Deputat - BNA “atışmasına” ictimai reaksiya: “Camaat özü sizi avtobusa mindirəcək”

Cəmiyyət

10.08.2021 - 13:23

Həkimlər Klinikalar SEO Xidməti

“Mais Ağayev, Fazil Mustafa, ikinizi də şəhərətrafı qəsəbələrə işləyən avtobuslara dəvət edirəm”

 

Milli Məclisin üzvü Fazil Mustafa mətbuata açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) şəhərdə lazımi infrastruktur yaratmadğını söyləyib. Deyib ki, yolun yarısı avtobuslar üçün nəzərdə tutulub və bu halda şəxsi maşınla hərəkət edənlər tıxaclarda qalırlar.

 

O, həmçinin BNA-nın ucuz parkinq yaratmaması və vətəndaşların cərimələnməsi məsələsinə toxunub: “Sən vətəndaşa münasib yol yaratmamısansa, niyə ondan cərimə pulu alırsan? Yaxud ucuz parkinq yaratmamısansa, niyə cərimə yazmalısan?”.

 

Deputat qeyd edib ki, bu cür məsələlərdə vətəndaşların dirənişi olmalıdır.

 

F.Mustafanın açıqlamasına reaksiyası gecikməyən Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, deputatın səsləndirdiyi fikirlər qərəzli və subyektiv yanaşmadır: “Deputat açıqlamasında Bakı Nəqliyyat Agentliyinin ünvanına açıq ittiham irəli sürüb ki, bu da ağ yalandır və həqiqəti əks etdirmir. Millət vəkilinin avtobus zolaqlarına qarşı səsləndirdiyi fikirlər ümumiyyətlə, heç bir məntiqə sığmır, çünki bu zolaqların təşkilində məqsəd sayı iki milyondan çox olan ictimai nəqliyyat istifadəçilərinin hərəkətini asanlaşdırmaqdır. Avtomobil sürücüləri ilə müqayisədə hərəkət iştirakçıları arasında ictimai nəqliyyat istifadəçiləri əsas üstünlüyə malikdirlər. Onların rahatlığını təmin etmək də daim dövlətin diqqət mərkəzindədir”.

 

Ağayev Mustafaya şəhərdə piyada gəzməyi və ya ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edib: “Yalnız bu halda Fazil Mustafa ötən beş ildə şəhər nəqliyyatının ayrı-ayrı istiqamətləri üzrə görülən infrastruktur işlərinin əyani şahidi ola bilər”.

 

Milli Məclis üzvü ilə BNA sözçüsünün açıqlamalarına isə sosial media istifadəçilərinin reaksiyası heç də birmənalı olmayıb. Kimi vətəndaşların problemini səsləndirdiyi üçün deputatı dəstəklədiyini yazarkən, kimi də BNA-nın fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib.

 

Beləliklə, AYNA sosial media istifadəçilərinin sözügedən açıqlamaların rəy bölməsində yazdıqları fikirlərdən diqqətçəkənlərini təqdim edir:

 

Xeybər Sadıxov: “Əvvəlcə şərait yarat, sonra cərimə et. Dükana, aptekə və ya hər hansı bir idarəyə girmək üçün vətəndaşlar maşını harada saxlasınlar? Onu fikirləşin, sonra cərimə edin. Bir də əhalinin sıx yaşadığı yerlərdə yerüstü keçidlərdəki zolaqlar görünməz haldadır, bəs BNA bunları görmür?”.

 

Azad Məhərrəmov: “Bir vətandaş kimi qeyd etmək istərdim ki, etdiyiniz bütün işlər alqışa layiqdir. Zolaqlar var deyə, camaat bu istidə ictimai nəqliyyatda rahat hərəkət edir və sərnişinlər asan evə çatırlar. Yazılan sorğular və təkliflər araşdırılır və vaxtında icra olunur. Birmənalı olaraq bir vətəndaş kimi sizdən razıyam”.

 

Elyar İslmaoğlu: “Məni bir məsələ çox təəccübləndirir. Dayanacaqlarda ödəmə terminalları hələ də yoxdur, parkinq hələ də pulsuzdur (BNA belə deyir), amma sarıjiletlilər dayanacaqlarda pul yığmaqda davam edirlər. Göz qarşısında milyonlarla manat büdcəyə deyil, şəxsi ciblərə gedir. Bu problemi hansı qurum həll etməlidir? Axı pullar açıq-aşkar hansısa şirkətin əməkdaşları tərəfindən yığılır və BNA da həmin şəxslərin qanunsuz çalışdığını, pulların qanunsuz yığıldığını deyir. Mümkünsə bu məsələni də Milli Məclisdə səsləndirin. Həmin pullar dövlətin büdcəsinə təhvil verilməlidir”.

 

Yusif Rəsulzadə: “Bar verən ağaca daş atarlar, bu, normaldır. BNA işləyən, yenilik gətirən qurumdur”.

 

Sahib Məmmədov: “Bakıda parklama (küçə parklaması) tam qanunsuz olaraq BNA-ya təhvil verilməyib. Hər gün milyonlarla pul şəxsi ciblərə gedir. Mən və bəzi kolleqalar bu barədə dəfələrlə yazırıq. Siz də bu problemə toxunun, zəhmət olmasa. Anlayıram, BNA-nı tənqid etmək xeyli çətindir. Amma siz bunu bacaracaqsınız. Uğurlar”.

 

Ruslan Rəcəbli: “Fazil Mustafanın seçildiyi dairənin yetərli qədər problemləri var, onları parlamentdə dilə gətirmək, həll etmək əvəzinə, qərəzli çıxışlar edir. Bildiyi işlərə baş qoşsa, daha faydalı olar”.

 

Məhəmməd Əsədullazadə: “Dövlətin bu sahəyə ayırdığı milyardları yeyib talayırlar. Hələ danışa da bilirlər. Biləcəridə iki xətt üzrə marşrut karta keçib. Qəsəbənin sakinlərinə rəsmən zülm edirlər. Bir dənə də olsun kart aparatı qoyulmayıb. Bircə avtovağzalda var. BNA rəhbərliyi dövlətin bu sahəyə qayğı siyasətini öz şəxsi məqsədləri naminə istifadə edir. Demek olar ki, BNA rəhbərliyi Ziya Məmmədovun, Tağı Əhmədovun qurduğu işi davam etdirir. Bakı Şəhər Bələdiyyəsi yaradılmali və ictimai nəqliyyat bələdiyyənin sərəncamına verilməlidir”.

 

Bənarə Hüseynquliyeva: “Mais Ağayev, sizi də, Fazil Mustafanı da şəhərətrafı qəsəbələrə işləyən avtobuslara dəvət edirəm. Amma oturmazdan əvvəl oturacağı yoxlayın, altınızdan qaça bilər. Ayrıca, sürücüyə çox yaxınlaşmayın. Çünki arakəsmə deyə bir şey yoxdur. İstənilən qayda pozuntusunu edə bilərsiniz, kameralar çəkmir. Əlinizi də spirtləməyin. Çünki spirt artıq çoxdan öz təsirini itirərək iylənmiş suya çevrilib. Amma minəndə probleminiz olmayacaq. Camaat özü sizi avtobusa mindirəcək”.

 

Ramil Qasımlı: “Fazil Mustafa ürəyimizdən keçənləri yazıb. BNA sürücüləri soyub soğana çevirir”.

 

Vüqar Əliyarov: “Nə vaxt BNA qeyri-qanuni parklama ödəmələrini yığışdırmağa nail olsa, bax, onda deyəcəm, hə. BNA-nın görüləsi çox işi var. Təəssüf ki, əsas “məqsəd”, deyəsən, büdcəni doldurmaqdır. “Əvvəlcə qulaqları kəsib, sonra dovşanları saymaq”. 5 ilə düzəlməyib, ümid edək, növbəti 5 ilə düzələcək”.

 

Qorxmaz Ağahəsənov: “Mais bəy, sadəcə bir sual verəcəm: Hansı inkişafdan danışırsınız? Bəli, ayrıca avtobus zolağının yaradılması təqdirəlayiq addımdır, bu təcrübə Avropada da var, amma Allah xatirinə, şəhərdəki avtobusların gününə baxın, görün bir nə gündədirlər. Məsələn, 142 nömrəli xətdəki avtobuslar istifadəyə yarasız, natəmizdir”.

 

Cavad Cabbarlı: “Günahın bir hissəsi də şəhərsalma idarəsində və acgözlük edib yol  kənarlarında balaca piyada cığırı saxlamaq şərtiylə ticarət obyekti tikməyə icazə verənlərdədir. Avtobus, trolleybus, tramvay zolağı olması da yaxşı cəhətdir. Metroda olduğu kimi bu nəqliyyatla da tıxacsız, vaxt itirmədən hərəkət etmək mümkün ola bilər. Amma şəxsi avtomobillərin də tıxacda ilişib qalmaması üçün baha başa gəlsə də, şəhərimizin gələcəyi naminə yolların genişləndirilməsi və düzgün planlı yolayrıcları, körpülər, işıqforsuz dövretmə ilə maneəsiz hərəkət etmək imkanı veren yollara çox böyük ehtiyac var. Bu problemə, bu işə ciddi, peşəkar mütəxəssis ayırmaqla və çoxlu vəsait sərf etməklə əncam çəkmək olar. Əgər o mütəxəssisin planına hansısa məmurun obyekti düşsə və yaxud hansısa binanın vətəndaşlarına kompensasiya ödəməkdə problem çıxsa, bu tıxac problemi həll olan deyil, əksinə yaxın gələcəkdə daha da dəhşətli vəziyyət yaranacaq. Küçələri o qədər darısqal planlaşdırıblar ki, orada maşın saxlamaq yolun bağlanması ilə nəticələnir. 2005-ci ildə Moskvada tikilən binaların əksəriyyətinin zirzəmisində 3 mərtəbə avtomobil dayanacağı tikilirdi. Bu yeraltı dayanacaqlar həm küçələrdə tıxacın qarşısın alır, həm də hərbi ehtiyat tədbiri kimi bombadan qorunma rolunu oynayır. Bizdə də o vaxtdan kütləvi şəkildə binalar  tikilir. Park yeri, uşaq meydançasına cüzi yer ayrılırdı. Bəzi binalarda da təkcə bir mərtəbə qaraj tikilirdi. Tıxaclar Şəhərsalma İdarəsi ilə Nəqliyyat Nazirliyinin səriştəsizliyinin nəticəsidir”.

 

Fərqanə Allahverdiqızı: “Avtobus zolaqlarının çoxalmasını istəyirəm, çünki avtobusda 50-100 nəfər yol gedir, kiçik maşında ən çox 5 nəfər gedə bilər. Əgər ictimai nəqliyyat normal işləsə, həmin 5 nəfər də avtobusa minib rahat gedə bilər”.

 

Könül Quliyeva: “Mais Ağayev, sizə Fazil bəyi qərəzli olmaqda ittiham etməkdənsə, gerçəkliyi qəbul etməyi tövsiyə edirəm. Bir xahişim də var ki, 160 nömrəli xətt avtobuslarının durumu ilə yaxından maraqlanın. Gündə birinin sürücü məsuliyyətsizliyindən əl-ayağı sınır. Sərnişin avtobusdan düşməmiş yola davam edirlər. Bu barədə dəfələrlə çəkilib, mətbuatda da yayımlanıb. O sürücüləri haradan tapırlar, necə işə götürürlər, bilmirik. Biri telefonda, biri tum çırtlayır, biri öz aləmində... 160 nömrəli avtobusun sürücüləri barəsində araşdırma etsək, bəlkə də əksəriyyətin sürücülük vəsiqəsi belə, yoxdur. Digər problemlər də ki, saysız-hesabsız... Vallah, mən də sizə qarşı qərəzli deyiləm, sadəcə yazdıqlarınızın qarşısında həqiqəti demək məcburiyyətindəyəm. Şikayətimiz çoxdur, sadalanan bu və ya digər qüsurları qəbul etsəniz, eyni zamanda nəzərə alsanız çox sevinərik. Sayğılarımla”.

 

Orxan İman: “Sadəcə sual verəcəm. Şəhərdaxili nəqliyyat vasitələrinin neçəsinə minirsiniz? Hansı inkişafdan danışırsınız axı? Kondisioneri günün isti vaxtında yox, axşam sərinində qoşmaq inkişafdır? Hansı inkişafdan danışırsınız? Yəqin sürücünün sükan arxasında telefonla danışmasını, siqaret çəkməsini deyirsiniz?”.

 

Əlisəfa Ayazoğlu: “Qeyd edilən çıxışdan məlumatsızam, amma ümumilikdə deyə bilərəm ki, ictimai nəqliyyatda vəziyyət bərbaddır. Şəhərin mərkəzində 5-10 avtobusu komfortlu etmək inkişaf deyil. Ara-sıra vaxtınız olanda ətraf ərazilərdən metrostansiyalara işləyən avtobuslarda yoxlanış edin. Məsələn, 191 nömrəli avtobuslarda natəmizlikdir. Spirt qabları simvolik olaraq qoyulub, elə adam o qabların özündən yoluxar.  Hələ avtobusların işləmə qrafikini demirəm. Axşam saat 8-dən sonra tapmaq olmur. Nəzarət yoxdur, kim necə istəyirsə, elə də işləyir”.

 

Sadiq Rəhimov: “BNA yaranandan bəri xeyli dəyişikliklər oldu, müsbət inkişaf dinamikasını müşahidə etmək olar. 5 ildə çox şey dəyişdi. Sadəcə bir neçə problem mövcuddur:

 

Birincisi, proseslər ləng icra edilir, hər həftədə 3-4 xətt karta inteqrasiya edilsə, 2 xətt də “BakuBus”a verilsə, yaxşı olar. İllərdir, aylardır ki, biz 40 nömrənin yenilənməsini gözləyirik. Müsabiqədə daşıyıcı “BakuBus” qalib gəlib. Amma kağızda fərqlidir. Çətin iş deyil, 4-5 günə 40 nömrənin üzərində təhlillər aparıb “BakuBus”a vermək olar.

İkincisi, Agentlik bu daşıyıcılara, sürücülərə ciddi nəzarət etsə, hər şey yaxşı olar. 49, 76 nömrəli avtobusların sürücüləri harda gəldi, saxlayırlar. Halbuki, bu xətlər karta keçib. Belə olmaz.

 

Əgər ümumi nəzarət gücləndirilsə, proseslər bir az sürətli olsa, Agentlik nəqliyyat sahəsindəki nöqsanları yavaş-yavaş həll edə bilər”.

Müəllif: Aləmdə Nəsib

Pin up casino Pin-up casino giriş