“Cəmiyyətimizdə ciddi və təhlükəli “xəstəlik” baş qaldırıb”

Cəmiyyət

08.06.2022 - 10:17

Rauf Mirqədirov: “Onların vətənpərvərlikləri də, siyasi baxışları da saxtadır”

Avropada yaşayan tanınmış azərbaycanlı politoloq, analitik jurnalist Rauf Mirqədirov sosial şəbəkələrin Azərbaycan seqmentində aparılan ictimai-siyasi müzakirələrdən narazıdır. Onun AYNA-ya dediyinə görə, cəmiyyətimizdə savadsız polemikalar aparılır ki, bu da ziyanlı olmaqla yanaşı, mənəvi deqradasiyanı artıran haldır:

- Bu gün Azərbaycanda Türkiyə Prezidentinə sosial şəbəkələrdə "rəis" deyə xitab edirlər. Türkiyədə Ərdoğana rəis deyilməsi başadüşüləndir. Çünki Türkiyədə siyasi anlamda "Cümhuriyyət rəisi" ifadəsi var. Azərbaycanda insanların Türkiyə Prezidentinə "rəisim" demələrini anlamıram. Birincisi, Azərbaycanın öz rəisi var. İkincisi, biz niyə kənarda hər zaman "rəis" axtarışında olmalıyıq ki?!

- Bəlkə, Türkiyə qardaş ölkəmiz olduğuna görədir?

- "Rəisim" demək də hər zaman "böyük qardaş" axtarışımızın nəticəsidir. Cəmiyyətimizdə siyasətə dərindən baxış yoxdur. Bu gün Azərbaycan insanlarının əksəriyyəti Ərdoğanın bütün siyasətini kor-koranə şəkildə dəstəkləməkdədir. Ukrayna müharibəsində cəmiyyətdə başqa bir "xəstəlik" də üzə çıxdı...

- Nəyi nəzərdə tutursunuz?

- Nəzərdə tutduğum çox ciddi xəstəlikdir. İnsanlarımız proseslərlə bağlı təzadlı fikirlər səsləndirirlər. İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə Rusiyanın Azərbaycan əleyhinə siyasəti, Rusiya qoşunlarının Qarabağda yerləşdirilməsinə müqavimət göstərməyin mümkünsüzlüyü haqqında fikirlər səsləndirirdilər. "Nə edək, Rusiya ilə müharibə edək?", "Bilirsiniz, Rusiya nələrə qadirdir?" kimi fikirlər bildirirdilər. Bir tərəfdən haqlı idilər. Çünki doğrudan da Azərbaycan Rusiya ilə müharibə edəcək deyildi. Amma indi həmin adamlar yazırlar ki, Ukrayna sonadək getməlidir. Bu, təzadlı yanaşmanın, cəmiyyətin siyasi savadının aşağı olmasından irəli gəlir. "Böyük qardaş" axtarışı da bu "xəstəlik"lə bağlıdır. 

Daha bir təhlükəli məqam isə Azərbaycandakı ruspərəstlərin tamamilə susmalarıdır. Onlar hazırda ağızlarına su alıblar. Onlar indi də Rusiyanın siyasətinin doğru olduğunu deyirlərmi?

- Mən görməmişəm belə açıqlamalarını... 

- Bu adamlar, az qala, Putinin tərəfdaşlarıdır. Onlar - Kremlin Azərbaycandakı ideoloji təbliğatçıları, Avrasiya İttifaqı ideyası haqqında çox danışan insanlar indi susublar. Deyirdilər ki, "bizim gələcəyimiz Rusiya ilə bağlıdır" və s. İndi səsləri eşidilmir. Bunu deyənlərin bəziləri isə indi "gələcəyimiz Türkiyə ilə bağlıdır, hər zaman Türkiyə ilə bağlı olub" deyirlər. Demək istədiyim odur ki, təzadlıdırlar. Ukrayna müharibədə məğlub olarsa, o adamların səsi necə yüksəkdən eşidiləcək - bunu təsəvvür etmək elə də çətin deyil.

Bu, çox ciddi xəstəlikdir. İntellektual toplumun mənəvi cəhətdən deqradasiyaya uğraması, "xəstələnməsi" yaxşı nəsə vəd etmir. Onların vətənpərvərliyi də, siyasi baxışları da saxtadır. Əgər doğrudan da, o fikirdəsənsə ki, gələcək Rusiyadan asılıdır, o zaman indi də bu mövqeyi müdafiə etməlisən. Əks təqdirdə, bu, riyakarlıqdır axı. 

Narahatedici məqamlardan biri də Xalq Cümhuriyyəti ilə bağlı cəmiyyətdə müzakirəyə çıxarılan məsələdir. Sosial şəbəkələrdə görürəm ki, yazırlar: "Hə da, Cümhuriyyət qurucuları İrəvanı ermənilərə bağışladı". O dövrdə İrəvan xanlığı İranın bir vassalı olub, müstəqil olmayıb. Azərbaycan Çar Rusiyası tərəfindən işğal edilən zaman bizim mərkəzləşdirilmiş dövlətimiz olmayıb. Yəni ki, bu və ya digər formada İran vassallığında olan xanlıqlar mövcud olub. Onlardan biri də İrəvan xanlığı olub ki, Rusiya imperiyası bu əraziləri işğal edib. Hamı unudur ki, işğaldan sonra Rusiya əyalətlərdə demoqrafik vəziyyəti dəyişdirməkdə idi. Və hamı onu da unudur ki, 1918-ci ildə hansı vəziyyət yaranmışdı. Sosial şəbəkələrdə müzakirə aparan adamlar 1918-ci ildən əvvəlki vəziyyət haqqında niyə danışmırlar? Bilmirlərsə, o zaman müzakirə açmasınlar. Bilirlərsə, lap pis, demək ki, qərəzlidirlər...

- Demək istəyirsiniz ki, Xalq Cümhuriyyəti qurulmamışdan qabaq vəziyyət lehimizə deyildi...?

- Nəinki lehimizə deyildi, ümumiyyətlə, mərkəzləşmiş dövlət yox idi axı. Hamı bilir ki, Türkiyə Birinci Dünya müharibəsində məğlub olmuşdu. İkincisi, ANTANTA dövlətləri, o cümlədən də Rusiya erməni hərbi birləşmələri yaratmışdı. Ermənistan 1918-ci ildə müstəqillik qazanarkən demək olar ki, nizami ordusu var idi. Azərbaycanın isə ordusu yox idi. Yalnız Bakı qırğınları dövründə hərbi birləşmələr yaradılmağa başlanıldı. Onu da təkbaşına yaratmadıq, Qafqaz İslam Ordusunun köməyi ilə yaradıldı. Həmin vaxt faktiki olaraq İrəvan erməni hərbi birləşmələrinin nəzarəti altındaydı.

İndi sual olunur: əlimizdə olmayan şəhəri necə ermənilərə hədiyyə edə bilərik?! Bu, tarixdir. O cür ağır şəraitdə diplomatik vasitələrdən istifadə edərək Cümhuriyyət qurucuları əslində ağılagəlməz dərəcədə böyük uğurlar qazandılar, Zəngəzuru saxlaya bildilər. Zəngəzurun saxlanılması birbaşa Türkiyəyə çıxış demək idi. Zəngəzuru isə Azərbaycandan qoparıb ermənilərə verən kommunistlər oldular. İndi həmin kommunistlərin nəvələri Cümhuriyyət qurucularını qınayırlar. Tarixi qaralamaq olmaz. 

- İrəvan məsələsində Osmanlı da ittiham olunur...

- Həmin dövrdə Osmanlı elə vəziyyətdə idi ki, bu dövləti ittiham etmək gülüncdür. Ona qalsa, Atatürkü də ittiham edək ki, Rusiya ilə saziş imzalayaraq Azərbaycanı qurban verdi. Şəxsən mən heç vaxt buna görə Atatürkü ittiham edə bilmərəm. Həmin tarixi şəraitdə iki pisdən nisbətən yaxşı olan seçilir. Atatürk hesab etdi ki, Rusiya ilə imzalanan sazişlə Türkiyəni qoruyub-saxlamaq olar. Hesab edirəm ki, Atatürkün seçimi Türkiyə üçün məntiqli, Azərbaycan üçün ağrılı idi. Amma buna görə Mustafa Kamalı ittiham etmək nə dərəcədə doğrudur? Demək istədiyim odur ki, bilib-bilmədən ziyanlı polemikalar aparmaq düzgün deyil. Bu gün Bakıda Nəriman Nərimanovun heykəli qalırmı?

- Bəli, yerindədir.

- Amma Cümhuriyyət qurucularının Bakının mərkəzində heykəlləri yoxdur. Məhəmməd Əmin Rəsulzadənin ucqar kənddə bir heykəli var, bayramda insanlar oranı ziyarət edirlər. Niyə? Xalq Cümhuriyyəti ilə bağlı balaca bir kompleks var ki, İstiqlaliyyət küçəsində iki binanın arasında, görünməyən yerdədir. Hesab edirəm ki, Xalq Cümhuriyyəti ilə bağlı memorial kompleks hazırlanmalı, Sahil bağında ucaldılmalıdır və bizim üçün bir məbəd olmalıdır. Çünki orada Azərbaycana xəyanət etmiş insanların vaxtilə kompleksi yerləşirdi. Biz keçmişimizə münasibətimizi nümayiş etdirməliyik. Hazırda keçmişə münasibətimizin ən böyük qüsuru Cümhuriyyətlə bağlı hansısa abidəsinin olmamasıdır. Bu adamlar dövlət yaradıblar, özü də hansı çətin şəraitdə - bu, hər kəsə bəllidir. Yaxud da Şah İsmayıl Xətainin heykəlini görkəmli yerdən götürdülər, görünməyən yerə qoydular. Keçmişimizə münasibət belə olmamalıdır. Deməyim odur ki, mənəvi cəhətdən qüsurluyuq. Bu qüsuru aradan qaldırmaq lazımdır. Bilirəm, həmin adamların bu sözlər xoşuna gəlməyəcək, razılaşmayacaqlar. Amma mən mənzərəni dedim.

Müəllif: Anar Bayramoğlu