Deputatdan gözləmədiyimiz cavab, yaxud biz ünvanı "səhv salmışdıq"

Cəmiyyət

27.09.2019 - 19:07

"Azərbaycan Respublikasının ümumi təhsil haqqında öz qanunu var və başqa ölkələrin qanunlarından istifadə olunmasına ehtiyac yoxdur"

 

Dünyanın müxtəlif ölkələrində təhsilin keyfiyyətinin artırılması üçün müxtəlif üsullardan, sınanmış və ya yeni metodlardan istifadə olunur. Məsələn, bu günlərdə Türkiyədə yeni qanun qəbul olunacaq. Bu qanuna görə, məktəblər yerləşdiyi əraziyə, göstərdiyi nəticələrə görə 3 kateqoriyaya (A, B, C) ayrılacaq. Məktəb rəhbərliyinin də, müəllimlərin də əməkhaqları kateqoriyaya görə fərqlənəcək.

 

Təbii ki, bu yeni qanun layihəsi məktəblər arasında rəqabəti gücləndirəcək, hər məktəb çalışacaq ki, nəticələri güclü olsun, müəllimlərin yüksək əməkhaqqı almaları üçün A kateqoriyasına düşə bilsinlər. Təbbi ki, bunun ən böyük xeyri isə ölkənin ümumi təhsilinə olacaq.

 

Həmçinin bir çox ölkələrdə, məsələn, Meksikada, elə qonşu Gürcüstanda təhsildə vauçer sistemi mövcuddur. Belə ki, hər uşağa görə valideyninə vauçer təqdim olunur və valideyn həmin vauçeri uşağı üçün seçdiyi məktəbə təqdim edir. Məktəb də həmin vauçeri pula çevirib, büdcəsi üçün istifadə edir. Belə olan halda, vauçer ala bilməyən məktəblər sıradan çıxır, yəni bağlanır.

 

Maraqlıdır, Azərbaycanda ümumi təhsil sisteminin inkişafına təkan vermək üçün bu və ya digər metodlardan istifadə etmək olarmı? Ümumiyyətlə, hansı ölkənin tətbiq etdiyi yenilikləri örnək götürmək mümkündür? Mövzu ətrafında bu və ya digər suallarımıza ekspertlərlə AYNA tutmağa çalışdıq.

Картинки по запросу şahlar əsgərov

Təhsil eksperti Şahlar Əsgərov vauçer sisteminin tərəfdarıdır: “Problem ümumbəşəridir, yaxşı iki dövlət nümunəsi göstərdiniz - Gürcüstan və Meksika. Çünki bu ölkələrin beynəlxalq göstəriciləri, ümumdaxili məhsul, insan potensialının inkişaf indeski bizə yaxındır. Yəni onların düşüncəsi və var-dövləti bizə uyğundur. Ona görə də biz Danimarkanın, Finlandiyanın, digər inkişaf etmiş ölkələrin yox, belə ölkələrin təcrübəsindən istifadə etsək, çox yaxşı olar”.

 

Ş.Əsgərov təhsilin inkişafı ilə bağlı özünün də təklif irəli sürdüyünü qeyd etdi: “Məktəblərin brendliyini təmin etmək lazımdır. Elə məktəb var ki, 5 uşağa 1 kompüter düşür, elə məktəb də var ki, 100 uşağa 1 kompüter. Bu da bir çox fəsadlara səbəb olur, o cümlədən repetitorluğu artırır. Orta məktəblərdə təhsilin səviyyəsini yüksəltmək üçün ilk öncə repetitorluğu yaradan səbəblərlə mübarzə aparmalıyıq. Repetitorluq özü səbəb deyil, nəticədir, o səbəbi yaradanı tapıb, aradan çıxarmalıyıq”.

 

“Repetitorluğu doğuran səbəblərdən biri də ali məktəblərə qəbulla bağlıdır. Çünki bizdə ali məktəblərə qəbul səviyyəsi çox aşağıdır - 100 məzunun cəmi 20 nəfəri ali məktəbə qəbul olur. Misal üçün, Monqolustanda isə 50-si, Rusiyada 80-ni, Koreyada 98-i daxil olur. Ali məktəbə qəbulun bu qədər dar olması repetitorluğa rəvac verir. Ona görə də ali məktəblər qapılarını məzunlara geniş açmalıdır. Qəbuldakı sərt imtahanlar isə diplom verilməzdən öncə aparılmalıdır. Yəni, qəbul asanlaşdırılmalı, diplom almaq çətinləşdirilməlidir”, - deyə müsahibimiz vurğuladı.

 

Sualımıza Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Şəmsəddin Hacıyevin də münasibətini öyrənməyə çalışdıq.

Картинки по запросу şəmsəddin hacıyev

Deputat bildirdi ki, Azərbaycan Respublikasının ümumi təhsil haqqında öz qanunu var və başqa ölkələrin qanunlarından istifadə olunmasına ehtiyac yoxdur: “Ümumi təhsil haqqında qanun layihəsi artıq Milli Məclisdə təsdiq olunub və orada dediyiniz bütün məsələlər öz əksini tapıb. Həmin qanunda dünya təcrübəsi də nəzərə alınıb. Müşahidələriniz o demək deyil ki, qəbul olunmuş qanunlar effekt vermir. Bu il orta məktəbi bitirənlərin xeyli hissəsi ali məktəblərə qəbul olunub. Bu ilki qəbul sayına görə, demək olar ki, son 5 ildə bu qədər qəbul qeydə alınmayıb”.

 

Ş.Hacıyevin, “Deyə bilərsinizmi, həmin ali məktəblərə qəbul olunanlardan neçə faizi repititor yanına getməyib, ancaq orta məktəbin verdiyi təhsillə o nəticələri göstərib?” sualımıza cavabı isə belə oldu: “Biz qanun layihəsini 2019-cu ildə qəbul etmişik, orada tam orta məktəb səviyyəsində təhsilin təmayülləşdirilməsi barədə yazılıb. Biz təhsili təmayüllər üzrə təşkil edə bilsək, onda repetitorluğun səviyyəsi aşağı düşəcək. Artıq iki ildir bu istiqamətdə ciddi addımlar atılır. Repetitor yanına ancaq o zaman getmək lazımdır ki, əlavə biliyə ehtiyac qalsın, amma orta məktəbdə keçirilən kurikulumun mənimsənilməsi üçün repetitorluğa heç bir ehtiyac yoxdur”.

 

Sonda isə deputat özü bizə sual verdi: “Bilmirəm, siz bu sualları niyə mənə ünvanlayırsınız? Yaxşı olardı ki, Milli Məclisə gələrdiniz, mən sizin suallarınıza konkret mənbələrlə cavab verərdim. Biz qanun layihələrini hazırlayarkən, ən azı ən aparıcı ölkələri, bizə uyğun olan şəraiti, sistemə uyğun təcrübəsini öyrənirik. Bundan sonra, onun yararlı cəhətləri, bizim şəraitə uyğunlaşan hansısa məqamları varsa, istifadə edirik. Hansısa ölkədəki bir qanun dəyişikliyini götürüb, avtomatik öz təhsil qanunvericiliyimizə daxil etməyi düzgün hesab etmirəm və heç vaxt da belə yanaşma olmayıb. Ən effektiv sistem artıq ümumi təhsil haqqında qanunda öz əksini tapıb. O ki qaldı onun icra və tətbiq olunmasına, bu, artıq başqa məsələdir. Və bu sualla mənə müraciət etmək lazım deyil”.

 

Aldığımız bu cavabdan, daha doğrusu sualdan sonra belə qənaətə gəldik ki, deputat Şəmsəddin Hacıyev ya Milli Məclisin Elm və təhsil komitəsinin üzvü olduğunu unudub, ya da ümumiyyətlə bunun fərqində deyil. Və ya deputatın başı daha mühüm işlərə qarışıb deyə, belə "əhəmiyyətsiz" suallarla narahat edilmək istəmir...

Müəllif: Rumiyyə Miraslan