Delimitasiya bəhanəsi: Paşinyanı devirmək istəyi və mümkün ssenari

Dünya

30.04.2024 - 18:05

Elşən Mustafayev: “Proseslər başqa məcraya yönələ, xarici qüvvələrin köməyi ilə, silahlı terrorla ölkədə xaos dərinləşə, Paşinyan devrilə bilər”

Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiya prosesinə qarşı etiraz aksiyaları keçirilir. İşğalda olan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması və demarkasiya işlərinin başlamasından sonra sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndinin sakinləri etiraza qalxıblar. Kənd sakinləri mütəmadi olaraq magistral yolları bağlayır, hökumətdən demarkasiya işlərinind ayandırılmasını tələb edirlər.

Sakinlərin etiraz aksiyalarına erməni müxalifəti dəstək verir, qızışdırıcı mövqe sərgiləyirlər. Məlumatlara görə, etiraz edənlərin əksəriyyəti Kirant kəndinin sakinləri yox, kənardan gələn qızışdırıcı şəxslərdir. Onlar Azərbaycana kəndlərin qaytarılması prosesinin, delimitasiya-və demarkasiyanın referendum yolu ilə həyata keçirilməli olduğunu iddia edir və Ermənistan hakimiyyətindən referendum keçirilməsini tələb edirlər.

Ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan Kirants sakinləri ilə görüşüb, müzakirələr aparıb. Məlumatlara görə, etirazçılar Baş nazirin vədləri ilə razılaşmayıblar.

Ermənistanda baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandıran siyasi icmalçı Elşən Mustafayev deyib ki, delimitasiya və demarkasiya ilə bağlı referendum keçirilməsi ümumiyyətlə, absurd ideyadır:

- Delimitasiya sərhədlərin müəyyənləşdirilməsi anlayışıdır. Burada söhbət  hansısa ölkəyə ərazi verilməsindən getmir. Sərhədlərin müəyyənləşməsi qəbul olunmuş xəritələr əsasında aparılır. Delimitasiya və demarkasiya iki dövlətin hər hansı birinin digərinə gələcəkdə ərazi iddia etməməsi üçün atılan addımdır. Ermənistan hakimiyyətinin bu məsələni referenduma çıxarmaması doğru qərardır.

- Hər halda erməni müxalifəti bunu bilir, amma referendum tələb edirsə, bunun kökündə başqa səbəblər var...

- Əlbəttə, səbəb başqadır. Əslində bu etirazlar delimitasiya və demarkasiyaya qarşı yox, Paşinyan hakimiyyətinə qarşıdır. Ermənistan müxalifəti istənilən yola əl atır ki, Paşinyanı devirsin, hakimiyyətə gəlsin. Söhbət əsasən Rusiyaya bağlı siyasi qüvvələrdən və “Qarabağ klanı” deyilən müxaliflərdən gedir. Bu qüvvələrin dərdi əslində ərazilər deyil, hakimiyyətdir. Bu yöndə də xalqdan istifadəyə cəhd göstərilir, sərhəddəki erməni sakinləri qızışdırırlar. Müxalifət delimitasiyanı elə təhlükəli məsələ, proses kimi təbliğ edir ki, insanlarda xof yaranır. Amma erməni cəmiyyətinin böyük əksəriyyəti Azərbaycanla sərhədlərin müəyyənləşməsinin qaçınılmaz proses olduğunu başa düşür, bunun doğru proses olduğunu qəbul edir və müxaliflərə qoşulmur, etirazlara dəstək vermir. Ermənistan cəmiyyətinin mütləq əksəriyyəti bilir ki, gələcəkdə müharibə olmaması üçün sərhədlər müəyyənləşməlidir. Eskalasiyanın olmamasının əsas şərtlərindən biri sərhədlərlə bağlı anlaşılmaz hal qalmamalıdır. Yenə deyirəm, əksəriyyət sülhün tərəfdarıdır, məsələnin birdəfəlik bitməsini istəyir. Amma erməni cəmiyyətində xəstə, çürük, xülya olan “Böyük Ermənistan” ideyası ilə yaşayan kəsim var ki, onlar hakimiyyət hərisli müxaliflərin alətinə çevrilir. Yolların bağlanması, hökumət binası qarşısında aksiyalarla müxalifət ölkədə xaosun yaradılmasına cəhd göstərir.

- Paşinyan Kirantsın narazı sakinləri ilə görüşüb, iki saat söhbət aparılıb. Sizcə, bu danışıqlardan sonra etirazlar səngiyə bilərmi?

- Müstəqil mənbələrin məlumatına görə, Paşinyanla görüşə hakimiyyətə müxalif şəxslər buraxılmayıblar. Onların görüşə buraxılmaması doğru qərardır, çünki onlar müxalif fikirlərini müstəqil şəkildə yox, təlimatlar əsasında səsləndirirlər. Amma həqiqətən də delimitasiyadan narahat olan, xoflanan kənd sakinləri görüşdə iştirak ediblər və bildiyim qədər onlara delimitasiyanın nə olduğu, narahatlıqlarına əsas olmadığı izah edilib.

Məsələnin başqa bir tərəfi də ondan ibarətdir ki, həmin ərazilər Azərbaycan ərazisi olsa da, onlar işğal müddətində - son 30 ildə orada yerləşdiriliblər, təsərrüfat qurublar, tikinti aparıblar. Narazıların əksəriyyəti qanunsuz da olsa, qurduqları təsərrüfatın taleyindən narahatdırlar. Hökumətdən də bunun hesabını soruşurlar. Təbii ki, Paşinyan onların köçürülməsi, qurduqları təsərrüfatın kompensasiyası sözünü verib. İnsanlar da heç nə itirməyəcəklərini anlayandan sonra məcburiyyətlə olsa da, hökumətlə razılaşacaqlar. Çünki paşinyan bu prosesin alternativini də kənd sakinlərinə başa salıb. Sakinlərə bildirilib ki, əgər onlar Azərbaycan ərazilərindən könüllü çıxmasa, o zaman kəndlər hərbi yolla alınacaq. Hansı ki, buna Azərbaycanın hüquqi əsası var. Sakinlərə anladılıb ki, ziyan görən onlar olacaq, onları qızışdıran müxaliflər yox. Müxalifət dediyim kimi, baş qaldıran etirazlardan yararlanmaq, etirazları böyütmək və Paşinyanı devirmək niyyətindədir.

- Bu niyyətə çata bilərlərmi?

- İnanmıram ki, müxaliflər Paşinyan hakimiyyətini devirə bilsinlər. Çünki indiki erməni müxalifəti əvvəl hakimiyyətdə olublar və ermənilər onları istəmirlər. Ermənistan indiki müxaliflərin hakimiyyətindən bezdilər, onlara nifrətləri artdı və 2018-ci ildə onları hakimiyyətdən qovdular. 44 günlük müharibədən sonra Ermənistanda keçirilən seçkilərdə məğlum Paşinyan hakimiyyətini 70 faizdən çox seçicinin dəstəkləməsi də onu göstərdi ki, ermənilər müxalifəti dəstəkləmir. İndiki etiraz aksiyaları da Paşinyanı hakimiyyətdən sala biləcək miqyasda deyil. Amma onu da unutmaq olmaz ki, siyasətdə hər şey ola bilir. Proseslər başqa məcraya yönələ, xarici qüvvələrin köməyi ilə, silahlı terrorla ölkədə xaos dərinləşə, Paşinyan devrilə bilər. Yəni bu da mümkün ssenaridir. Amma az ehtimal olunan ssenariyə daxildir.

- Ermənistanda baş verən etirazlar delimitasiya və demarkasiya prosesinə hansı təsiri göstərə bilər?

- Əlbəttə, təsir göstərə bilər. Amma bu, Azərbaycanın yox, Ermənistanın özünün ziyanına olacaq. Rusiyaya bağlı erməni müxalifəti erməni cəmiyyətinə demək istəyir ki, hakimiyyətə gəlsələr bu prosesi dayandıracaqlar. Amma ermənilər anlamalıdırlar ki, Ermənistanda kim hakimiyyətə gəlsə də, bu prosesi dayandıra bilməyəcək. Ən yaxşı halda, bir müddət proses dayana bilər. Bu isə Ermənistanın dövlətçiliyi üçün zərərlidir. Azərbaycan bir qarış da ərazisini işğalda qoymayacaq.

Müəllif: Anar Bayramoğlu