Mənzilinə çıxarış almaq istəyənlərin qarşısında yeni şərt: <font color=red> Əks halda arayış verilmir</font>

Cəmiyyət

19.07.2019 - 10:14

MTK rəhbərlərinin mənzil sahiblərindən arayış qarşılığında kommunal ödəniş tələb etməsi nə dərəcədə qanunauyğundur? 

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev 29 mart 2019-cu il tarixində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, yeni tikilən binalara çıxarışların verilməsinə başlanıb. Bunun üçün isə mənzil sahibləri binanı inşa edən şirkətdən arayış alaraq Daşınmaz Əmlakın Dövlət Reysteri xidmətinə müraciət etməlidirlər.

 

Bir çox Mənzil Tikinti Kooperativləri (MTK) isə mənzil sahiblərinə arayış vermək üçün şərt qoyur. Belə ki, mənzil sahiblərindən yığılıb qalmış kommunal borclarının ödənilməsi tələb olunur. Bu barədə, hətta bir çox binalarda elanlar da yerləşdirilib. Bu durum da sakinlərin etirazı ilə qarşılanır.

 

Maraqlıdır, bina sahiblərinin bu tələbi nə dərəcədə qanuna uyğundur? AYNA-nın əməkdaşı bu suala aydınlıq gətirməyə çalışıb.

 

Öncə qeyd edək ki, sorğumuzu cavab olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) şöbə müdiri Qulu Xəlilov sözügedən məsələnin ƏMDK-ya aidiyyəti olmadığını deyib.

 

Əmlak eksperti Ramil Osmanlı isə bildirib ki, qanunla MTK binanın idarəetməsini özündə saxlayırsa, kommunal xərclərin dəyərinin müəyyən edilməsində də birbaşa həmin binada yaşayan vətəndaşların iştirakı təmin olunmalıdır. Yəni sahə mülkiyyətçilərinin razılığı ilə kommunal xərclər müəyyən olunmalıdır.

 

Ekspertin sözlərinə görə, hər bir mülkiyyətçi ilə ayrı-ayrılıqda müqavilə bağlanmalıdır: "Müqavilə olmadıqda, MTK-nın vətəndaş qarşısında belə bir tələb qoyması qanunsuzdur. Hətta müqavilə olduğu təqdirdə belə, mənzil-tikinti kooperativinin rəhbərliyi sahə mülkiyyətçisi qarşısında başqa bir öhdəlik icrası ilə bağlı tələb qoya bilməz. Bu, qanunvericiliyə ziddir”.

 

“Çıxarışların verilməsi üçün tələb olunan arayışa görə kommunal borcların tam ödənilməsini tələb etmək olmaz. Şirkət yalnız maliyyə arayışı verən zaman kommunal xərclərin tam ödənilməsini tələb edə bilər. Çıxarış üçün veriləcək arayışın kommunal xidmətin borcu ilə heç bir əlaqəsi yoxdur. Bir sözlə, bu tələb irəli sürülə bilməz” – deyə müsahibimiz vurğulayıb.

 

R.Osmanlı onu da qeyd edib ki, Mənzil Məcəlləsinə əsasən, vətəndaşların mənzil idarəetməsini özlərinin həll etmək hüquqları var: “Hətta onlar çıxarış almadan belə, bu hüquqa malikdirlər. Mənzil Məcəlləsinin 8-ci maddəsinə əsasən, mülkiyyətçi mənzil-tikinti kooperativinə olan borcunu tam ödəyibsə, o, artıq sahə mülkiyyətçisi hesab olunur”.

 

Ekspert bununla bağlı Prezidentin fərmanını da xatırladıb: “Prezidentin fərmanına əsasən, mənzil-tikinti kooperativi tikintini başa çatdırıb, təhvil verəndən 1 ay müddətinə idarəetmədən uzaqlaşdırmalıdır. İnzibati Xətalar Məcəlləsinə edilmiş yeni dəyişikliyə görə, 1 ay müddətinə uzaqlaşmayan MTK sahibini və şirkətin özünü 3-5 min manat məbləğində cərimə gözləyir. Əgər MTK rəhbərliyi binanı təhvil vermək istəmirsə, mənzil idarəsinin seçilməsində vətəndaşa problem yaradırsa, bu zaman cərimə oluna bilər”.

 

Osmanlı bina sakinlərinin mənzil idarəetməsini seçmək hüquqlarının olduğunu belə izah edib: “Mənzili alan şəxslər 3 idarəetmə formasından birini seçməkdə sərbəstdirlər. Onlar bilməlidirlər ki, MTK rəhbərləri ilə eyni hüquqa malikdirlər və payçı hesab olunurlar. Mənzil sahibləri MTK-nın ləğv olunmasına dair iclas çağırmaq hüququna malikdirlər. Bunun üçün sahə mülkiyyətçiləri birgə yığıncaq çağırmalı, eyni zamanda İqtisadiyyat Nazirliyinin müvafiq şöbəsinə, yerli bələdiyyə, icra hakimiyyəti orqanlarına və MTK rəhbərliyinə müraciət etməlidirlər. Həmin yığıncaqda yeni bir qurumun - mənzil idarəçiliyi ilə bağlı yeni Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılması ilə bağlı qərar qəbul edilə bilər. Bundan sonra həmin protokol Ədliyyə Nazirliyinə təqdim olunur və Ədliyyə Nazirliyi də yeni qurumu qeydiyyata alır”.

 

“Əgər bunlardan heç biri olmazsa, artıq işə bələdiyyə baxır. Qanunvericiliyə görə, vətəndaşlar mənzil idarəçiliyini seçə bilmirsə, bələdiyyə idarəetmə formasının seçilməsi ilə bağlı sahə mülkiyyətçilərinin iştirakı ilə tender elan edilir və seçim olur. Bu sahədə biliyi və təcrübəsi olan qurum idarəçiliyi ələ ala bilər”, – deyə o vurğulayıb.

 

Hüquqşünas Elyar Həsənov da bildirib ki, qanunlara görə, arayış almaq üçün tələb olunan sənədlərin içində kommunal xərclərin tam ödənilməsi barədə sənəd göstərilimir: “Bu, qanunauyğun deyil. Amma vətəndaş da kommunal xərcləri vaxtında verməlidir. Təbii ki, vaxtında verməməsi belə vəziyyətə gətirib çıxaracaq. Təsəvvür edin, kiminsə sizə borcu var, qaytarmır. Əvəzində sizdən daha bir xahiş edir. Onun xahişini reallaşdırarsınız?! MTK rəhbərliyini də başa düşmək lazımdır”.

 

“Hesab edirəm ki, qanuna əməl etməyən şəxs qanun tələb etməməlidir. Yeni tikilən binalarda insanlar binanın tam istismara verilməsini gözləmədən yaşamağa başlayırlar və qanunu pozurlar. Deməli, kommunal borcları da ödəməlidirlər”, – deyə hüquqşünas qeyd edib.

Müəllif: Təranə Xudabaxşiyeva