“Əliyev “minanı” Paşinyanın qucağına buraxdı və Putinə mesaj verdi ki...”

Siyasət

17.10.2022 - 14:18

Asif Nərimanlı: “Adekvat addımlarla bağlı xəbərdarlığın İrəvanın geri çəkilməsinə səbəb olacağı gözləntisi azdır”

Astanada MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması barədə danışarkən sərt tənqidlər səsləndirib. Ölkə başçısı Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, buna Azərbaycanın adekvat cavab verməyə məcbur qalacağını vurğulayıb və rəsmi İrəvana xəbərdarlıq edib.

Bununla yanaşı, Prezident Azərbaycana qarşı qərəzli bəyanatlar verən Fransa Prezidenti Emmanuel Makrona da cavab verib. Ölkə başçısı Fransa liderinin ifadələrini vasitəçi dövlətin başçısına yaraşmayan sözlər adlandırıb. Ölkə başçısının Sammitdəki bəyanatlarını, bundan sonra rəsmi Bakının diplomatik gedişlərini AYNA-ya siyasi icmalçı Asif Nərimanlı şərh edib:

- Əliyev Astana Sammitində Makrona sərt cavab verdi. Bu, Avropa İttifaqının təşəbbüsü ilə aparılan Azərbaycan-Ermənistan sülh danışıqlarına necə təsir göstərəcək?

- Azərbaycan Brüssel formatının davam etməsində maraqlıdır. Bu format həm Minsk Qrupu formatına qarşı alternativ platforma olaraq vacibdir, həm də Bakı imzalanması planlaşdırılan sülh müqaviləsinin beynəlxalq zəmanətə malik olmasını istəyir. Avropa İttifaqının vasitəçiliyi bu baxımdan əhəmiyyətlidir, Aİ-nin mövqeyi Avropanın digər ölkələrinin prosesə müdaxilə imkanını azaldır. Fikrimcə, Bakı Aİ çərçivəsində aparılan danışıqların davam etməsinə çalışacaq. Bu prosesdə həlledici ola biləcək iki məqam var: birincisi, Brüssel formatının Şarl Mişel tərəfindən qurulmasıdır; ikincisi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun indi heç olmadığı qədər əhəmiyyətli olmasıdır.

Makron faktiki olaraq bu iki istiqamətdə Aİ-nin mövqeyinə qarşı çıxır. Brüssel formatını mənimsəmək və Mişelin rolunu arxa plana keçirmək istəyir. Bunun üçün Fransanın Aİ-yə sədrliyi dönəmindən istifadə edir, hərçənd ki, Şarl Mişel bu prosesdə arxa fonda qalmaqda maraqlı deyil. Digər tərəfdən, Fransa Prezidenti son müsahibəsində Azərbaycanın enerji resurslarının Avropa üçün əhəmiyyətini azaltdı və qeyd etdi ki, qaz və neft onların “dəyərlərindən” üstün ola bilməz. Makronun dəyər dediyi də Ermənistanın maraqlarıdır. Halbuki Makrondan bir neçə gün öncə Cozef Borell Azərbaycanın enerji resurslarının Avropa üçün indi nə qədər əhəmiyyətli olduğunu demişdi və sanksiyaların gündəmdə olmadığını vurğulamışdı. Makron bu açıqlaması ilə təkcə Bakıya hücum etmirdi, həm də Aİ rəhbərliyini “vururdu”. Bu, o deməkdir ki, Aİ-nin daxilində qarşıdurma var və Fransa hazırda ittifaqa rəhbərlik etsə də, əsas cəbhə Azərbaycanın mövqeyindən çıxış edir. Bu baxımdan, Brüssel formatının Fransasız davam edəcəyini düşünürəm.

- Bakı de-fakto Fransanın vasitəçiliyindən imtina etmiş oldu. Məlumdur ki, sərhədə gələn mülki missiya əsasən fransızlardan təşkil olunur. Missiyanın taleyi necə olacaq?

- Missiyanın taleyi Fransa-Ermənistan-Rusiya üçbucağında həll olunacaq, Azərbaycan bu məsələdə daha çox seyrçi mövqedədir. Çünki missiya Azərbaycan yox, Ermənistan ərazisinə gəlir, Bakı yalnız öz maraqları çərçivəsində əməkdaşlıq edəcək. Bu maraqlar nəzərə alınmasa, əməkdaşlıqdan imtina imkanını özündə saxlayır. Ermənistan və Fransanın sərhədlə bağlı ortaq mövqeyi missiyanın bizim maraqlarımıza uyğun olacağı ehtimalını da azaldır. Lakin Bakının sona qədər səbrlə gözləyəcəyini düşünürəm. Prezident İlham Əliyev Astanadakı çıxışı ilə, belə demək mümkünsə, “minanı” Ermənistanın qucağına buraxdı və Rusiyaya, ümumilikdə KTMT-yə bəyan etdi ki, İrəvan sizin məsuliyyət zonanıza üçüncü tərəfin müdaxiləsinə qapı açır.

Bundan sonra Azərbaycan gözləmə mövqeyinə keçəcək, çünki missiyaya qarşı çıxmaq Qərbdə bizə qarşı cəbhəni genişləndirə bilər. Əliyev topu Putinə ötürdü, missiyanın gəlməsi və bölgədə qalma müddətinin uzanması hər şeydən öncə Rusiyanın maraqlarına ziddir. Moskvanın prosesə seyrçi qalmayacağı bəllidir və ən azı müəyyən adekvat addımlar atılacaq. Artıq bu “döyüşün” nəticəsindən asılı olmayaraq, zərbə alacaq ölkə Ermənistan olacaq. Missiyanın bölgəyə gəlişi təmin edilərsə, İrəvan Moskva qarşısında çətin vəziyyətdə qalacaq. Qeyd etdiyim kimi, Azərbaycan da maraqları təmin edilməyəcəyi təqdirdə missiya ilə əməkdaşlıqdan imtina etmək imkanını özündə saxlayır.

- Milli Məclisin iclasında hakim partiyanın deputatı Siyavuş Novruzovun dilindən səsləndirildi ki, lazım gələrsə, Fransa ilə diplomatik münasibətlərə son verilməlidir. Bu, mümkündürmü?

- Rəsmi Bakı müxtəlif formalarda Fransaya “qırmızı xətləri” keçməmək haqda mesaj verir. Rəsmi açıqlamalar, qanunverici orqanda təmsil olunanların bəyanatları və s. buna hesablanıb. Təcrübə göstərir ki, İlham Əliyev qazanmayacağı mübarizəyə girmir. Bakının mövqeyinin bu qədər sərt olması həm də geosiyasi proseslərdən qaynaqlanır. Hazırda Fransa geosiyasətdə təklənmiş vəziyyətdədir, çünki bu ölkə Avropada ABŞ-a qarşı mərkəzdənqaçma siyasətini yürüdür, eyni zamanda, Ukrayna məsələsində Rusiyanın qarşısını ala bilməməsi Parisin güc mərkəzi olmaq planını zəiflətdi. Avropa İttifaqının rəhbərliyi də Parisin radikal mövqeyini paylaşmır. Bu baxımdan, Fransa Azərbaycana qarşı təkbaşına çıxış edir, geosiyasətdə nə qədər güc kimi qəbul edilsə də, cəbhə qura bilməməsi Bakının əlini gücləndirir.

Fikrimcə, Fransa mövqeyini dəyişməsə, Azərbaycan diplomatik münasibətlərin kəsilməsini aktuallaşdıra bilər. Fransa Senatının Azərbaycana qarşı sanksiya məsələsini müzakirəyə etmək planı da bu prosesdə əsas məqamlardan biridir. Ümumilikdə həm geosiyasi mənzərə, həm də iqtisadi sferadakı əlaqələr Fransa-Azərbaycan münasibətlərində Parisin əleyhinə görünür. Misal üçün, bu münasibətlərdən “Total” şirkəti də zərər görə bilər.

- İlham Əliyev Astanada 10 noyabr Üçtərəfli Birgə Bəyanatın 2 bəndinin icra olunmadığını, bunun icrasından Ermənistan boyun qaçırarsa, adekvat addımlar atılacağını bildirdi. Prezident adekvat addım deyərkən nəyi nəzərdə tutdu?

- Əliyev həm erməni qoşunlarının Qarabağdan tamamilə çıxarılmasını, həm də Naxçıvana manesiz keçidin verilməsi, yəni Zəngəzur dəhlizini gündəmə gətirdi və açıq bəyan etdi ki, bu öhdəliklər yerinə yetirilməsə, adekvat addımlar atılacaq. Bunu Putinin də iştirak etdiyi sammitdə dilə gətirməsi mesajın həm də Rusiyaya ünvanlandığı deməkdir.

Atılacaq adekvat addımlar da müəyyən mənada bəllidir. Erməni qoşunlar çıxarılmasa, Qarabağda antiterror əməliyyatı keçirilə bilər. Zəngəzur dəhlizinin açılmasından imtina qarşılığında atılacaq adekvat addım isə Laçın dəhlizinin bağlanması ola bilər. Azərbaycan Zəngəzur dəhlizində tətbiq ediləcək rejimin Laçın dəhlizində də tətbiq ediləcəyi mövqeyini əvvəldən bildirib. Prezidentin Astanada çıxışı zamanı “Ermənistandan Qarabağa maneəsiz giriş təmin edilir” qeydindən sonra Zəngəzur dəhlizi məsələsinə toxunması deməyə əsas verir ki, Naxçıvana maneəsiz giriş təmin edilməsə, Laçın dəhlizi bağlana bilər. Rusiyaya da göstərilir ki, Azərbaycan bütün öhdəliklərini icra edir, Ermənistan isə onların vasitəçiliyi ilə üzərinə götürdüyü öhdəliklədən boyun qaçırır, ya Moskva bu məsələləri həll etməlidir, ya da Bakı özü həll edəcək.

- Ermənistan konstruktivlik nümayiş etdirərsə, ilin sonunadək sülh müqaviləsinin imzalanması ehtimal olunur. Bu xəbərdarlıq İrəvanın geri çəkilməsi və sazişin imzalanması ilə nəticələnə bilərmi?

- Bu gözləntilər var, hətta açıqlamalar böyük ölçüdə məsafə qət edildiyi görüntüsünü yaradır. Lakin kommunikasiyanın açılması və sərhədin delimitasiyası məsələsində Bakı ilə İrəvanın mövqeyi kəskin fərqlənir. Ermənistan Naxçıvana “maneəsiz keçid” vermir, sərhədin SSRİ dağılanda mövcud olan xətlərlə tanınmasını istəmir, Azərbaycan “maneəsiz keçid” məsələsində israrlıdır, sərhədin də SSRİ və ondan əvvəlki dövrün xəritələri ilə müəyyən edilməsini tələb edir. Astana sammitində Əliyevlə Paşinyanın çıxışı da mövqelər arasında ciddi toqquşmanın olduğunu deməyə əsas verir. İndi siyasi mənzərə elədir ki, Bakı öz mövqeyindən geri çəkilmir və heç bir təzyiq bunu dəyişdirməyəcək, İrəvan isə mövqeyində israr etmək imkanı qazanıb, çünki Qərbdən müəyyən dəstək əldə edib. Bu baxımdan, ilin sonuna qədər sazişin imzalanması bir qədər çətin görünür. Xüsusilə sülh sazişi üçün öncə sərhədin delimitasiya edilməsinin vacibliyini nəzərə alsaq, ehtimal bir qədər də azalır.

Adekvat addımlarla bağlı xəbərdarlığın İrəvanın geri çəkilməsinə səbəb olacağı gözləntisi də azdır. Çünki Ermənistan hakimiyyəti Qarabağdan “imtina edir” və mümkün antiterror əməliyyatında qoşunlarını tamamilə çıxara, əməliyyatı da buna səbəb kimi göstərə bilər. Laçın dəhlizinin bağlanması məsələsini də Ermənistanın mövcudluğu baxımından həyati əhəmiyyətli məsələ hesab etmir. İrəvanın mövqeyinə Rusiya təsir göstərə bilər, Moskva mövqeyini sərtləşdirir, amma Ukraynadakı vəziyyət və beynəlxalq səviyyədə ruslara qarşı cəbhə Ermənistanın mərkəzdənqaçma imkanlarını genişləndirir. Mümkündür ki, biz ilin sonuna kimi sülh müqaviləsi gözləsək də, bunun əvəzinə yeni eskalasiya olsun. Ermənistanın siyasəti buna doğru gedir.

Müəllif: Anar Bayramoğlu