Nə etməli ki, bu xalqı digər xalqlarla yanaşı yaşamağa vərdiş etdirməli?
28 oktyabr günorta saatlarında Bərdə şəhərinə atılan bomba hər kəsi bir yerdə yaxaladı: kimini yolda, kimini həyətinin qapısında, kimini maşınında, kimini səkidə, kimini də iş başında. Amansızlıqla atəşə tutulan insanlar arasında uşaq və ahıllar da var. Erməni vəhşiliyi, abad şəhərin mənzərəsini bir göz qırpımında yanıb külə dönmüş maşınlar, tikə-parça olan insan cəsədləri, başı üstündə haray qoparan, gördüyü mənzərədən şoka düşən insanlarla əvəzlədi. Orada olmasa da, günahsız insanların qətliamını jurnalistlərin obyektivindən izləyənlər göz yaşlarını saxlaya bilmədilər.
“Kənddə işləyirdik, traktor sürürəm. Gördüm, göydə nəsə partladı. Dərhal traktoru öz evimə tərəf sürdüm. Gördüm ki, çal-çəpər hamısı yanıb, dağılıb. Cəhənnəmə dağılsın! Uşağı axtardım, amma tapmadım. Dəli kimi olmuşdum. Gördüm, uşaq qonşunun evindədir. Yaxınlaşanda gördüm ki, bütün bağırsaqları yerə tökülüb. Əlimlə içəri yığdım, əskiyə büküb apardım”…
Bu fikri, qəhərdən nəfəs almaqda çətinlik çəkən, göz yaşları içində boğulan adam – erməni terrorunun qurbanı olan, 7 yaşlı Bərdə sakini Aysu İsgəndərovanın atası, olay yerində jurnalistlərlə danışarkən deyir. Bəli, biz balaca bir uşağın saçına sığal çəkərkən canını incitməkdən qorxduğumuz halda, erməni günahsız körpələrin qanına bais olmaqdan qorxmur. Vəhşiliyinin sərhəd tanımadığını gözü-qulağı bağlı dünyaya bağırır, nümayiş etdirir. Lap elə yeri gəlsə, bizim özümüzə də. Çünki biz hümanist xalqıq, hətta, bəzən o qədər hümanist oluruq ki, qanımıza susamış düşmənin də elədiklərini unudur və ya dəyişdiyinə dair ümidə qapılırıq. O isə nümayiş etdirdiyi namərdliklə bizə, eləcə də bütün dünyaya bəyan edir ki, illər, əsrlər keçməsinə baxmayaraq, xislətindən necə var bərk-bərk yapışıb.
Görünən odur ki, heç dəyişmək fikri də yoxdur. Çünki o, ermənidir, həmin erməni ki, qonşusunun evinə soxulub, ailə-uşağını qanına-qəltən edib, namusuna təcavüz edib və 30 ilə yaxındır ki, bu əməlində özünü haqlı hesab edərək səbrimizi sınayırdı. Bəli, biz həm də çox səbrliyik, bu cür mənfur düşmənə qarşı da səbr nümayiş etdirirdik, artıq bir aydır ki, səbri tükənmiş xalqın əsgəri – Azərbaycan Ordusu həmin erməniyə cəbhədə yerini göstərir, qisasını, qisasımızı alır. Erməni isə həmişəki kimi “böyüklərinin” ətəyindən yapışıb imdad diləyir, bundan bir şey çıxmayanda, əli hər yerdən üzüləndə isə hirsini bu cür – dinc sakinləri hədəf almaqla soyutmağa çalışır.
Yaşanan qələbələr, qazanılan zəfərlər hər birimizi sevindirir, qürurlandırır, lakin namərd düşmənlə apardığımız mübarizənin gedişində müəyyən narahatedici suallar ortaya çıxır: Torpaqlarımız azad edildikdən sonra, qanı nifrət, kin, satqınlıq, namərdliklə yoğrulmuş bu insanlarla normal qonşuluq münasibətində olmağımız, sülh şəraitində yaşamağımız mümkün olacaqmı?
Cümhuriyyət dövrü tarixinin tədqiqatçısı, tarix elmləri namizədi Nəsiman Yaqublunun sözlərinə görə, tarixi rus ensiklopediyasında “Ermənilik xəstəliyi” adlanan bölmə var. Arxivdə işləyərkən sovet dövründə ermənilər haqda nə yazıldığını araşdıran alim, xəstəlik haqda məlumata rus dilindən tərcümədə “Böyük tibb ensiklopediyası” adlanan kitabda rast gəlib. Dediyinə görə, sonradan ermənilər kitabın nəşrini qadağan etsələr də, hazırda o nəşr qalmaqdadır və bizim kitabxanalarda tapmaq mümkündür. Alim, eyni zamanda qeyd edib ki, həmin kitabı Sankt-Peterburq kitabxanasında da tapıb və həmin kitabda xəstəliyin ilk əlaməti bu toplumun ətrafdakı millətlərlə yaşamaq bacarığına malik olmaması göstərilir.
Mövzunu AYNA-ya şərh edən N.Yaqublu deyir ki, bu millət, bu toplum başqa xalqlarla, mədəniyyətlərlə yaşamaq qabiliyyətini itirib: “Buna görə də biz bu xalqla gələcəkdə qonşuluq münasibətlərində yaşamaq haqqında ciddi şəkildə düşünməliyik. Biz bundan sonra nə etməliyik, necə etməliyik ki, bu xalqla yaşaya bilək? Bu sual ətrafında düşünməliyik. Son bir ayda baş verən terror aktları birinci dəfə deyil, son yüz illik tarixə baxsaq, görərik ki, bunlar dəfələrlə bu cür qətliamlar törədiblər. Əsasən türk-müsəlman toplumuna qarşı bu münasibəti göstərsələr də, Rusiyada rus çarına qarşı da terror törədib, Gürcüstanda yaşayan xalqlara, gürcülərə qarşı da iddialarla çıxış edirlər. Baxın, görün bu gün Ermənistanda neçə xalqın nümayəndəsi yaşayır? Bunlar monoton xalqdır, başqa xalqlarla yaşamaq qabiliyyətini itiriblər. Ona görə də bu gün bəşəriyyət, dünya ictimaiyyəti bir məqam haqqında düşünməlidir: necə etməli ki, bu xalqla yaşamaq qaydalarını öyrənməli və ya bu xalqı digər dünya xalqları ilə yaşamağa vərdiş etdirməlidir?”.
Alim çıxış yolu kimi, indidən birinci növbədə özümüzü hazırlamalı olduğumuzu vacib hesab edir: “Diqqət etsək, dünyada belə nümunələrin olduğunu görərik. Məsələn, İsrail dövləti münasibəti yaxşı olmayan dövlətlərlə yaşamaq qaydalarına öyrəşir, eyni zamanda Türkiyə illərdir PKK ilə bu istiqamətdə mücadilə aparır, yaşayır. Yəni biz də fikirləşməliyik ki, bu ermənilərlə qonşu kimi yaşamaq məcburiyyətindəyik. Bundan ötrü cəmiyyəti, insanlarımızı hazırlamalıyıq ki, onların xoş sözlərinə inanmasınlar, gedib yalandan, suni şəkildə qardaşlıq kitabları yazıb xalqın başını aldatmasınlar”.
“Təəssüf ki, bizim bəzi yaradıcı insanlarımız var, bu cür addımlar atır, xalqı onlara qarşı müqavimətdən, mübarizədən çəkindirirlər. Bu, çox qorxulu tendensiyadır. Xalqı bu mübarizəyə hazırlamaq lazımdır, yəni bunlarla yaşayarkən ehtiyatı əldən vermək olmaz. Bunlarla heç bir vaxt dost olmaq mümkün deyil. Dediyi sözlə əməli, törətdiyi cinayət üst-üstə düşən deyil. Kitablarımıza, dərsliklərimizə indidən salmaq lazımdır ki, xalqımız bunlara qarşı müqavimətli olsun. Bilsinlər ki, on ildən, iyirmi ildən sonra həmin xəstəlik baş qaldıracaq. Yüz ildə görün, neçə dəfə bu xəstəlik baş qaldırıb. 1905, 1918, 1992-ci illərdə olduğu kimi, 2020-ci ildə yenə də baş qaldırdı. Gecəyarısı insanlara raket atəşi açırlar, halbuki onlar bizim düşmənimiz olsa da, bunu heç bir azərbaycanlı edə bilməz. Yəni özümüzü hazırlamalıyıq, bunun başqa yolu yoxdur”, - Yaqublu vurğulayır.