Si Cinpin: “Mövcud geosiyasi vəziyyət acınacaqlıdır”
“Dünyada “Soyuq müharibə” zehniyyəti davam edir. Mövcud geosiyasi vəziyyət acınacaqlıdır”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Çin lideri Si Cinpin deyib.
"Biz siyasi əməkdaşlığı, təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməli, sülh və əmin-amanlığı qorumalıyıq", - Çin rəhbəri vurğulayıb.
Si Cinpin həmçinin BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) əsas beynəlxalq və regional məsələlərdə bir-birini dəstəkləməsinin, “kəskin problemlərin həllində fəal vasitəçilik etməsinin” zəruriliyini bəyan edib.
Onun fikrincə, BRİKS-ə daxil olan ölkələrin xarici işlər nazirliklərinin rəhbərlərinin görüş mexanizmlərindən istifadə etmək və təhlükəsizlik məsələlərinə toxunan yüksək səviyyəli görüşlər keçirmək lazımdır.
Qeyd edək ki, bundan əvvəl Çin lideri BRİKS-i bütün dünyada deeskalasiyası təşviq etməyə çağırıb. O, həmçinin qeyd edib ki, BRİKS üzvü olan ölkələr ümumi maraqlara toxunan problemlərin həllində bir-birlərinə daha fəal kömək etməlidirlər.