Psixoloq: “Düşünmək olar ki, o, təsadüf nəticəsində həmin yerə gəlib və bu yerdə də toplum tərəfindən iqnor olunur”
Necə deyərlər, bir sözə bənd olan sosial şəbəkə əhli, az qala hər gün özü üçün bir müzakirə mövzusu seçir. Düzdür, bu müzakirələrdə hamı biri deyəni demir, kimi öz pəncərəsindən baxır, kimi də dostunun, tanışının tutduğu mövqeyə söykənir, lakin nəticədə müzakirə zinciri qurulur. Ta o günə kimi ki ortaya yeni bir mövzu atılsın.
AYNA psixoloq Fərqanə Mehmanqızı ilə sosial şəbəkə gündəminin real həyatımızdakı rolu barədə həmsöhbət olub.
- Fərqanə xanım, sizcə, bizim toplum sosial medianı nə dərəcədə ciddi qəbul edir?
- Fikir versək, görərik ki, ətrafımızdakıların çoxu elə sosial şəbəkədədir. Biz bir çox hallarda xəbərləri də sosial şəbəkədən oxuyur, hansısa məlumatı da sosial şəbəkədən veririk, müəyyən problemləri də orada müzakirə edirik. Bu da o deməkdir ki, biz sosial şəbəkəyə ciddi yanaşırıq. Hətta artıq iş üçün müraciət edən şəxslərin də sosial şəbəkədəki profilləri incələnir və işə qəbul edilib-edilməyəcəkləri baxımından əhəmiyyət daşıyır. Yaxud kimisə xarakteristika etməkdən ötrü də sosial media profilinə baxır, aktivliyinə, paylaşımlarına, rəylərinə fikir verirlər. Yəni sosial şəbəkə bir insanı xarakteristika etmək üçün də bu gün önəmli bir mənbə sayılır.
44 günlük müharibə dövründə də gördük ki, sosial şəbəkə önəmli rola sahibdir və oradan alınan yanlış bir informasiya toplumda hansısa xaosa da səbəb ola bilir. Bu da onu göstərir ki, həqiqətən də sosial şəbəkədə istənilən bir şey mənimsənilə də bilər, iqnor edilə də.
- Biz sosial şəbəkədə bir-birimizə, eləcə də tanınmış şəxslərə qarşı münasibətdə səmimiyik, yoxsa sadəcə çoxluq gedən istiqamətə meyillənirik?
- Hər kəs məsələlərə formalaşmış xarakteristikasına uyğun şəkildə münasibət bildirir. Kimsə də özünü fərqli göstərməyə çalışırsa, bu, ancaq bir müddət çəkə bilər. Daha sonra maska düşür və gerçək kimlik ortaya çıxır. Buna görə də kiminsə gerçək simasının müəyyənləşməsi üçün müəyyən qədər zaman lazımdır. Bu, real həyatda da belədir. İllər sonra görə bilərsən ki, tanıdığın adam tamamilə fərqli biri imiş. Yəni bir insan maskalanıbsa, fərqi yoxdur sosial şəbəkədir, yoxsa real həyat – o, hər yerdə maskalanmağı bacarır deməkdir.
İlk insan yaranandan bugünkü günə qədər var olmağımızda, məhv olmamağımızda həmrəylik psixologiyasının rolu var. Kütlə psixologiyasına görə kütlə onurğa beyinlə düşünür, baş beyinlə düşünmür. Buna görə də bir insanı idarə etmək kütləni idarə etməkdən daha çətindir. Kütləni idarə etmək üçün də istifadə edilən xüsusi ifadələr var. Bu ifadələr daha çox nisbi anlayışlardır. Liderlər, kütlə natiqləri də bu ifadələrdən istifadə edərək kütləni idarə edirlər. Kütlə idarə olunur və idarə edənlərdən asılıdır. Ona görə də toplum hansısa sözün arxasınca gedə bilər.
- Tanınan, cəmiyyətdə müəyyən statusa malik şəxslərin ağzından çıxan hər ifadə mənsub olduğu toplumun süzgəcindən keçirilir, bəzən böyük müzakirələrə səbəb olur. Bu hal daha çox qıcıqlandırıcı ifadələr işlətdiklərində, çoxunun dilə gətirə bilmədiklərini dediklərində və ya çoxundan fərqli mövqe ortaya qoyduqlarında baş verir. Müşahidələriniz nə deyir, sizcə, ölkəmizdə tanınmış, ictimai fiqurlar bunu təxmin edərək bu cür variantlardan daha da tanınmaq, diqqət mərkəzində olmaq məqsədi ilə istifadə edirlər, yoxsa elə bildikləri budur?
- Hər iki tərəfdən də düşünmək olar. Zatən o, ağıllıdır ki, cəmiyyətdə seçilmiş şəxsdir və ağılla idarə edə-edə gəlib o yerə çıxıb. Digər tərəfdən də düşünmək olar ki, təsadüf nəticəsində həmin yerə gəlib və bu yerdə də toplum tərəfindən iqnor olunur. Ona görə də bu, nisbi məsələdir. Bunu birtərəfli demək olmaz. El məsələsində deyildiyi kimi: “Biri gicliyindən, biri bicliyindən”.
- Yəqin xəbəriniz var, bugünlərdə deputat Etibar Əliyevin sosial şəbəkədə paylaşdığı status ciddi narazılıqlara səbəb oldu. İndi sizcə, necə dəyərləndirək, məlum status bilərəkdən yazılmışdı, yoxsa sadəcə təsadüf idi?
- Düzünü desəm, mən dünən bilmişəm ki, belə bir deputatımız var. Hətta dostlarım deyəndə ki, o, deputatdır, mən elə bildim ki, ya mənimlə zarafat edirlər, ya da sadəcə namizədliyini irəli sürənlərdən biri olub. Əslində onu bir şəxs olaraq tanımamağım təbiidir, amma deputat olaraq da tanımırdım. Lakin bundan sonra tanımış oldum. Əgər onun istədiyi bu idisə, o, bunu bacardı, tanındı. Daha necə tanındı, sabah mən onu görəndə necə xatırlayacam – bu, başqa mövzudur. Amma təbii ki, yadımda ilk tanıdığımla qalacaq.
- Bəzən adama elə gəlir ki, sosial mediada başlayan müzakirələr elə oradaca qalır. Ora başqa bir dünyadır, real həyatımız ayrı və buna görə də oradakı müzakirələr real həyata daşınmır, real həyatdakı münasibətlərimizə təsirsiz ötüşür. Sizcə, necədir?
- Əlbəttə ki, sosial şəbəkələrdə edilən müzakirələr real həyatımıza daşınır. Elə bizim bunu danışmağımızın özü də bir nümunədir. Sadəcə insanlar bu gün internet üzərindən daha çox ünsiyyət qurur deyə müzakirələr də daha çox sosial şəbəkədə aparılır. Əgər insanın gündəmi bu gün filan mövzudursa, sosial şəbəkədə də, real həyatda da onunla bağlı müzakirəsini davam etdirəcək.