ABŞ-ın Avropada gizlətdiyi nüvə silahlarının yeri açıqlanıb

Dünya

17.07.2019 - 11:19

Ən az 150 nüvə silahının Avropada saxlanıldığı məlum olub

 

ABŞ-ın Avropadakı nüvə silahlarının saxlanıldığı yerlər təsadüf nəticəsində NATO-nun hesabatında yer alıb. Dərhal efirdən yığışdırılan hesabatın yeni variantında isə silahların yerləşdiyi yerləri göstərən məlumatlar çıxarılıb. 

 

Qısa müddət yayımlanan və ardınca da silinən NATO hesabatında ABŞ-ın Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyədəki nüvə silahlarının yeri açıqlanıb.


Hesabatda qeyd olunan məlumata əsasən, ən az 150 nüvə silahının Avropada saxlanıldığı məlum olub.

 
Belçikanın "De Morgen" qəzetinin yazdığına görə, həmin 150 nüvə silahı Belçikadakı "Kleine Brogel",  Türkiyədəki "İncirlik", Almaniyadakı "Büchel", İtaliyadakı "Aviano" və "Ghedi-Torre" və Hollandiyadakı "Volkel" hərbi bazalarında yerləşdirilib.

 

Xəbərdə, həmçinin Türkiyədəki çevriliş cəhdinə və Suriyadakı qeyri-sabit vəziyyətə görə nüvə silahların "İncirlik"də saxlanmasının doğru olmadığı da qeyd olunub.

 

NATO isə ABŞ-ın Avropadakı nüvə silahlarının yerləri haqqında rəsmi açıqlama verməyib. Adının açıqlanmaması şərtilə "Vaşinqton Post" qəzetinə danışan bir NATO rəsmisi, "NATO-nun nüvə silahlarına dair davranışının detalları ilə bağlı şərh vermirik" - deyə bildirib. 

Müəllif: Ayna.az