Dövlətdən vətəndaşa - qarşılıqsız və əvəzsiz: bu HAQQ niyə “dəyərsiz” oldu?

Cəmiyyət

28.10.2022 - 10:19

Deputat: “Ədaləti və şəffaflığı təmin etmədən sosial ədaləti bərpa etmək mümkün deyil”

İqtisadçı: “Qanunda “tədavül müddəti” deyilən anlayış yoxdur və belə bir qərarın verilməsi hüquq pozuntusudur”

Hüquqşünas: “Özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması Mülki Məcəllə çərçivəsində həyata keçirilməyib”

Azərbaycanda məmurların yarıtmaz fəaliyyəti və bütün günahları ölkə rəhbərliyinin üzərinə atması ənənəvi hala çevrilib. Məhz bunun nəticəsidir ki, bir çox hallarda ölkə başçısı vəziyyətə müdaxilə etməli və dövlət qurumlarının nöqsanlarını aradan qaldırmalı olur.

Ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycan vətəndaşlarına əvəzsiz özələşdirmə çeklərinin verilməsi ilə bağlı mərhum Prezident Heydər Əliyev fərman imzaladı. Həmin fərmanda qeyd olunurdu ki, özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının əsas hissəsi ölkə vətəndaşlarına məxsusdur. O zaman bu fərman cəmiyyətdə böyük ruh yüksəkliyi ilə qarşılandı, keçid dövründə və yenicə müstəqillik qazanmış ölkənin vətəndaşları qarşısında geniş imkanlar açıldı.

Fərman və bununla bağlı qanunvericilik mütərəqqi olsa da, proses məmur oliqarxiyasının və bəzi işbazların ucbatından yarımçıq saxlanıldı. Hansı ki, özəlləşdirilməyə çıxarılacaq dövlət əmlakının 65 faizinin vətəndaşlara məxsus olması, hər bir özəlləşdirmə çeki üçün inflyasiyadan qorunmaqla 2000 (iki min) ABŞ dolları həddində məbləğin müəyyən edilməsi, “Qiymətli kağızlar haqqında” Qanunun tələblərinə görə, qiymətli dövlət kağızı olaraq özəlləşdirmə çekləri üçün zaman məhdudiyyətinin olmaması qanunvericilikdə öz əksini tapırdı. Ancaq günün birində elan etdilər ki, özəlləşdirmə çeklərinin tədavül müddəti başa çatıb və artıq dəyərsiz bir kağız parçasıdır...

2011-ci ilin yanvarından özəlləşdirmə çeklərinin tədavül müddəti başa çatdırılsa da, hələ də yüzminlərlə vətəndaş çekləri əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Milli Məclisin deputatları, ictimai-siyasi, elm və mədəniyyət xadimləri, hüquq müdafiəçiləri, iqtisadçılar, hüquqşünaslar ölkə rəhbərliyinə və müvafiq qurumlara çağırışlar edir, əhaliyə dəymiş zərərə görə müvafiq kompensasiya ödənilməsini istəyirlər. Lakin...

Məsələn, Baş nazir 20 ildir Özəlləşdirməyə Nəzarət üzrə Dövlət Komissiyasının əsasnaməsini hazırlamayıb. Əsasnamə olmadığına görə Komissiyanın sədri kimi özü və üzvləri olan nazirlər məsuliyyətdən kənarda qalıblar. Nəticədə bütün məsuliyyəti dövlət başçısının üzərinə atırlar.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, şəffaflığı təmin etmədən sosial ədaləti bərpa etmək mümkün deyil: “Özəlləşdirmə çekləri hər bir vətəndaşa qarşılıqsız və əvəzsiz verilən qiymətli dövlət kağızıdır. Qiymətli kağızlar üçünsə zaman məhdudiyyəti yoxdur. Bu, “Qiymətli kağızlar haqqında” Qanunla tənzimlənir. Bu gün yüzminlərlə vətəndaş çeki əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir”.

“Çek sahibləri təşkilatlanır, həm sosial şəbəkələrdə, həm də mətbuat orqanlarında fəallıq nümayiş etdirirlər. Onların tələbi əllərində olan çeklərin taleyinə aydınlıq gətirilməsidir. Əgər dövlət vətəndaşa bu imkanı tanıyıbsa, onun əllərdə qalmasına, dəyərsiz kağız parçasına çevrilməsinə imkan verməməlidir”, - deyə deputat bildirib.

Mustafa əmindir ki, vətəndaş ona çatacaq özəlləşmə payından faydalanmağı bacarmalıdır: “Bir çox insanlar hüquqi cəhətdən məlumatlı deyillər. Bunları aradan qaldırmaq lazımdır. Vətəndaş üçün faydalı olan istiqamətdə addımlar atılmalıdır. Bu kimi məsələlərdə imkan yaratmaq lazımdır. Özü də bu proses şəffaf olmalıdır. Şəffaflıq yoxdursa, şübhə ilə qarşılamaq üçün əsaslar yaranır”.

“MBA Group” konsaltinq şirkətinin direktoru, iqtisadçı ekspert Nüsrət İbrahimov AYNA ilə söhbətində qeyd edib ki, özəlləşdirmə prosesi ciddi qüsurlarla müşaiyət olunub: “Qanunda nəzərdə tutulurdu ki, özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının əsas payçıları vətəndaşlar olacaq. Çünki Azərbaycan bir sistemdən digər sistemə keçid edirdi. Sovetlər dövründə kollektiv təsərrüfatçılıq mövcud idi. Kapitalist sistemi isə liberal bazar iqtisadiyyatını özündə ehtiva edir. Sovet Azərbaycanı tərəfindən ərsəyə gətirilən dövlət əmlakının varisləri vətəndaşlar olmalı idi. O zaman bununla bağlı mütərəqqi fərman verildi”.

“Bu qərar çox ciddi rezonans doğurdu. Lakin göründüyü kimi, proses yarımçıq saxlanıldı. Hansı ki, qanunda “tədavül müddəti” deyilən anlayış mövcud deyil və sonradan belə bir qərarın verilməsi payçıların hüquqlarının pozulması deməkdir”, - deyə həmsöhbətimiz bildirib.

İbrahimovun sözlərinə görə, tədavül müddətini artırmaq və ya kompensasiya ödəmək formasında dəymiş zərəri aradan qaldırmaq mümkündür: “Müvafiq qurumlar bununla bağlı statistik araşdırmalar aparmalı, dəymiş ziyanın miqyasını müəyyən etməlidir. Nəzərə almaq lazımdır ki, yüzminlərlə vətəndaş hələ də çekləri əlində gözləyir. Onlara dövlətin ayırdığı imkandan bəhrələnmək hüququ yaradılmalıdır. Əvvəlcə müəyyən olunmalıdır ki, əllərdə nə qədər çek var. Buna müvafiq olaraq kompensasiya mexanizmləri hazırlanmalıdır. Hər hansı komissiya və ya qurum yaradıb, bu məsələyə birdəfəlik son qoymaq lazımdır”.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Mübariz Yolçiyev də oxşar fikirdədir. Onun AYNA-ya dediyinə görə, özəlləşdirmə çekləri tədavüldə olmasa da, qiymətli kağız olaraq əhəmiyyətini qoruyur: “Özəlləşdirmə payı üzərində vətəndaşın hüququ mövcuddur. Vətəndaş yalnız öz istəyi ilə öz payını digərinə sata və ya bağışlaya bilər. Bunun üçün hüquqi sənədləşməyə də ehtiyac yoxdur”.

“Əgər bu çek tədavüldən çıxarılırsa, bu halda özəlləşdirmə payının dəyəri sahibinə ödənilməlidir. Çünki burada mülkiyyət hüququ var və bu hüquq ortadan qaldırılırsa, bu halda mülkiyyət hüququnun ödənilməsi vacibdir”, - deyə ekspert vurğulayıb.

Yolçiyev bu baxımdan hesab edir ki, özəlləşdirmə çeklərinin tədavüldən çıxarılması proseduru Mülki Məcəllənin tələb etdiyi çərçivədə həyata keçirilməyib: “Özəlləşdirmə payı deyilən anlayışın dəyər olaraq ortadan qaldırılması üçün kompensasiya vacibdir”.

Müəllif: Aydın Gəray