Demoqrafik düyün sıxılır, maliyyə “iynələri” nəticə vermir və qaçış sistemli olacaq

Dünya

25.07.2021 - 18:15

“Daha savadlı, bacarıqlı olanlar Qərbə, digərləri Rusiya, Ukrayna və Belarusa üz tutacaqlar”

 

Koronavirus pandemiyası və Qarabağdakı müharibə ermənilərin kütləvi şəkildə repatriasiyasının qarşısını aldı. Bunu Ermənistanın diaspor işləri üzrə baş komissarı Zare Sinanyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında dedi.

 

“2018-ci ildən sonra bir çox soydaşımız Ermənistanda daşınmaz əmlak aldı, bəziləri vətənlərinə döndülər. Göstərilən amillər müsbət tendensiyanın davam etməsinə mane oldu”, - deyə o bildirdi.

 

Qeyri-rəsmi məlumatlara görə, 1991-ci ildən 2018-ci ilə qədər 50 minə yaxın erməni Ermənistana qayıdıb. “Məxməri inqilab”dan sonra bəzi aktivliklər müşahidə olunub və səlahiyyətlilər “vətənə qayıtma bumu”ndan danışmağa başlayıblar, soydaşlarını “tarixi vətənlərinə” yerləşməyə, burada əmlak əldə etməyə çağırıblar.

 

Ermənistan Dövlət Statistika Xidmətinin məlumatına görə, 2018-ci ildə ölkəyə 15 mindən çox insan köçüb. Bu rəqəmin son on ildə ən yüksək göstərici olduğu ortaya çıxdı. “2018-ci ildən sonra neçə nəfər erməni vətəninə qayıtdı” suala cavab olaraq Sinanyan onlarda dəqiq rəqəmlərin olmadığını qeyd etdi.

 

Bəzi erməni ekspertlər, keçən payızda Qarabağda baş verən müharibə və ümumi pandemiya nəzərə alınaraq, təqribən 150 min nəfər insan Ermənistanı tərk edə biləcəyini deyirlər. Mütəxəssislərin fikrincə, vəziyyətin qarşısını koronavirus artımı və bu baxımdan qüvvədə olan müxtəlif ölkələrdə giriş məhdudiyyətləri müəyyən dərəcədə alır.

 

“Newsarmenia.am” nəşri bəzi analitiklərə istinadən yazır ki, son altı ayda təxminən 138 min nəfər erməni Ermənistanı tərk edib ki, bunlardan da 80 min nəfəri birdəfəlik gedib. Və bu statistikaya görə, “repatriasiya əməliyyatı”nın tamamilə uğursuzluğa düçar olduğunu söyləmək olar.

 

Özünüz baxın: 1991-ci ildən 2018-ci ilə qədər təxminən 50 min erməni Ermənistana geri döndü və yalnız son altı ayda Ermənistanın 80 min sakini onu birdəfəlik tərk etdi. O zaman Komissar Sinanyan nədən danışır? Proses respublikanın onsuz da az olan əhalisinin sürətlə azalmasına doğru gedir. Belə bir fonda repatriasiya barədə danışmaq məqsədəuyğundurmu?

 

Onsuz da (sülh dövründə də) ölkədən problemlərdən qaçmaq ümidi ilə gedənlər çox idi. Azərbaycanla müharibədəki sarsıdıcı məğlubiyyətdən sonra Ermənistanın kiminsə üçün arzuolunan bir məkana çevriləcəyinə ümid etmək üçün bir səbəb varmı?

 

AYNA-nın suallarını tanınmış mütəxəssislər cavablandırıblar.

 

Qərbi Kaspi Universitetinin professor, politoloq, keçmiş diplomat Fikrət Sadıxov:

 

“Sinanyan tərəfindən manipulyasiya olunan rəqəmlər təmiz cəfəngiyyatdır. Xatırladaq ki, Ermənistan Dövlət Statistika Xidməti 2-3 il əvvəl, hər il təxminən 10 min vətəndaşın Ermənistanı tərk etdiyini bildirən məlumatlar dərc etmişdi. Koronavirus və müharibənin sakinlərin bu respublikadan qaçmalarında əlavə rol oynaması mümkündür, lakin Ermənistan əhalisinin əhəmiyyətli dərəcədə azalması bu dövlətin bir çox məmuru tərəfindən belə, inkar edilmir.

 

Sinanyan sözün əsl mənasında, miqrantların, repatrantların sayı ilə öyünür, lakin bütün bunlar ölkədəki bu məsələ ilə bağlı real vəziyyətdən çox uzaqdır. Nəticədə Sinanyan özü bu mövzuda dəqiq rəqəmlərə sahib olmadığını etiraf edir.

 

İndi düşünürəm ki, İrəvandakı siyasətçilərin inadkarlığı, Azərbaycanla sülh sazişi imzalamaq və sərhədləri müəyyənləşdirmək istəməməsi nəzərə alınaraq, getmək istəyən Ermənistan vətəndaşlarının sayı xeyli artacaq və qaçış sistemli və ardıcıl olacaq”.

 

Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov:

 

“Bu sualları erməni demoqraflarının və iqtisadçılarının özləri cavablandırsalar, daha yaxşı olardı. Onların hesablamalarına görə, 30 illik müstəqillik dövründə 1,5-1,6 milyon insan Ermənistanı birdəfəlik tərk edib. Ermənistanda ikili vətəndaşlığa icazə verildiyi üçün bir çoxları vətənlərini əbədi tərk etsələr də, Ermənistan vətəndaşlığından çıxmayıblar. Belələrinin sayl  təxminən 700-800 min nəfərdir. Yəni, Ermənistan əhalisinin faktiki sayı 2,0-2,2 milyon arasında dəyişir.

 

Erməni analitik və yazıçılarının tüğyan edən mühacirətə ən duyğulu reaksiyası ermənilərin xaricə köçməsi, ölkənin boşalmasının etirafıdır. Rusiya Prezidenti Vladimir Putinin yarızarafat, yarıciddi şəkildə Serj Sarqsyana Rusiyada Ermənistandan daha çox erməninin olduğunu söyləməsi təsadüfi deyildi.

 

İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra aparılan sorğular daha yarım milyon erməninin çamodanlar üzərində oturduğunu və pandemiya vəziyyəti yaxşılaşan və karantin məhdudiyyətləri götürülən kimi ölkəni hər tərəfə tərk edəcəyini göstərir. Daha savadlı, gənc, rəqabətli təhsil və bacarıqlara sahib olanlar ABŞ, Kanada, Avstraliya, Avropaya, digərləri Rusiya, Ukrayna, Belarusa gedəcəklər.

 

Avropa Birliyinin vəd etdiyi maliyyə “iynələri” ermənilərin ölkədən çıxma müddətini bir qədər ləngidə bilər, ancaq dayandırmayacaq və geri qaytarmayacaq. Bundan əlavə, Ermənistan əhalisi sürətlə qocalır. Gənclər ölkədən çıxır, yaşlılar qalırlar. Bu, doğum nisbətinin kəskin azalmasına və ölüm nisbətinin artmasına səbəb olur.

 

Ermənistanın ölümcül demoqrafik dalandan necə çıxacağı bəlli deyil. Ancaq şübhəsiz ki, bu ölkənin hökuməti ərazi ekspansiyaları kimi çılğın fikirlərin əvəzinə, diqqət və səylərini mövcud etnik ərazidə erməni etnosunu xilas etmək üçün cəmləşdirməlidir”.

Müəllif: Rauf Orucov