“Əgər ordu Paşinyanı devirmək istəsəydi, ssenari başqa cür olardı” - <font color=red> KUZNETSOV</font>

Aktual

25.02.2021 - 18:14

Rusiyalı ekspert: “Baş nazirin “İskəndər”lə bağlı açıqlaması Kremlin onu hakimiyyətdən yıxması üçün səbəb deyil”

 

Ermənistandakı siyasi böhran yeni bir səviyyəyə yüksəldi. Əgər əvəllər hər gün müxalifət mitinq keçirib Nikol Paşinyanı siyasi səhnədən süpürməyə çalışırdısa, indi ordu Baş nazirin istefası tələbi ilə səhnəyə girdi və buna cavab olaraq, Paşinyan “Facebook” səhifəsindən Ermənistan ordusunun Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edildiyini elan etdi.

 

Paşinyan ordunu hərbi çevrilişə cəhddə günahlandırdı və tərəfdarlarını mitinqə çağırdı. Müxalifət və əhalinin bir hissəsi öz tərəflərindən ordunu dəstəkləyərək, mitinq elan etdi. Ermənistandakı daxili siyasi mübarizə kuliminasiya nöqtəsinə gəldi.

 

Rusiyalı politoloq Oleq Kuznetsov AYNA-ya müsahibəsində Ermənistandakı proseslərdən danışıb.

Oleq Kuznetsov : Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq  şəraitində həyata keçirilir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

- İrəvandakı son hadisələr nə dərəcədə çevriliş sayıla bilər? Paşinyan hakimiyyətdə qala biləcəkmi?

 

- İlk baxışdan baş verənlər hərbi çevrilişə cəhd kimi görünür, amma əslində, hərbi çevriliş deyil. Erməni xalqının etnopsixologiyasında milli etatizm və ya dövlət instinkti hissi çox güclüdür və bu səbəbdən ordu heç vaxt müstəqil bir siyasi qüvvəni deyil, həmişə, yalnız arxasında Erməni Qriqorian Kilsəsinin dayandığı siyasətçini dəstəkləyir. Hazırda Eçmiədzin Paşinyanı tam dəstəkləyir, ona görə də Baş Qərargah rəisinin açıqlamasını ölkədəki vəziyyət üçün bütün məsuliyyəti öz üzərinə götürmək niyyəti kimi deyil, siyasi bir demarş kimi qəbul edirəm.

 

Erməni ordusu açıq şəkildə bu ölkədə mövcud olan qarışıqlığı aradan qaldırmağa hazır deyil və bu səbəbdən yüksək çinli zabitlər vəzifələrini itirməmək üçün siyasət oynamağa qərar verdilər. Bu praktikanın nəyə səbəb olduğunu Rusiya 1917-ci ilin fevral hadisələrindən yaxşı bilir. Əgər Ermənistan Baş Qərargahının rəhbəri həqiqətən Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəsəydi, anlaşılmaz açıqlamalar verməz, ətrafına üç yüz qətiyyətli zabit toplayar, Baş nazirin avtomobil karvanını haradasa əhatəyə alar, mühafizəçiləri silahsızlaşdırar, Paşinyanın özünü girov götürərək, hakimiyyətin ötürülməsinə dair sənədləri imzalamağa məcbur edər və ya vurardı.

 

Ancaq açıqlamadan sonra heç bir şey edilmədi: əsgərlər kazarmada, parlamentin, hökumətin, milli televiziyanın binaları, kompleksləri ordu tərəfindən nəzarətə alınmadı, dövlət bankı və digər maliyyə qurumları ilə birlikdə hava limanları da bağlı deyil. Baş Qərargahın Paşinyanın istefası çağırışı yalnız Ermənistan Baş nazirinin mülki tərəfdarları ilə əleyhdarları arasında yeni bir qarşıdurmaya səbəb oldu, ordu kənarda qaldı. Bəlkə də bir şey bilmirəm, amma məndə olan məlumata görə, Paşinyanın gedəcəyini gözləmək yox, bütün erməni generalitetinin istefalarını gözləmək lazımdır.

 

- Bir sıra mütəxəssislər Kremlin, “İsgəndər” raketləri ilə bağlı açıqlamalarına görə Paşinyanı cəzalandırdığına inanırlar. Bu yanaşma nə dərəcədə doğrudur?

 

- Artıq Kremlin və şəxsən Prezident Putinin bütün ölümcül günahlarla, hətta ölkəmin və liderinin də iştirak etmədiyi günahlarla bağlı ittihamlarını eşitməyə vərdiş etmişəm. Hər hansı, bir az və ya çox səlahiyyətli hərbi mütəxəssis, bir raketin 10% partlaya bilməyəcəyini yaxşı başa düşür ki, bu da Ermənistanın Baş Qərargah rəisi müavininin gülüşünə səbəb oldu və nəticədə indi xidmətdən azad edildi.

 

Paşinyan özünü axmaq vəziyyətinə qoydu, general Paşinyanın axmaq olduğunu təsdiqlədi, Paşinyan buna görə onu qovdu və bununla da ikiqat axmaq olduğunu sübut etdi. Hərbdən anlayan hər kəs bunu başa düşdü və Ermənistandakı axmaqlığa yüksək səslə güldü. Bu vəziyyət Kremlin Paşinyanı devirməsi və ya hakimiyyətdən qovması üçün bir səbəb deyil, çünki o, indi Qarabağ üçün müharibədən sonrakı məskunlaşma ilə bağlı bütün sənədləri imzalayan bir şəxs kimi, Moskva üçün çox əlverişlidir. Yaranan vəziyyət Ermənistandakı Qarabağın birdəfəlik itkisi ilə əlaqəli siyasi, inzibati və maliyyə qaynaqlarını itirəcək daxili qüvvələr üçün xoş deyil. Deməli, indi İrəvanda baş verən hər şey sırf klanlararası daxili siyasi çəkişmədir, Cənubi Qafqaz bölgəsindəki geosiyasi böhran deyil. Mənim proqnozum budur ki, Paşinyan açıq bir üstünlüklə deyil, amma xal hesabı ilə qazanacaq.

 

- Yaxşı, Paşinyan indi niyə rus silahlarından və “İsgəndər” raketlərindən şikayət etməyə başladı? Rus silahlarından bu qədər narazılığa nə səbəb oldu?

 

- Nikol Paşinyan bu gün birtəhər reaksiya göstərməli olduğu qarşılıqlı tənqid altındadır. Hakimiyyətdəki sələflərindən və ümumiyyətlə, bir çox dünya siyasətçilərindən fərqli olaraq, köhnə jurnalist vərdişinə görə kəskin və sərt suallara cavab verməkdən çəkinmir, əksinə, kobud da olsa, cavab verməyə çalışır, xarici həmkarlarının çoxundan, xüsusən postsovet məkanındakılardan fərqli olaraq, mətbuat və cəmiyyətlə bir dialoq qurur. Ermənistan-Azərbaycan müharibəsi bitdikdən bəri müharibə dövründə etdiyi hərəkətlərin və əməllərinin məntiqini həmvətənlərinə izah etməyə çalışır, hər zaman buna nail olmasa da, bunkerdə gizlənmir və məlumat vakkumu yaratmır.

 

Tənqidlərə açıqdır və fikirlərini kütləvi ictimai şüura çatdırmağa çalışır. Lakin problemi odur ki, düşüncələri və fikirləri, ali təhsili olmayan hər hansı bir populist və demaqoq kimi, çox vaxt xaotik və məntiqsizdir. Amma bu, göründüyü kimi, sadəcə 2018-ci ilin yazında dövlət çevrilişi zamanı Paşinyana dəstək verdikləri üçün, ermənilərin xoşuna gəlir.

 

Müharibə dövründə Azərbaycanın hava hücumundan müdafiə raket sistemlərinə qarşı çarəsiz qaldığı iddia edilən Rusiyanın “İsgəndər” raket kompleksi ilə bağlı son bəyanatına gəlincə, buna iki baxımdan - siyasi və texniki baxımdan baxmaq lazımdır. Siyasi cəhət budur ki, Paşinyan dolayı yolla da olsa, Ermənistanın son müharibədə Azərbaycana qarşı operativ-taktiki raketlərdən istifadə etdiyini etiraf etdi və bu, onların yerləşdikləri yerlərə cavab zərbəsi yaratmaq və bununla da KTMT-ni cəlb etmək üçün edildi. Lakin Azərbaycan rəhbərliyinin siyasi iradəsi və qoşunlardakı nizam-intizam bu planları alt-üst etdi. Texniki cəhət ondan ibarətdir ki, erməni hərbçiləri “İsgəndər”in bütün döyüş qabiliyyətlərindən tam istifadə edə bilmədilər ki, bu da Ermənistan silahlı qüvvələrinin müharibə ərəfəsində ümumi deqradasiyasından xəbər verir.

 

Mənim “İsgəndər”in “partlamadığı” ilə bağlı boş spekulyasiyalara cavab vermək arzum yoxdur, çünki heç vaxt bu mövzuda özümü mütəxəssis saymamışam, amma faktın özü çox qəribə görünür. Bu komplekslərin döyüş şəraitində istifadəsi üçün xüsusi təlim keçmiş erməni hərbçiləri niyə onları taktiki və texniki imkanlarının 100%-i səviyyəsində işləməyə məcbur edə bilmədilər. Düşünürəm ki, bunun səbəbini Rusiyada yox, Ermənistanda axtarmaq lazımdır və bu ölkənin Xüsusi İstintaq Xidməti bu suala cavab axtarmalıdır.

 

- Bu yaxınlarda Rusiyanın Ermənistan ordusunu bərpa etməyə kömək edəcəyi barədə xəbərlər yayıldı...

 

- Şəxsən mən belə bir ehtimalı istisna etmirəm, çünki bir növ operetta-karnaval versiyasında olsa belə, KTMT çərçivəsində müttəfiqlik öhdəlikləri ilə əvvəlcədən müəyyənləşdirilib. Rusiyanın Ermənistanda hərbi varlığı çox böyükdür - sərhəd xidmətləri, ölkənin hava hücumundan müdafiə, raketdən müdafiə sistemi, Hərbi Hava Qüvvələrinin quru-texniki xidmətləri, elektron müharibə bölmələri, hərbi-texniki kəşfiyyat - bütün bunlar yalnız Rusiyanın nəzarəti altında deyil, həm də rus zabitlərinin qüvvələri və Rusiya və Ermənistanın Birgə Kontingentinin tərkibi tərəfindən idarə olunur. Faktiki olaraq, yalnız quru qoşunları Müdafiə Nazirliyi və Ermənistan Baş Qərargahının nəzarəti altında qaldı, lakin onların da yarısı son Ermənistan-Azərbaycan müharibəsi zamanı məhv edildi.

 

Bu şərtlər daxilində Rusiyanın tamamilə Ermənistanı öz hərbi qorumasına alması, ordusunu yenidən və öz hesabına yenidən yaratmaqdan daha asan olacaq. Bu ssenaridə əhəmiyyətli bir "amma" var: əgər Rusiya Ermənistan ordusunun mövcud acınacaqlı vəziyyəti fonunda ölkəyə əlavə qüvvələrini gətirsə, şərtli Qərbdə və erməni cəmiyyətinin bir hissəsində bu 2014-cü il Krım hadisələrindən sonra, Rusiyaya indi lazımsız olan bir “işğal” faktı kimi görünəcək. Bu səbəbdən Kremlin gələcəkdə vəsait qaytarma ümidi olmadan Ermənistan ordusunun modernləşdirilməsinə yenidən investisiya qoymaqdan başqa bir yolu yoxdur.

 

Ermənistan ordusunun artıq 5 ordu korpusundan və Müdafiə Nazirliyinin tərkibindəki bir çox idarələrdən ibarət olmayacağı aydındır ki, bu da bir çox lazımsız ümumi vəzifələrə və korrupsiyaya səbəb olur. Amma, əlavə topçu, sapyor, iki aviasiya eskadronu ilə gücləndirilən bir tank və iki motorlu piyada alayının idarə edilməsi üçün bir general və onlarla polkovnik kifayət edir. Təbii ki, belə bir erməni ordusu, Türkiyə və Azərbaycan ordusuna müqavimət göstərə bilməyəcək, ancaq gürcü ordusundan daha güclü ola və ölkənin dövlət suverenliyinin layiqli bir xüsusiyyətini təmsil edə biləcək. Ermənistan silahlı qüvvələrini yenidən reanimasiya etmək üçün başqa variantlar çətin ki, geosiyasi baxımdan əsaslandırıla bilər. Əlbəttə ki, bu vəziyyətdə Ermənistan Azərbaycana qarşı qisas almağı əbədi unutmalı və ümumdünya əzəməti haqqında illüziyalardan qurtulmalı olacaq. Əks təqdirdə Rusiyanın heç bir hərbi-texniki yardımı ona kömək etməyəcək. Axı, dağıtmaq arzusu beyində başlayır.

Müəllif: Nicat Hacıyev