BBC Qarabağdakı “suriyalı muzdluların” yaxasını buraxmır

Aktual

12.12.2020 - 12:31

Nəşr zorla sübut etmək istəyir ki, Qarabağda Suriya yaraqlıları döyüşüb

 

Müharibənin ilk günlərində (30 sentyabr) ВВС “Bilmirdim ki, döyüşməli olacağam. BBC Qarabağda Suriyadan muzdlu tapıb” adlı məqalə çap etmişdi. Anonim mənbələrə istinad edən xəbərlər xidməti inadla bildirirdi ki, Türkiyənin “himayəsində” olan Suriya əyalətlərindən Qarabağa yaraqlılar göndərilib və onlar hazırda Azərbaycanda döyüşürlər. Bu, Ankarada və Bakıda ciddi narazılıqla qarşılandı. Amma BBC dediyini deyir, öz versiyasını təsdiqləyən yeni anonim mənbələr tapıb üzə çıxarmaqda davam edir. Onun dekabrın 10-da dərc olunmuş məqaləsində verdiyi hökm belədir: “Syriya muzdlularından Qağlıq Qarabağda “qurbanlıq ət” kimi istifadə ediblər”.

 

Üçüncü aydır ki, Azərbaycanın Qarabağ müharibəsində Suriya yaraqlılarından istifadə etməsi mövzusu xarici media tərəfindən çeynənilir, bəzi ölkələrin rəsmi şəxsləri də ara-sıra onların səsinə səs verir. Azərbaycanın Müdafiə Nazirliyi dəfələrlə belə ittihamları rədd edib, ölkə Prezidenti onları uydurma adlandırıb və heç olmasa, bir sübutun ortaya qoyulmasını tələb edib.

 

“Bu, bizim rəsmi bəyanatımızdır: doyüşlər qızışandan bir ölkə də buna sübut gətirməyib. Hətta deyim ki, bu, bizə heç lazım deyil. Bizim yüz min döyüşçüsü olan bir ordumuz var və indi yerdə həyata keçirdiklərimiz göstərir ki, ordumuz özü öz torpaqlarını azad etmək iqtidarındadır”, - deyə İlham Əliyev hələ oktyabr ayında “France 24” kanalına müsahibəsində bildirib.

 

Müharibə bir aydan çoxdur ki, başa çatıb. Qarabağda dinc həyat bərpa olunmağa, dağılanlar tikilməyə başlanılıb, artıq dəmir yolu çəkilir. BBC xəbərlər xidməti isə hələ də Qarabağ torpağında muzdluların izlərini axtarır. Orada məhv edildikləri söylənilən yüzlərlə yaraqlıdan birinin də meyiti tapılmayıb, Ermənistan Müdafiə Nazirliyi buna da yozum verib: “cəsədləri” qamışlıqlarda və meşələrdə qabanlar yeyib.

 

Mövzunu “araşdırmağa” davam edən BBC, növbəti məqaləsində Suriya “muzdlularının” Azərbaycanda kədərli taleyi haqda köhnə “faktları” bir yerə toplamağa və onları yeni elementlərlə zənginləşdirməyə çalışıb: yazıya, Qarabağdan vətənə salamat qayıtmağa müvəffəq olmuş “yaraqlıların” da hekayətləri əlavə edilib. Həmin məqalənin mühüm hissələrini diqqətinizə çatdırırıq (bütövlükdə o, çox böyükdür). Şərhlərimizdə isə BBC-nin aşkar qərəzli mövqedən çıxış etdiyini göstərəcəyik (hər halda, bunca tanınmış bir xəbərlər xidmətini qeyri-professionallıqda günahlandırmaq düzgün olmazdı):

 

“Dağlıq Qarabağdakı hücum əməliyyatlarında Suriya muzdlularından istifadə olunduğunu Türkiyə və Azərbaycan danır, amma dörd suriyalı BBC-yə bildirib ki, Azərbaycanda mühafizə xidmətinə çağırıldıqları halda, onları gözlənilmədən cəbhə xəttində döyüşlərə atıblar.

 

Hələ bu ilin avqust ayında Suriyanın üsyançıların əlində qalan şimal bölgələrində şaiyələr yayılmışdı ki, xaricdə yaxşı pullu iş tapmaq olar.

 

“Bir dostum var idi, dedi ki, çox yaxşı iş var, öhdəsindən gələrsiniz, sadəcə Azərbaycanda hərbi nəzarət-buraxılış məntəqəsində dayanmaq lazımdır”, – bir nəfər mənə belə söylədi.

 

“Onlar bizə dedilər ki, işimiz sərhəddə keşik çəkməkdən ibarət olacaq – sülhməramlı qismində. Onlar ayda 2000 dollar təklif etdilər! Bizim üçün bu, böyük sərvətdir”, – başqası bildirdi, onu Kutayba adlandıracağam.

 

İkisi də bu işə Türkiyənin dəstək verdiyi üsyançı qrup vasitəsi ilə düzəlmək istəyirdi. Həmin qrupu isə Suriyanın şimalında Prezident Bəşər Əsədə qarşı dayanan Suriya Milli Ordusu təşkil edirdi.

 

Olduqca az adamın gündə bir dollardan artıq qazanc əldə etdiyi bir bölgədə belə yüksək maaş vədi göydəndüşmədir. Hesablanıb ki, haradasa 1500-dən 2000-ə qədər adam yazılıb və Türkiyədən türk hərbi-yük təyyarələri ilə Azərbaycana yollanıb.

 

Amma iş gözlənildiyi kimi olmayıb. Əksəriyyətinin hərbi təcrübəsi olmayan bu kişiləri müharibə üçün yığıblarmış – bunu onlar tezliklə, cəbhə xəttinə çıxarılanda və döyüş əmri alanda başa düşüblər.

 

“Sağ qalacağımı gözləmirdim, – Kutayba deyir, – imkan 1%-ə bərabər idi. Hər tərəfimiz ölüm saçırdı””.

 

BBC “dostundan nəsə eşitmiş bir nəfərin”, qondarma ad tapdığı “Kutayba” kimilərinin dili ilə cəfəngiyyat danışır. Bu ilin avqust ayında Qarabağda, Azərbaycan sərhədlərində sülhməramlılardan – özü də ərəb sülhməramlılarından! – danışmaq kimin ağlına gələrdi? Xəbərlər xidməti əvvəlcə iddia edir ki, muzdluları Bəşər Əsədə qarşı illərlə savaşmış Suriya Milli Ordusu vasitəsi ilə yığıblar, sonra da deyir ki, onların heç döyüş təcrübəsi yox imiş.

 

Bizdən kim belə bir şey yazmış olsa idi, indi Qərbdə məsxərəyə qoymuşdular. BBC-nin məqaləsində nə təklif verən, nə təklif alan bilinir. Xəbərlər xidməti aşkar etdiyi “muzdlular” haqqında kiçicik də olsa, məlumat vermir (“Onlar istəmirdilər ki, tanınsınlar, milis komandirləri tərəfindən cəzalandırılacaqlarından qorxurdular”). Heç olmazsa yaşlarını söyləmir ki, onların nə dərəcədə təcrübəsiz olduğu barədə oxucuda təsəvvür yaransın. Biz isə kor-koranə inanmalıyıq: amma kimə? Bu ağır müharibədə döyüşkən Suriya muzdlularının Azərbaycana qələbə qazandırdıqlarını iddia edən ermənilərə, yoxsa bir tərəfdən ermənilərin sözünə qüvvət verən, digər tərəfdən isə Suriya yaraqlılarını sadəlövh, qorxudan ödünü udmuş kəndli dəstəsi kimi təqdim edən BBC-yə?

 

“Mənim ilk döyüşüm gəldiyim günün səhəri başladı – İsmayıl danışır. – Məni 30 nəfərlə birgə önə göndərdilər. Cəmi 50 metr keçmişdik ki, birdən yanımıza raket düşdü. Mən yerə atıldım. Dayanmadan yarım saat atdılar. O dəqiqələr mənə illər qədər uzun göründü”.

 

“Biz bilmirdik, nə edək, necə reaksiya verək”, – Samir deyir və əlavə edir ki, o da bir çox təzə çağırışçı yoldaşı kimi, demək olar, heç bir hərbi təcrübəyə ya hazırlığa malik deyildi”.

 

“İnsanların necə öldüklərini görürdüm, başqaları başlarını itirmiş qaçırdılar. Onların hara getdikləri haqda təsəvvürləri yox idi, çünki dinc sakinlər idilər”.

 

“Ən çətin an dostlarımdan birinin yaralandığı an idi… Necə yıxıldığını gördüm. Məni çağırırdı, qışqırırdı… Ona heç nə ilə kömək edə bilmədim. Axırda, sadəcə, orada öldü”.

 

“Başqa bir suriyalı deyir ki, atəş başlayanda qorxudan iflic vəziyyətinə düşmüşdü: “Yadımdadır ki, eləcə yerdə oturub ağlayırdım və yaralı dostlarım da ağlamağa başladılar, – o deyir. – Bir oğlanın başına qəlpə dəydi. Oradaca öldü… Hər gün gözlərimin qabağındadır. İş mənə gələndə, oturub ağlayıram, hətta indi də”.

 

Yaxşı, bəs, onda BBC-nin gah “dinc sakinlər”, gah “yaraqlılar” adlandırdığı bu kəndli dəstəsi ən müasir texnika ilə döyüşən 100 minlik Azərbaycan ordusunun nəyinə gərək idi? BBC ağlı üstündə olan istənilən adamda belə bir məntiqi sualın yaranacağını anlayır və ona görə həmin sualı məqalədə özü-özünə verir: “Çox maraqlı məqamdır. Suriya yaraqlılarını muzdla döyüşə cəlb etmək Azərbaycana nə üçün lazımdır?”

 

Cavab uçun xəbərlər xidməti Vaşinqtonda CNA hərbi-araşdırma mərkəzinin Rusiya proqramları rəhbəri Maykl Kofmana müraciət edir. Əsasən müdafiə büdcəsi məsələləri sahəsində ixtisaslaşan Kofmanın rəyincə, “məqsəd, görünür, Azərbaycan ordusunda itkiləri minimuma endirmək olub”:

 

“Onlar ilkin mərhələdə kifayət qədər çox itki veriblər, xüsusilə cənub-şərqdə, bu muzdlulardan isə, mahiyyət etibarı ilə, birinci dalğada qurban vermək üçün həmlə qüvvəsi kimi istifadə olunub. Onlar vecsiz soyuqqanlılıqla hesablayıblar: əgər hücum əməliyyatları ilkin mərhələdə uğurla nəticələnməyibsə, yaxşısı budur, bu itkilər muzdlular arasında olsun, Azərbaycan ordusundan olmasın. Muzdlularla kim maraqlanacaq ki”.

 

Ən azı bir məsələdə cənab Kofman əməlli-başlı yanılır: muzdlularla çoxları maraqlanır. Ermənilər, Qarabağ müharibəsindən yazan xarici kütləvi informasiya vasitələri, onu müzakirə edən parlamentlər, rəsmi şəxslər çox vaxt diqqəti məhz bu istiqamətə yönəldirlər. Bu zaman onlar BBC-nin məqaləsində sadalanan “faktlara” bənzər sübutlardan savayı dəlil gətirə bilmirlər. Ancaq azərbaycanlılar son dərəcədə həssas yanaşdıqları bir problemə belə münasibəti yalnız mürəkkəb geosiyasi oyunlarda hiyləgər gediş kimi qiymətləndirmirlər. Onlar bunu müqəddəs bildikləri şəhidlərinin – Ermənistanın zəbt etdiyi torpaqları canı və qanı bahasına qaytarmış gənclərinin xatirəsinə hörmətsizlik sayırlar.

 

“Suriya yaraqlıları arasında ölənlərin sayı barədə müxtəlif rəqəmlər var. Böyük Britaniyada yerləşən və Suriyadakı münaqişəni izləyən İnsan Haqları üzrə Suriya Observatoriyası ölənlərin 500-dən çox olduğu qənaətindədir”, – ВВС-nin məqaləsində deyilir. Yazı müəllifi belə nəticə hasil edir ki, bu rəqəm “Azərbaycan tərəfinin 3000-dək itki barədə verdiyi rəqəmlə müqayisəyə gəlir, hərçənd Azərbaycan onların arasında suriyalıların da olduğunu etiraf etmir”.

 

Azərbaycan təkcə 44 günlük müharibədə itkilərinin sayını (2783 nəfər) açıqlamayıb, dəfn edilmiş 2783 əsgər və zabitinin adlarını, soyadlarını, rütbə və vəzifələrini, doğum tarixlərini də dərc edib. Siyahını Azərbaycan Müdafiə Nazirliyinin saytında vərəqləmək, “3000-dək itki arasında” nə qədər suriyalı olduğunu yoxlamaq BBC və onun ekspertləri üçün çətin olmamalıdır.

 

Mən bütün məqaləni başdan-ayağa təhlil etməyəcəyəm, dediyim kimi, o, çox böyükdür. İstəyənlər BBC-nin öz saytında yazını oxuya bilərlər. Amma daha bir müşahidəmi bölüşməliyəm. Çünki onu ilk baxışdan görə bilməyəcəksiniz.

 

Məqaləyə illüstrasiya kimi, daha inandırıcı olmaq üçün BBC materiala bir sıra şəkillər əlavə edib. Onların, demək olar ki, hamısı həqiqiliyi ciddi şübhələr yaradan video süjetlərdən götürülüb və bu barədə müxtəlif mənbələrdə bəzi xəbərdarlıqlar da olub. Amma həmin süjetlər sırasında aşkar feyklər da var və BBC kimi böyük imkanlara, həmçinin xüsusi qaydalara malik xidmət nəyə istinad etdiyini yoxlamağa borclu idi.

 

Məqalədəki 8 fotodan 3-cü fotoda şənlənən yaraqlılar əks olunub.

Şəklin altında yazılıb: “Dörd suriyalının Azərbaycanda olduqlarını və Suriya Milli Ordusunun diviziyası haqqında mahnıya qulaq asdıqlarını göstərən bu video Suriya xəbər nəşri “Jesr Press” tərəfindən internetdə yerləşdirilib”.

 

Bu – ilk növbədə erməni və ərəb saytlarının səyi ilə şəbəkədə geniş yayılmış, 86 saniyəlik bir videodur. Bəzi mənbələrdə, hətta, geolokasiya aparıldığı və suriyalıların Horadiz qəsəbəsində yerləşən kazarma binası qarşısında rəqs etdikləri söylənilir. Həmin süjetin 22-34-cü saniyələri arasında binanın üzərində qaldırılmış üçrəngli bayraq bir necə dəfə ani kadra düşür. Hər dəfə də bayrağın rənglərindən birinin ağ olduğu sezilir.

Azərbaycan bayrağında belə rəngdə zolaq yoxdur. Bəlkə, BBC doğrudan da inanır ki, Azərbaycanda hərbi kazarma üzərində başqa ölkənin bayrağı qaldırıla bilər? Məsələn, Suriyanın, yaxud İraqın...

Müəllif: Arif Əliyev