Hindistan bəzi güzəştləri və müəyyən ticarət öhdəliklərini dayandıra bilər
Hindistan ABŞ administrasiyasının polad və alüminium tariflərinə cavab olaraq bəzi güzəştləri və müəyyən ticarət öhdəliklərini dayandıra bilər. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, Hindistan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) ABŞ-ın bu metallara tətbiq etdiyi rüsumların ölkənin ticarətinə mənfi təsir edəcəyi barədə məlumat verib, ona görə də Yeni Dehli Vaşinqtonun rüsumlarına cavab olaraq “güzəştləri və ya digər öhdəlikləri dayandırmaq” hüququnu özündə saxlayır.
"Müvafiq olaraq, Hindistanın təklif etdiyi güzəştlərin dayandırılması ABŞ-dan gələn mallara ekvivalent rüsumların tutulması ilə nəticələnəcək" deyə agentlik ÜTT-nin bəyanatından sitat gətirib.
Rüsumların hansı mallara təsir edəcəyi dəqiqləşdirilməyib.
Bununla belə, Hindistan, ABŞ-ın polad və alüminiuma tətbiq etdiyi tariflərin Hindistan ixracına 7,6 milyard dollar təsir göstərəcəyini və bunun 1,91 milyard dollar rüsumlara başa gələcəyini bildirib.
Agentlik qeyd edib ki, bu addım Hindistanın ABŞ-ın yeni ticarət siyasətinə ilk cavabı olub. ABŞ Prezidenti Donald Tramp yeni tarifləri elan etdikdə, Yeni Dehli hər hansı cavab tədbirindən çəkinəcəyini, bunun əvəzinə ikitərəfli ticarət sazişi üzrə danışıqlara üstünlük verəcəyini açıqlamışdı. Hər iki ölkə bu saziş üzrə müzakirələri payıza qədər başa çatdırmaq niyyətindədir.