla, Paşinyan populist tələbləri irəli sürdü.

- Söhbət Paşinyanın Soçidə Putinlə təkbətək görüşündəki tələblərdən gedir?

- Bəli. Paşinyan da başa düşürdü ki, həmin populist tələblər mənasızdır, heç kəs, xüsusilə, İlham Əliyev və Azərbaycan qəbul edəsi deyil. Amma Azərbaycan Prezidentinin görüşdə “Qarabağ məsələsi artıq tarixdir, məsələ iki il əvvəl bitib” deməsi Putinə tərs şapalaq idi. Çünki Putinin bu görüşü keçirməkdə məqsədi Qarabağ məsələsini mübahisələndirmək idi. Putin üçtərəfli görüşdən əvvəl cavabını almış oldu. Hesab edirəm ki, Azərbaycanın mövqeyi İlham Əliyev tərəfindən qəti və birmənalı şəkildə təqdim edildi.

- Üçtərəfli görüşün yekun sənədində hansısa yenilik gözə çarpmır...

- Əvvəldə dediklərimə uyğun olaraq, Birgə Bəyanatda yeni heç nə ola bilməzdi. Bir daha deyirəm, Soçi görüşünün məqsədi Azərbaycanı təhdid etmək, Ermənistanı şirnikləşdirməklə, Qarabağ məsələsini gündəmə qaytarmaq idi. Azərbaycan Prezidentinin mövqeyini kifayət qədər aydın şəkildə ortaya qoyması, “mən bu məsələni müzakirə etməyəcəm” mesajı Əliyevin və Azərbaycanın uğuru idi. Eyni zamanda, Paşinyanın da əslində istəyinə nail olması idi. Dediyim kimi, Paşinyanın tələbləri populist idi. Nikol tələbləri irəli sürməklə Putinin erməni müxalifəti üçün hazırladığı tezisləri müxaliflərin əlindən almış oldu. Soçi görüşü əslində Putinin məğlubiyyəti oldu. Rusiya Prezidentinin Azərbaycanı təhdid və şantaj ideyası, istəyi iflasa uğradı. Bundan sonra məcbur idilər ki, hansısa sənəd ortaya qoyulsun. Formal bir sənədə imza atıldı ki, guya ki, hansısa nəticə oldu.

- Rusiyanın hazırkı situasiyada Azərbaycan və Ermənistandan istəkləri nələrdir?

- Soçi görüşü Kremlin geosiyasi maraqlarından qaynaqlanan ehtiyac idi. Rusiyanın hazırkı geosiyasi durumunda Yaxın Şərqə Cənubi Qafqaz üzərindən çıxışı daha da aktuallaşır. Rusiya bu gün Ukraynada mövqelərini itirə-itirə gedir. Putin görüşdə tərəfləri təhdid etməklə maraqlarını təmin etməyə çalışsa da, bu, alınmadı. Paşinyan “Rusiyanın mövqeyi ilə razıyıq, bunu məqbul sayırıq” deməklə oyun oynadı. Hansısa absurd şərtlər irəli sürən Paşinyan ağılsız deyil, o anlayırdı ki, İlham Əliyev həmin şərtləri qəbul etməyəcək. Əliyev isə ilk dəqiqələrdən açıq şəkildə bildirdi ki, “Qarabağ münaqişəsi bizim üçün tarixdir”. Yəni ki, nəinki müzakirə etmək, bu məsələ Bakının gündəliyindən çoxdan çıxıb. Fikrimcə, formal sənəd qəbul olunmasına baxmayaraq, Soçi görüşü məqsədinə çatmadı.

- Soçi görüşünü rəsmi Bakının diplomatik qələbəsi saymaq olarmı?

- Bakının bu görüşdə uğur qazanması faktı ortadadır. Mənim xatırladığım qədərilə, son 20 ildə ilk dəfədir ki, Azərbaycanın mövqeyi açıq və qəti şəkildə ortaya qoyulub. Şübhəsiz, bu, diplomatik uğurdur. Rəsmi Bakı mövqeyini bildirdi ki, Azərbaycan öz ərazisinin bir parçasını müzakirə etmək niyyətində deyil və nə Putinin təhdidlərindən, nə Rusiyanın təzyiqlərindən çəkinir. Açığını deyim ki, mən bu mövqeyi gözləmirdim. Təqdirəlayiqdir ki, belə mövqe sərgiləndi.

Müəllif: Anar Bayramoğlu