“Meliorasiya və Su Təsərrüfatı ASC-nin adı kölgədə qalsa da, ölkənin ən çox korrupsiyalaşmış qurumudur”
Bunu iqtisadçı-ekspert Qadir İbrahimli fermer təsərrüfatları ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, bu sahədə ən böyük problem suvarma sistemi ilə bağlıdır.
AYNA xəbər verir ki, iqtisadçı son 10 ildə bu quruma 2 milyarddan çox pul ayrıldığını bildirib:
“Dünən fermer təsərrüfatlarının sahibləri ilə söhbət etdim. Bəzi müsbət tendensiyalar var - subsidiyalar artırılıb və elektronlaşdırılıb. Ancaq problemlər hələ qalır. Ən böyük problem isə suvarma sisteminin çökməsidir. Təsəvvür edin ki, dövlət toxum verir, subsidiya verir, ancaq suvarma sisteminin çökməsi nəticəsində gözlənilən nəticə alınmır. Ümumiyyətlə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin adı kölgədə qalsa da, ölkənin ən çox korrupsiyalaşmış qurumudur. Son 10 ildə bu quruma investisiya proqramı çərçivəsində 2 milyarddan çox pul ayrılıb. Bu pula nəinki Azərbaycanın, cəmi Qafqazın suvarma sistemini modermləşdirmək olardı, ancaq pulların böyük əsəriyyəti mənimsənilib”
Q.İbrahimli hökumətin qurumun yenidən təşkili ilə bağlı qərar qəbul etməli olduğunu bildirib.
“2010-cu ildə baş vermiş və minlərlə ailəyə ziyan vurmuş Kür daşqınları da məhz ASC-nin fəaliyyətsizliyi nəticəsində ortaya çıxmışdı. Söhbət Kürün deltasının vaxtında təmizlənməməsindən gedir. Halbuki bu məqsədlə böyük pulllar ayrılmışdı. Hökumət ASC-nin yenidən təşkili ilə bağlı qərarlar qəbul etməli, Hesablama Palatası isə qurumda təcili yoxlamaya başlamalıdır”, - deyə ekspert qeyd edib.